İmtahan günləri başlanır...
Page 6 of 13 · 38%
– Bu yoldaşın xəstəliyi nədir?
Kamranın mənim sualımı eşidib-eşitmədiyini deməkdə çətinlik çəkirəm. Üz-gözünün durğun ifadəsindən bunu duymaq mümkün deyildi, ancaq təxmin eləmək olardı ki, o, mənim qadın həkimlə yalnız ikimizə aid intim bir məsələ haqqında danışdığımı düşünə bilərdi (Mən bu cümləyə nöqtə qoyub səhər tezdən işə getmişdim. Kamran stolun üstündə qalmış xatirələrimi oxuyub, bloknotundan qopardığı bir vərəqə bu sözləri yazmışdı:
“Mən sizin söhbətinizi eşitmək istədiyim üçün bərk diqqət kəsilmişdim. Səidə xanıma məhz mənim barəmdə sual verdiyini başa düşürdüm, ancaq doğrusu, o qədər yavaşdan danışırdınız ki, heç bir sözünüzü aydın eşitmirdim. Bəlkə, öz təxminini yox, əsil həqiqəti yazasan, hə?).
Səidə xanım da mənim kimi dodaqlarını qulağıma söykəyib, pıçıltı ilə cavab verdi:
– Mikroinfarkt olub. Hamınızdan tez qurtaracaq.
Mən nə üçünsə Kamrana baxmırdım, ancaq onun inadlı baxışlarını öz üzümdə açıq-aydın hiss eləyirdim. Mən Səidə xanımdan ayrı bir söz soruşmadım. Soruşmadım ki, “belə də xəstə olar? Dili nə üçün kilidlənib? Bəlkə danışmağı siz ona yasaq eləmisiniz?”.
İlk dəfə burda gördüyüm, məndə bu qədər təəccüb və heyrət doğuran bu adamın dilindən heç olmasa bir kəlmə eşitmək yalnız mənim üçün yox, palatamızdakı başqa xəstələr üçün də maraqlı idi.
Kamran, üzünü bəriyə sarı çevirəndən üç gün sonra, səhər yeməyini yeyib, əvvəlki vəziyyətindən fərqli olaraq, sağ əlini başının altına dayaq elədi və mənim səbirsizliklə gözlədiyim sözləri nəhayət dedi:
– İnsan nə qədər zəif məxluqmuş...
Bu dəmdə, dib tərəfdə, ayaqlarını çarpayıdan sallayıb üzünü qırxan arıq və cılız xəstənin sualını eşitdim:
– Necə məgər, yoldaş Kamran? Siz kimi nəzərdə tutursunuz?
Kamran, xəstələrin nə isə başqa bir söz də gözlədiklərini hiss eləyib dedi:
– Hamıdan çox özümü!
İndiyəcən yalnız öz aralarında astadan, kəsik-kəsik danışan yoldaşlarımız, hamı üçün maraqlı bir mövzu tapılmış kimi, hər tərəfdən söhbətə qarışdılar. Elə bil hamısı Kamranın dillənməyini gözləyirmiş. Çoxları bir ağızdan danışmağa başladı. Kimin nə fikrində olduğunu anlamaq çətin idi. Mən sözlərin yalnız bəzilərini aydın eşidirdim:
– Əcəb zəifsən! Əgər sən deyən doğrudursa, gərək odun-alovun içindən sağ-salamat çıxmayaydın...
– O vurhavura dözmək hər oğulun hünəridir, məgər?
– İnsan zəif məxluq deyil, xəbis məxluqdur. Bilmirəm hansı ağzıgöyçək deyib ki, “insan-əşrəf məxluqatdır”? Əgər əşrəf məxluqat olsaydı, bir-birini canavar kimi boğub parçalamazdı!.. Qədim zamanlarda qoşunlar qabaq-qabağa durub vuruşardı, amma indi iş o dərəcəyə çatıb ki, körpə uşaqları da süngüyə taxıb divara çırparlar...
– Canım, mən insandan danışıram, faşistdən yox!
Mən heç bir söz demədim. Belə görünürdü ki, palatadakı xəstələrdən yalnız mən Kamranın başına gəlmiş macəradan xəbərsizdim. Sağımda uzanmış kürən oğlan nə isə bir söz deməyə fürsət axtarır, amma hər dəfə ağzını açanda dilavərlərdən birinin danışmağa başladığını görüb, susmağa və gözləməyə məcbur olurdu. Axırda Kamran yerində dirsəklənib yoldaşları sakitliyə çağırdı:
– Əgər mümkünsə, müəllim yoldaşı dinləyək, görək o, nə buyurur...
