İkinci fəsil
Page 10 of 10 · 90%
– O zamanlarla indinin fərqi çoxdur, usta. İndi gənclik Bakını sevir. İndi Bakı onlar üçün işıq və bilik mənbəyi olmuşdur. Hamısı buraya ideal kimi baxır. Elə deyilmi?
– Elədir. – Qoca köksünü ötürdü. İsmayılzadə də bunun mənasını dərhal başa düşdü. – O zaman biz katorqadan qaçırdıq. Bakının mədənlərində cəhənnəm əzabı çəkirdik. İndi işləməyə nə var ki?
Aralığa ağır bir sükut çökdü. Qüdrət birdən ustanın qoca arvadını xatırladı. Qüdrətin ailəsilə Ramazanınkı arasında qədim bir dostluq vardı. Qüdrət:
– Məndən Nisa xalaya salam söylə, usta! – dedi. – Onu çoxdan görməmişəm. Gərək bu günlərdə gedib düşbərəsinə qonaq olam.
– O da gözüm üstə! – deyə Ramazan Qüdrətə və müxbirə əl verib, yaşına görə çox gümrah və cəld addımlarla kabinetdən çıxdı.
Müxbir də ayağa qalxdı:
– Qiyamət qocadır! – dedi, – mən belə sadə insanların hər bir sözündə dərin bir məna görürəm. Sabah mütləq onun buruğuna gedəcəyəm.
O çıxandan sonra, kabinetində tək qalan Qüdrət evinə zəng etdi. Cavab almadıqda fikirli-fikirli ayağa qalxdı, otaqda gəzinməyə başladı. Son günlər içərisində arvad-uşağını büsbütün unutduğu üçün özünü danladı, yığışıb evə getmək qərarına gəldi və stolun siyirməsini bağladı. yenə katibəsini çağırdı.
– Get, istirahət elə, evi də bir dəfəlik yaddan çıxarmaq olmaz.
Katibə də narazılığını gizlədə bilmədi.
– Özünüz neçə gündən bəridir bir dəfə də evdə olmamısınız. Lalə bacı axşamdan bəri zəng eləməkdən yorulub.
– Mən də gedirəm. – İsmayılzadə qəti addımlarla qapıya yönəldi. Ancaq bu anda daxili telefonun zəngi səsləndi. O, geriyə dönməyə məcbur oldu və cəld dəstəyi götürdü:
– Mənəm. Necə? Avariya? Hansı buruqda?
Katibə təəssüflə başını bulayıb çıxdı.
– Gəlirəm, bu saat gəlirəm!
Qüdrət dəstəyi az qala yerinə çırpıb, yüyürək addımlarla kabineti tərk etdi. Ev-eşik yenə yadından çıxdı. Maşında uzanıb yatmış şoferini oyatdı, ucadan səsləndi:
– Yüz əlli dörd!..
Maşın sürətlə dəniz sahilinə doğru şütüdü. On dəqiqədən sonra qayığa minib, sahildən iki kilometr uzaqdakı yüz əlli dörd nömrəli dəniz buruğuna çatdı. Qayıqdan düşüb avariya olduğu yerə yanaşdıqda, fəhlələrin qan-tər içində palçıq fantanı ilə vuruşduqlarını gördü.
Belə hallarda tez və qəti tərpənən Qüdrət, fantanın səbəblərini dərhal aydınlaşdırıb, quyunun ağzına altı düyməli bir qapaq vurmalarını əmr etdi. Bunu demək nə qədər asandırsa da yerinə yetirmək bir o qədər təhlükəli və çətindi. Quyudan çıxan daş qırıntıları güllə kimi iti gəlir və qabağına keçən hər şeyi əzişdirirdi. İsmayılzadə gənc fəhlələrin qorxub geri çəkildiklərini görəndə, onları cəsarətləndirmək üçün özü irəli atıldı.
– Qorxmayın, uşaqlar, – dedi, – ay ay, ay! Nədən qorxursunuz? Dalımca gəlin!
Cavanlar İsmayılzadənin çox yumşaq bir səslə dediyi bu sözlərdən ürəklənib quyunun lap yanındakı qapağa tərəf gəldilər. Bu anda daha da bərk uğuldayan quyudan palçıqla qarışıq daşlar fəvvarə vurdu. Cavanlar yenə qorxub geriyə sıçradılar. Ancaq İsmayılzadənin qaçmadığını görüb yenə də ona yanaşdılar.
Nəhayət bütün fəhlələr köməkləşib, qapağı quyunun ağzına basa bildilər.
Neft sahəsində çoxdan təkdir olunmuş bu hadisədən pərtləşən uzunboylu, arıqsifətli, açıq mavi gözlərilə sakit-sakit baxan qoca buruq ustası Qüdrəti görüb daha da məyus olmuşdu.
– Bu nədir, Timofey Sidoroviç? – deyə İsmayılzadə qocaya sərt və məzəmmət dolu nəzərlə baxdı. Timofyey Sidoroviç gözlərini yerə dikib cavab verdi:
– Günah məndə oldu...
– İnanmıram! – İsmayılzadə müxtəlif vəziyyətlərdə, ayaq üstündə durmuş yorğun fəhlələrə üz tutdu: – Timofey Sidoroviç deyir ki, müqəssir odur. Ancaq mən buna inanmıram. Onun belə səhvlər buraxdığını eşitməmişəm, mən onu çoxdan tanıyıram.
