İmtahan günləri başlanır...
Page 8 of 13 · 54%
Hamının yanında qızlarımı təriflədi:
– Ağıllı uşaqlardır. Xoşbəxt olsunlar!
Bütün analar kimi mən də bu cür tərifdən qəribə bir zövq aldığımı gizlətmədim. Səidə xanım ana qürurumu bir az da artırmaq istəyərək təkrar elədi:
– Gözəl uşaqlardır! Ancaq təəssüf ki... – O, nırçıldayıb susdu.
– Doktor, nəyə təəssüf eləyirsiniz? – deyə mən özümü saxlaya bilməyib, tez-tələsik soruşdum. O, süzgün gözlərini dolandırıb, xəstələri göstərdi: yəni bunlar bilməsələr yaxşıdır, yalnız sizə deyəcəyəm.
Tibb bacıları məni yenə xərəyə qoyub rentgen otağına apardılar. Səidə xanım qaranlıqda məni müayinədən keçirən həkimin azərbaycanca bilmədiyini nəzərə alıb, bayaq mənə demək istədiyi sözləri indi dedi:
– Amma təəssüf ki, atalarının başına o cür müsibət gəlib... Sizin xəstəliyinizin səbəbi indi mənə aydındır. Amma dözmək lazımdır, Səmirə xanım, təkcə dava-dərmana ümid bağlamaq azdır. İradənizi ələ alın, dərdinizi unutmağa çalışın. Həyatın ağırlığından sarsılan tək siz deyilsiniz... – Onun səsində qəmgin bir titrəyiş vardı. – Mən sizdən az iztirab çəkmirəm. Mənim də ərim Müdhətin günündədir. Bəlkə də daha pis. Yenicə hərbi orden almışdı. Əsgərlərindən bir neçəsi almanların tərəfinə keçəndə, onu günahlandırıb, az qala güllələyirmişlər. Ştabda bir allah bəndəsi işə qarışıb, ölüm cəzasını həbslə əvəz elətdirib...
Mən eşitdiklərimə əvvəlcə inanmadım. Səidə xanımın gülüşlərini, naz-qəmzəsini, bəzənib-düzənməsini gördükcə, onu təzə eşq bəlasına mübtəla olmuş cavan bir qız bilmişdim... Əlbəttə, günah məndə deyildi. O vaxt insanlara üzdən, səthi yanaşmağa adət eləmişdik. Həqiqi mənada heç kimin dərdini öyrənməyə ehtiyac duymurduq. Bizə elə gəlirdi ki, belə zəmanədə dərddən, kədərdən söhbət açmaq hansı müqəddəs ehkamı isə uçurmaq deməkdir...
Bir həftədən sonra mənə ayağa qalxıb gəzinməyə icazə verdilər. Xəstəxananın həyətindəki bağçada təmiz hava udduqca, hər iki tərəfində güllər və çiçəklər əkilmiş asfaltlı cığırla yavaş-yavaş addımladıqca, məndə yenidən həyata qayıtmaq həvəsi artmağa başlayırdı. Məni ağır və üzüntülü məhrumiyyətlər gözlədiyini yaxşı bildiyim halda, könlümdə güclənən bu həvəsi öldürmək çətin idi. Burda Kamrana da, kişilərin palatasından tanıdığım o biri xəstələrə də tez-tez rast gəlirdim. Bir-birimizi salamlayır, kef-əhval soruşur, azacıq ayaq saxlayıb, yalnız üç-dörd qısa cümlədən ibarət söhbətlər eləyirdik.
Bir dəfə Kamran xiyabandakı yaşıl skamyada mənimlə yanaşı oturmağa izin istədi. Belə hallarda insan ürəyini açıb, dərdini söyləməyə nə isə bir ehtiyac duyur. Amma söhbətə ilkin mən başlamadım. Necə oldusa, Kamran birdən köksünü ötürdü:
– Səmirə xanım, – dedi, – Zəfər barədə bir söz eşitdim. Bilmirəm əsası var, ya yox? Təəccüb eləməyin. Mən onu çoxdan tanıyırdım. Cəbhədə də bir diviziyada idik. Tez-tez görüşürdük. Elə bir gündə də yaralandıq. Eyni qospitalda yatıb, eyni gündə də tərxis olunduq. Görürsünüz, daha mən hərbi qulluğa yaramıram. – O sağ qolunun sağalmış uzun yarığını və dibdən kəsilmiş barmaqlarını göstərib, səmimi bir təəssüflə başını buladı. – Zəfəri də azad elədilər... Nə mən, nə o, şanşöhrət axtarmırıq. Borcumuzu verib qayıtmışıq... Doğrusu, o cür igid bir adamın həbsə alındığını eşidəndə, matım-qutum qurudu, əl-ayağım yerdən üzüldü. Mən bunu ədalətsizlik sayıram. Çox böyük ədalətsizlik! Kimin üçün vuruşursan, kim səni cəzalandırır? Az qalır fikirdən beynim partlasın... – O, yenə dərindən köksünü ötürüb, susdu. Harasa, uzaqlara baxdı və mənə elə gəldi ki, cəbhədə, vuruşma meydanında odlar, alovlar ayaqladığı günləri təsəvvürünə gətirdi. – Belə şeyləri görmək adama bərk yer eləyir... Çox bərk! Elə bil sənin gözünün içinə deyirlər ki, canın çıxsın, həm vuruşacaqsan, şikəst olub adamlıqdan çıxacaqsan, həm də düşmən kimi, həbsdə, sürgündə çürüyəcəksən. – O, qəhərlənmişdi, səsinin titrəyişini gizlədə bilmədiyindən utanır kimi, təkrar susdu, gözlərimin içinə baxdı və sonra, deyəsən kövrəldiyini mən duymayım deyə, başını o tərəfə çevirdi. Bir xeyli danışa bilmədi. Nəhayət, iradəsini topladı və dedi: – Zəfər əriniz Müdhətin yaxın dostu idi. Neft institutunda onları həmişə bir yerdə görərdim... Bəlkə Zəfərin tutulmağı şayiədir, hə?
Nə deyəcəyimi bilmədim. Tərəddüdlə sükut eləyib, Kamranın üzünə baxa-baxa qaldım.
– Çəkinməyin, düzünü deyin!.. – O, görünür, mənim sifətimdə əmələ gələn dəyişiklikdən, eşitdiyi bəd xəbərin doğru olduğunu yəqin eləyib, israrla soruşdu. – Demək tutublar? Hayıf ona!.. Axı o cür namuslu adamın ayağına nə günah yaza bilərlər?
Bu sualı da cavabsız qoydum. Sözlərinin çox səmimi və qəti ahəngindən hiss elədim ki, Zəfərin büllur kimi saf olduğuna əmindir. Öz-özümə düşündüm: “Deyəsən Zəfər hardasa Müdhətin tərəfini gözləyib... Əgər belə isə həddindən artıq cəsarətli tərpənib, kəfənini boğazına dolayıb. Nahaq, nahaq, faydasız işdir...”
Kamran artıq mənə üz tutmadan, daha inamla cəbhə dostunu təriflədi:
– Əgər mən onun barəsində yanılmamışamsa, əgər o, mən tanıyan Zəfərdisə, burada nə isə bir dolaşıqlıq olub, kimin isə böhtanına düşüb... Biz faşistləri belə igidlərin sayəsində biçib-tökürdük. Yox, onun barəsində çox böyük ədalətsizlik eləyiblər!
Mən çiyinlərimi çəkdim:
– Nə deyim, vallah? Mən də Zəfəri əsil insan, əsil vətəndaş kimi tanıyıram, ancaq belə görünür ki, bu, kiminsə o qədər də xoşuna gəlmir. Belələrinin fikrincə, hər bir vətəndaş gərək onların əmrini tutu quşu kimi təkrar eləməyi bacarsın, “bəli, bəli” dən qeyri bir söz deməsin. Ancaq mən yaxşı bilirəm ki, Zəfərin devizi bam-başqadır: “İnsan – kölə deyil. İnsana baş müstəqil düşünmək üçün verilib!..”
Kamran yaralı əlini zərblə dizinə çırpdı:
– Yox, mən nəyin hesabına olursa-olsun düz Moskvayacan getməyə hazıram. Lap Stalinin yanına!.. Qoy o, bu ədalətsizlikdən xəbər tutsun. Qoy bilsin ki, Zəfər kimi sadiq əsgərlərin tutulmağını görən cavanlar, cəbhəyə həvəslə gedib vuruşmayacaqlar!
– Eh, yoldaş Kamran, bizim respublikanın sahibini Stalinin nəzərindən salmaq asandır?
– Necə? – Kamran məyus halda, səsinin əhəngini birdən yumşaldaraq üzümə baxdı. – Yəni Zəfərin tutulmağından Mollayevin xəbəri var! Ola bilməz!
– Böyük bir idarənin rəisini ondan icazəsiz tutmayacaqlar ki?
– Əgər belədirsə, bu daha pis. – Kamran yenə səsini ucaltdı. – Deməli onu aldadıblar!
– Orasını bilitrəm, – dedim. – Bəlkə də. Məni bura gətirdikləri gündən Zəfəri görməmişəm. Çox mümkündür ki, o özü Mollayev yoldaşla üz-üzə gəlib, aralarında söz-söhbət olub. Bəlkə Zəfər bir az ötkəm danışıb, Mollayevin də bundan xoşu gəlməyib... Hər şey ola bilər...
– Bir adi kapriz üçün adamı cəzalandırmaq?!
Kamran əsəbiləşirdi. Əlləri əsir, gözlərinin nazik damarlarına qan sağılırdı. Mən ona Səidə xanımın məsləhətlərini xatırlatdım:
– Sakit olun. İradənizi ələ alın. Yeni-yeni dirçəlirsiniz. Belə getsə, müalicənin də faydası olmaz. – Mən bu əsəbi söhbətlərin sonrakı ziyanından qorxub, ayağa qalxdım. Kamran mənə yenə nə isə demək istəyirdi. Mən onu qabaqladım:
– Söhbətimiz sonraya qalsın, – dedim və cəld addımlarla uzaqlaşdım.
Mən o gündən sonra, özüm də fərqinə varmadan, Kamranın vəziyyəti ilə maraqlanmağa başladım. İkinci mərtəbədən yavaşca addımlarla, mərmər pilləkənin ağac sürahısından tuta-tuta aşağı enəndə və xiyabanda tək-tənha gəzinəndə, gözlərimlə qeyri-ixtiyari daim onu axtarırdım. O isə daha görünmürdü. Mən əvvəlcə onun tamam sağaldığını və xəstəxanadan çıxıb getdiyini güman elədim. Nə üçünsə kişilərin palatasına girib, onu soruşmağa və hətta Səidə xanıma bu barədə sual verməyə də utanırdım. Dərhal fikrinə gələ bilərdi ki, nə səbəbə onun taleyi mənim üçün bu qədər əhəmiyyətlidir? Belə bir sualın cavabını tək ona yox, özümə də verə bilməzdim. Doğrudan da mən nə üçün o biri xəstələri yox, məhz Kamranı soruşmalıydım?
Gəzinməkdən qayıdanda, kişilərin palatasının qapısını tıqqıldatdım. Kim isə içəridən “buyurun!” deyə səsləndi. Mən içəri girəndə, elə bil çətin bir imtahan verəcəkdim. Necə olur-olsun bir neçə dəqiqə Kamrana tərəf baxmamalıydım, burda yatan bütün xəstələrə baş çəkməyə gəldiyimi göstərməliydim. Ax, bu aktyorluq!.. Səhnədə göstərilən məharət bizim hamımız üçün nə qədər sevinc gətirirsə, həyatda işlədilən oyun bir o qədər süni və iyrəncdir. Doğrusu, bir an özüm-özümdən iyrəndim. Bu cür riyakarlıq mənim təbiətimə tamam ziddi. Yalnız palataya daxil olanda düşündüm ki, heç kəs mənim gəlişimə pis məna verməsə də, Kamranın fikrinə ayrı şey gələ bilər. Lakin artıq gec idi. Mən geri dönə bilməzdim. Mümkün qədər şad görünməyə çalışıb, hamıya salam verdim:
– Köhnə dostlar, necəsiniz? – deyə xəstələrə bəridən o yana bir-bir (amma orasını da deyim ki, təbii görünməyə nə qədər müvəffəq olduğumu söyləməkdə çətinlik çəkirəm) göz gəzdirdim, ən axırda Kamrana üz tutdum. – Siz ki, əməlli-başlı sağalmışdınız, nə oldu, birdən-birə?
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-imtahan-gunleri-baslanir
Use ← → keys to move, R for a random poem
More by this author
I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.
Yazıçı və tarixBirinci məqaləBizdə tarixi mövzulara böyük bir meyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyə qədər yaranmış əsərlər sayca çox az olsa da, bizim əsas yazıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox məşğul etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətlə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıçı, hər şeydən əvvəl öz xalqının oğludur.
Zəngin xəzinələrBu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayatı kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi “Bayatılar” məcmuəsi¹ ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplanışı və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisbətən daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdıra bilərik. Xüsusən, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi nəticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracayıq.
Səadət və məhəbbət müğənnisiI**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?
Poems by other poets
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Bax (Qaranı)Qul Qaranı:*Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,
Meşədə böyümüş nəhəng bir ağacMeşədə böyümüş nəhəng bir ağac,Palıdlar içində yaşadı müdam.
Səadətnamə, 75علم و قدرت هر آنکه کرد انکاربه ارادت نیاورد اقرار