– Elə bir buyurmağım yoxdur, – deyə kürən oğlan üzünə dikilmiş gözlərin ağır və tələbkar ifadəsindən səksənmiş kimi azca tutuldu, sarımtıl kirpiklərini döydü. Enli və uzunsov yanaqlarına xəfif bir qızartı çökdü. – Təkcə onu deyə bilərəm ki, insan məfhumu barədə ümumiyyətlə danışmaq dürüst deyil. Hər bir adamın ayrı-ayrılıqda bioqrafiyasını diqqətlə öyrənsəniz və anadan olduğu gündən ta öldüyü günə qədər necə bir inkişaf yolu keçdiyinə nəzər saldınız, görərsiniz ki, onun qüvvətli və zəif olmağı tərbiyənin nəticəsidir. Bu dəqiqə mən sizə bir misal da çəkim. Mən onuncu sinifdə otuz iki uşağa dərs deyirdim. Hamıdan zəif oxuyan bir şagird vardı. Mən də, başqa müəllimlər də onu “maymaq” adlandırırdıq. Hansı müəllimdən soruşsaydın, hamısı onu pislərdi: “Zəif oxuyur, istedadsız, kütbaşdır, olsa-olsa yaxşı hamballıq bacarar”. Doğrusu, mən də bu fikirdəydim. Bir gün xəbər tutduq ki, cəbhəyə könüllü gedib... Heç iki ay keçməmiş qəhrəman adı aldı. Bunu eşidəndə hamımız təəccüb elədik. Ancaq mən fikirləşib gördüm ki, onun “zəifliyi” öz təbiətindən yox, bizim tərbiyə üsulumuzun naqisliyindən irəli gəlirmiş. Deməli, biz həmin tələbənin potensial imkanını görməkdən, istiqamətləndirməkdən aciz olmuşuq. Müharibə şəraiti isə əksinə, bu imkanı üzə çıxardıb parladıb.
– Bu başqa məsələdir, yoldaş müəllim, – deyə Kamran yenə söhbətə qarışdı. – Əgər siz deyənə şərik olsaq, gərək biz bu kökə düşməyəydik, bizə dəyən zərbələrdən daha da möhkəmlənəydik, sarsılıb sınıq çıxmayaydıq, gərək müharibə şəraiti bizi daha da bərkidəydi... “İnsan zəif məxluqmuş” deyəndə, mən həm özümü, həm sizi nəzərdə tuturam. Burda yatan xəstələrin hamısı həyatda məğlub olmuş adamlardır. Mən bu palataya düşəndən bəri bir kəlmə də danışmayıb ancaq sizin söhbətinizi dinləmişəm. İndi hər birinizin nə üçün xəstələndiyini bilirəm. Hamınız, mən qarışıq, niyə xəstələnmişik? Çox sadə və adi bir səbəbdən. Çünki, ümumiyyətlə insan – zəif bir məxluqdur. Əgər güclü olsaydı, həyatın bircə zərbəsindən ürək xəstəliyinə tutulub yorğan-döşəyə düşməzdi. Tərbiyə neyləsin? Bizim şansımız pis tərbiyə olunmuşuq?.. Əgər insan güclü məxluq olsaydı, ən ağır zərbələrə də dözərdi...
Doğrusu, Kamranın dediklərini öz sərgüzəştimlə tutuşdurub, ona müəyyən dərəcədə haqq verirdim. Amma belə görünürdü ki, o, müasir ziyalıların bir qismi haqqında düşünür, müşahidələrini isə bütün insanlara şamil eləyirdi. Onun mülahizəsindəki dolaşıqlıq isə, yəqin ki, burdan irəli gəlirdi...
– Yoldaş Kamran, – dedim, – insan zəif yox, zərif məxluqdur. Bunlar isə ayrı-ayrı şeydir. Ola bilsin ki, birini ağır zərbə də yıxmaz, ancaq çox adi bir söz və ya adi bir təhqir diri gözlü öldürər...
Kamran gülümsündü, lakin onun təbəssümündə yalnız qadınlara məxsus bir sövq-təbii ilə duya bildiyim xəfif bir qüssə vardı, bəlkə də o, bununla demək istəyirdi ki, sən qadınsan, ona görə də biz kişilərdən qat-qat zəifsən, özünə bəraət qazandırmaq üçün “zərif” sözünü uydurursan...