Usta, sinəsinə enmiş başını elə bil yuxarı qaldırmaq istəməyib yerə baxır, onun məhz nə cavab verəcəyini sükut içində gözləyən fəhlələr isə əsil müqəssiri açıb söyləyəcəyini güman edərək həyəcanlı bir intizarla onun dodaqlarına baxırdılar. Amma deyəsən Timofey Sidoroviç bir kəlmə də danışmaq istəmirdi. Bu halda cavanlardan biri irəli çıxdı:
– Yoldaş İsmayılzadə, – dedi – təqsir məndədir... Fikrim özümdə deyildi. Vaxtında ustaya xəbər vermədim.
Timofey Sidoroviç şagirdinə acıqlandı:
– Səndən soruşmurlar! – dedi və fikirli-fikirli quyudan aralanıb uzaqlaşdı.
İsmayılzadə isə daha heç kəsə bir söz deməyib qayığa mindi və usta Ramazanın buruğuna yola düşdü. Onu usta özü qarşıladı.
– Bu zaman nə əcəb səndən? Niyə gedib dincəlmirsən?
Ramazana cavab vermək əvəzinə irəliləyib rotora yanaşan Qüdrət, Vasilyevi və o biri fəhlələri salamladı. Sonra qəsdən, hamı eşitsin deyə gileyləndi.
– Bu təzə uşaqlar bütün işlərimizi korlayırlar. Bilmirəm bunların fikri haradadır?
Tahir bu sözlərin təkcə özünə aid olduğunu düşünüb, altdan-altdan, incik bir tərzdə İsmayılzadəyə baxdı:
– Onların günahı nədir? – dedi.
– Harada avariya olsa bilin ki, onların diqqətsizliyindəndir. Hamısının fikri-zikri kənddədir, anasının yanında. Yüz əlli dördüncü buruq niyə korlandı? Çünki şagirdin xəyalı ala dağdadır.
Tahir yenə özünü saxlaya bilmədi.
– Qurunun oduna yaşı nə üçün yandırırlar?
Qüdrət sözlərinin bu cür xeyirli təsirindən razı qaldı:
– Usta, hələ boruları gətirməyiblər, eləmi? – deyə Ramazana üz tutdu.
Usta saatını çıxardıb baxdı:
– On dəqiqə vaxta qalıb, yəni Bədirlidə elə qeyrət?
– Əgər gətirməsə, öz bəxtindən küssün. – İsmayılzadə yenə Tahirə tərəf döndü. – Hə, anan tez-tez yadına düşür?
Tahir bu dəfə başını aşağı saldı: “Səhərdən bəri bunu demək istəyirdin? Ay nə bilim avariya belə gəldi, təzə uşaqlar elə getdi. Bir yolluq sözünü de, qurtarsın getsin”. O bunu könlündən keçirib, yenə bir söz demək istədisə də, – Qüdrətin hörmətini gözləyib dinmədi.
– Niyə cavab vermirsən?
– Axı nə deyim? Kənd də yadıma düşür, anam da... Olmaz bəyəm?
– Əksinə! Qeyrətli oğul gərək həm anasının qeydinə qalsın, həm də onun üzünü qara eləməsin. – Qüdrət Tahirin qolundan yapışdı. – Düz deyirəm, yox?
Tahir onun səsinin ahəngindən zarafat etmədiyini anlayıb, başını dik qaldırdı və düz Qüdrətin gözlərinin içinə baxdı.
– Bəli, lap düz!
Usta Ramazan Qüdrətlə Tahirin söhbətini qəribə bir ürək çırpıntısı ilə dinləyirdi. Onların arasındakı mübahisə sülh ilə qurtaranda, o, fərəhlə nəfəsini dərdi və öz tərəfindən əlavə etdi:
– Tahir elə oğlan deyil, yoldaş Qüdrət, anasının üzünü qara eləməz...
Bu anda buruğun işıqları titrədi. Hamı dönüb bir səmtə baxdı. Yekə bir qayıq buruğa yan almışdı. İsmayılzadənin sifətində yenə öz adi təbəssümü parıldadı. Bədirli qazıma borularını gətirəndə düz saat ikinin yarısı idi...
O, qayıqdan düşüb buruğa qalxanda İsmayılzadəni görüb sevindi: “Yaxşı oldu, özü gördü” deyə düşünüb dərindən nəfəs aldı.
– Ohh... Gülə-gülə adamın boğazını kəsir! – deyə öz-özünə pıçıldadı...
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
I**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?
Nizamiİştirak edənlərNizami Gəncəvi*
Birinci şəkilGəncə, Nizaminin eyvanı qarşısında bağça. Hər tərəf sakitdir. Mütəmadiyən ötən bülbülün nəğməsindən başqa bir səs eşidilmir. Sürətli addımlarla gələn Qivami sağa-sola baxınır. O, kədərlidir.*Qivami**
İkinci şəkilQədim Bərdə yaxınlığında bir ovlaq. Göz işlədikcə uzanan dərədə şəhər görünür. Gözəl saraylar yaşıllıq içindədir. Qivami ağacın kölgəsindəki çeşmə başında oturub pəsdən zümzümə edərək, şərab içir. Arabir əsən xəfif külək, onun qıvrım saçlarını oxşayır.*Qivamidən iki-üç addım kənarda Yusif uzanıb yatmışdır. Günorta vaxtıdır.*
Poems by other poets
Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Kim olaFələyin əlindən qılan ah-ü zar,Biri mənəm, biri, ya rəbb, kim ola.
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül