Page 10 of 13 · 69%

– Əyləşin, – deyə üstünə təmiz döşəkağı salınmış taxta divanı göstərdi. Qan təzyiqimi ölçdü, fonendoskopunun nikelli uclarını qulaqlarına taxıb, ürəyimin döyüntüsünü dinlədi. – Bilirsinizmi, Səmirə xanım, mən özünə möhkəm inanan həkimlərdənəm. Çox nadir hallarda diaqnozum yanlış olur (bunu təvazösizlik hesab eləməyin!) amma ağıl ağıldan üstündür deyirlər. Çıxardığım nəticədə yanılıb-yanılmadığımı yoxlamaq üçün professorla məsləhətləşməliyəm. Əgər o da fikrimi təsdiqləsə...

Xəstəxanadan məhz bu gün çıxıb getmək arzum birdən-birə o qədər gücləndi ki, mən Səidə xanıma yalvarmağa da hazırdım. Onun sözünün axırını dinləməyə də səbrim çatmadı:

– Mən də sizə inanıram, – dedim, – hamı sizi tərifləyir, lap professor özü də... Dərman yazarsınız, neçə gün desəniz içərəm.

– Əgər mənə inanırsınızsa, hələ bir az səbir eləməlisiniz, – dedi.

– Mən də, siz də tamam arxayın olsaq yaxşıdır... Hə, o qızların yanındakı oğlan kim idi?

– Qaynım. Faiq. Necə məgər? Xoşunuza gəlmədi?

– Əksinə. Uşaqlarınızla çox mehribandır. Mənim də qaynım var, amma sizdən nə gizlədim, ayda-ildə bir dəfə də qapımızı açmaz. – Onun mənə qibtəmi elədiyini, yoxsa öz qaynından gileyləndiyinimi bilmək çətindi. – Evlidirmi?

– Sizi tanımasaydım, düşünə bilərdim ki, Faiqə vurulmusunuz, – deyə mən zarafat tərzində ona sataşdım.

– Mənim qaynım evlidir, belə görünür ki, arvadı bizim dostluğumuza mane olur... Eh, biz qadınların da canında az yoxdur.

Mən yenə zarafatla dedim:

– Yəni sizin də canınızda var?

– Birində az, birində çox, axtarsan hər qadının canında var... Əvvəlcə bir mənzildə olurduq. Gəlin gələndən on gün keçməmiş aramızda ixtilaf başlandı. Bir-birinə can deyib can eşidən qardaşlar yarım il küsülü qaldılar... Eh, bilmirəm, bu nə söhbətdi, biz başladıq?.. Deməli professorla məsləhətləşəcəyik. Etirazınız yoxdur ki?

Mən kabinetdən pərt çıxdım. “Açığını deməkdən çəkindi, görünür, vəziyyətim o qədər də yaxşı deyil” deyə düşündüm. Əgər belə olmasaydı, Səidə xanım o cür tərəddüdlə danışmazdı. Xəstə insan, bəzən özünü tamam gümrah hiss eləsə də, nəinki doktorun, hətta sadə və sıravi bir adamın ən kiçik təlqinindən də şübhəyə düşür. İndi mən də belə bir hal keçirirdim. Fikrim-zikrim içərimdə cəmlənmişdi. Mənə elə gəlirdi ki, hər dəqiqə yox, hər an zəifləyirəm, yenə çarpayıya uzanmaqdan başqa çarəm qalmamışdır.

Palataya girəndə yoldaşlarımdan biri mənim şübhəmi daha da artırdı:

– Rəngin-ruhun niyə qaçıb, Səmirə bacı?

Mən yerimə uzandım və heç bir söz deməyib yatmağa çalışdım. Əlbəttə, məndə ciddi bir dəyişiklik yox idi. Bunların hamısı yorğunluğun və ən çox da həyəcanlanmağın nəticəsi idi...

Ertəsi gün professor gəldi. Konsilium düzəltdilər. Səidə xanımdan başqa, indiyəcən xəstəxanada görmədiyim bir həkim də var idi. Ucaboy, qaraşın, beli azca donqar, başını ülgüclə tərtəmiz qırxdırmış, uzunsov üzlü bir kişi idi. Səidə xanımdan fərqli olaraq, qaş-qabağını sallamışdı. Onun tutqun sir-sifətinə baxan hər bir xəstə dərhal bədbinləşir və istər-istəməz deyərdi: “Görünür, sağalmağıma heç ümid yoxdur”. Ancaq mən yanılmışdım. O, dərin çuxurlarda yaş zeytun dənələri kimi işıldayan gözlərinin bulanıq ifadəsini dəyişmədən soyuq bir inamla dedi:

– Mənim fikrimcə, daha burda saxlamağın mənası yoxdur. Buraxın getsin, Abşeron sanatorilərindən birində təmiz hava alsın. Ən gözəl müalicə Zuğulba tərəfin dəniz havasıdır. Bizim verdiyimiz dərmanların bəzən xeyirdən çox ziyanı var... Royenin normadan yuxarı olmağı, beyin damarlarının sıxılmağı ilə o qədər də əlaqədar deyil. Bədəninin başqa bir yerində iltihab da ola bilər.

– Səmirə xanımın beyin damarları yox, ürək damarları sıxılır... Stenokardiyadan xəstələnib,-deyə Səidə xanım yaşca özündən xeyli böyük olan bu həkimin sözlərinə etiraz eləyəndə, doğrusu, mən istər-istəməz ondan narazı qaldım. Axı, məni burada saxlamaqda məqsədi nədir? Nə üçün mənim azad olunmağıma hər vasitə ilə mane olur?” deyə fikirləşdim. Səidə xanım mənim o qədər də yaxşı anlamadığım bir neçə istilah da işlədib, həkimlə nə səbəbə razılaşmadığını izah eləyir, amma səsini ucaltmırdı. Onları diqqətlə dinləyən professor hələ öz rəyini söyləməyə tələsmirdi. Mənimlə diz-dizə, məhrəm oturmuşdu. Ağır-ağır nəfəs alırdı. Paltarından nə isə çox qiymətli bir ətir iyi gəlirdi. Ortası ağ zolaqlı, uzun və dalğalı saçlarını arxaya daramış, qartal burunu aşağı sallayıb, əllərini qoynunda çarpazlamışdı. Təkdənbir həkimlərə və mənə qısaca suallar verirdi.

O, nəhayət doğruldu. Böyründəki stuldan tonometrini götürdü. Qalın şüşəli, qızıl çərçivəli pensnesini burnunun ucuna taxıb qan təzyiqimi özü yoxladı. Ürəyimi dinlədi. Mənə elə gəlirdi ki, o, cavabını nə qədər səbirsiz gözləməyimlə heç zərrəcən də maraqlanmırdı. “Bunu niyə hamı tərifləyir? Daş ürəkli adamdan da kardioloq olar?

Elə bu vaxt həkimlərə üz tutdu:

– Ürəyi bir qədər küt döyünür, amma orqanik təbəddülat yoxdur.

– Yenə məndən soruşdu: Nədən əsəbiləşmişdiniz?

Mən, bilmirəm neçənci dəfə, xəstəliyimin tarixini danışdım.

– Deməli, iclasda olmayıb? – Onun sualının ahəngindən əsil həqiqəti öyrənmək arzusundan daha çox, incə bir kinayə duyurdum. – Kobud tənqidlərdən əsəbiləşmək halları tez-tez baş verir. Xüsusən axır zamanlarda...

Qadınlardan kim isə qırıq-qırıq güldü, böyrümdəki xəstəyə yavaşcadan dediyi sözləri mən də eşitdim:

– Lap düz deyir. Gör heç demaqoqlardan xəstələnən var?

Konsiliumdan yeni bir şey öyrənmədim. Həkimlərin indi söylədiyi fikirləri, ayrı-ayrı vaxtlarda, ola bilsin başqa sözlərlə, Səidə xanım mənə demişdi. Məni daha çox nəticə maraqlandırırdı.

Professor dazbaş həkimlə razılaşdı:

– Bəlkə siz deyən kimi doğrudan da sanatoriyaya getsin... Ancaq indi sanatoriyalar...

Səidə xanım başını tərpədib, onun fikrini tamamladı:

– Hamısı hərbi xəstəxanadır.

Mən özümü saxlaya bilmədim:

– Səidə xanım, professor da mənim arzuma zidd deyil. Siz nə üçün israr eləyirsiniz? Sanatoriyada yer olsa, bu saat məni ora göndərən kimdir? Siz bu haqda da fikirləşməlisiniz. Göndərsələr də razı olmaram. Yaralı əsgərləri qoyub niyə gərək məni müalicə eləsinlər?

Səidə xanımın gözlərində əsəbi bir qığılcım yanıb-söndü. Mən onun ürəyindən keçəni özümə görə yozdum. “Deyəsən dazbaş həkimlə razılaşdığım üçün əsəbiləşir”.

Professor və həkim bizimlə xudahafizləşib getdi. Səidə xanım onları ötürüb, yenə palataya gəldi.

– Siz mən deyənə baxın, Səmirə xanım, inanın ki, ancaq sizin xeyrinizi fikirləşirəm... Sonra peşman olarsınız. Axı, mən neylədiyimi bilirəm... – O, məndən tamam inciyibmiş kimi, üzünü o tərəfə çevirib, xəstələri müayinəyə başladı...

Mən üç gündən sonra yenə dirçəlib həyətə enəndə Kamrana rast gəldim. Köhnə dostlar kimi görüşdük, bir-birimizə əl verdik. Hal-əhval bildik.

– Əliniz nə yaman soyuqdur, – dedim.

Doğrudan da onun əli buz kimi idi. O, mənim sözlərimə şablon bir ifadə ilə cavab verdi:

– Amma ürəyim istidir.

Mən gülümsündüm. O da gülümsündü.

– Səmirə xanım, – dedi, – əlbəttə, mənim sizdən inciməyə haqqım yoxdur. Ancaq sözün düzü yaxşıdır. Lap uşaqlıqdan düzünəqulu danışmağı sevirəm. Diplomatiya işlədənlərdən xoşum gəlmir...

Bu müqəddimədən sonra mən ondan nə isə çox mühüm və ciddi bir söz eşidəcəyimi güman eləyirdim. Amma təxminən düz çıxmadı... Kamran əllərini xalatının cibinə saldı, çoxdan bəri üzünə həsrət qaldığı Quba almasından bir dənə çıxardıb mənə verdi (bu almanı ilin bu vaxtında hardan aldığını soruşmaq istədimsə də, elə bil nitqim tutuldu, dinmədim) və dinləməyə hazırlaşdığım sözlərin əvəzində, tamam başqa bir söz eşitdim:

– Amma xahişim budur ki, Qubanın ağ almasını çox sevdiyinizi hardan və kimdən öyrəndiyimi xəbər almayasınız. Yaxşı?

Qəribə idi. Mən yalnız almanın özünü deyil, bu alma haqqındakı xalq mahnısını da sevirdim, pianoda çalıb-oxumağı da bacarırdım. Bunu Kamran kimdən öyrənmişdi? Ha fikirləşdimsə də, tapa bilmədim. Mən ona təşəkkür elədim.

– Buyurun, nə isə demək istəyirdiniz, – dedim və almanı xalatımın cibinə qoydum.

– O dəfə bizim palataya gələndə, mənim kefimi hamıdan sonra xəbər aldınız. Elə bilirəm ki, bunu mən eləsəydim, sizə toxunardı... Doğru deyirəm, yox?

– Yox, nə üçün toxunsun? Burada mən ehtiyatsız bir şey görmürəm, – dedimsə də, ürəyimdə ona haqq verdim. Palataya məhz onu görmək məqsədi ilə gəldiyimi, amma riyakarlıq eləməyə məcbur olub, əvvəlcə o biri xəstələrin halını soruşduğumu açıb-söyləməyə cəsarətim çatmadı.

Kamran ağır-ağır nəfəs alıb dayandı və əlini sinəsinə qoydu. Bir xeyli dinmədi. Sonra addım-addım irəlilədi və məndən üzr istəyib skamyada oturdu:

– Bir ay bundan əvvəl desəydilər ki, mənim ürəyim xəstələnə bilər, mən qəh-qəh çəkib gülərdim. İndiyəcən ürəyimin hansı tərəfdə olduğunu da bilmirdim dəmir kimi möhkəm idi. “İnsan – zəif məxluqmuş” deyəndə, yadınızdadırmı, müəllim də, o biriləri də mənimlə razılaşmadılar. Bax, bir balaca gəzindim, o saat sinəmdən sancı qalxdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dahi sənətkar

I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.

194210 min
Yazıçı və tarix

Birinci məqaləBizdə tarixi mövzulara böyük bir meyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyə qədər yaranmış əsərlər sayca çox az olsa da, bizim əsas yazıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox məşğul etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətlə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıçı, hər şeydən əvvəl öz xalqının oğludur.

14 min
Zəngin xəzinələr

Bu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayatı kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi “Bayatılar” məcmuəsi¹ ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplanışı və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisbətən daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdıra bilərik. Xüsusən, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi nəticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracayıq.

13 min
Səadət və məhəbbət müğənnisi

I**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?

194732 min

Poems by other poets