(Bu sözlərin yanında yenə Kamranın ayrıca vərəqədə yazdığı etirazı gördüm:
“Səmirə! Məncə burda yanılmısan. Mən tamamilə başqa, daha mühüm bir səbəbdən gülümsəyirdim; bu, doğrudan da qüssəli bir təbəssüm idi. Mən demək istəyirdim ki, indiki zəmanədə zəriflik özü zəiflik nişanəsidir. Bizi yorğan-döşəyə salan da elə bu deyilmi? Bəlkə sən yox, mən yanılıram? Biz həm maraqlı, həm də tragik bir dövrün insanlarıyıq. Biz xəstələnən zaman taleyin zərbələrinə dözmək üçün hazır deyildik! Bu isə bizim şəxsi faciəmiz olmaqdan daha çox, mənsub olduğumuz nəslin faciəsi idi. Bizi zərbələrin ağırlığı yox, ədalətsizliyi yıxmışdı. Axı, bunu inkar eləyə bilməzsən ki, heç birimiz bu cür zərbələri gözləmirdik!...)
Bu sözləri oxuyandan sonra palatadakı söhbətlərin təfsilatını xatırlamağa çalışdım. O vaxt kim isə müəllimə dedi ki:
– Müharibə başqa, məktəb başqa... Cəbhədə sıravi əsgər belə nə vaxt və kimdən zərbə alacağını bilir, ona nisbət də mənəvi cəhətdən özünü hazırlayır. Burda, cəbhə arxasında isə vəziyyət başqadır. Bizim çoxumuz kimdən nə vaxt zərbə alacağımızı əvvəlcədən bilmirik, elə buna görə də burda yıxılmaq cəbhədə yıxılmaqdan daha müdhiş olur...
O, haqlı idi. Mən bu fikrin doğruluğuna sonralar da çox inanmağa başladım.
Xəstəxanadakı mübahisələr Səidə xanımın gəlişi ilə kəsildi. O, qapı ağzından Kamranın artıq dil açıb danışdığını görəndə, adəti üzrə sakit və səssiz addımlarla yox, sürətlə içəri girdi və elə bil hamımızı unudub, yalnız Kamranı salamladı:
– Təbrik eləyirəm! – dedi. – Belə rəvan danışmaq özü sizin ürəyinizin sağaldığını göstərən ən fərəhli bir əlamətdir!.. Amma bir şərtim var: qan qaraldan söhbət olmasın. Yaxşı?
Kamran gözlərini Səidə xanıma zillədi, nə isə çox məftun baxışlarla onu süzməyə başladı. Hətta bir neçə an mənə elə gəldi ki, diqqətli müalicə üçün ona təşəkkürünü bildirmək əvəzinə, onun gözəlliyindən və məlahətli təbəssümündən xüsusi bir zövq aldığını ona hiss etdirmək istəyirdi. Səidə xanım bu gün nədənsə, adəti xilafına, saçlarını pırpızlandırıb başının ortasında toplamış, brilyant sırğalarını taxmışdı. Həmişəkinə nisbətən daha məmnun görünürdü. Üzünə gün düşdükdə, sırğaları parıldayıb bərq vururdu. İndi elə bil ki, bir az da cavanlaşmışdı. Neçə vaxtdan bəri gecəli-gündüzlü xəstəxanadan çıxmadığı halda, hərəkətlərində və danışıq tərzində təzə gəlinlərə məxsus bir şuxluq vardı. Deyəsən mənim baxışlarımdan bu cür bəzənib-düzənməyindən heç də xoşlanmadığımı duyub, o saat özünə bəraət qazandırmaq fikri ilə mənə müraciət elədi:
– Böyük qızım səhər-səhər məni bərk danladı. “Ay ana, – dedi, – sən indidən qocalmısan, nədir? Üzünə baxan sənə əlli yaş verər”. Nə qədər çalışdımsa, qızın əlindən yaxamı qurtara bilmədim. Saçımı bu kökə saldı, sırğalarımı tapıb gətirdi...
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-imtahan-gunleri-baslanir
Use ← → keys to move, R for a random poem
More by this author
I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.
Yazıçı və tarixBirinci məqaləBizdə tarixi mövzulara böyük bir meyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyə qədər yaranmış əsərlər sayca çox az olsa da, bizim əsas yazıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox məşğul etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətlə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıçı, hər şeydən əvvəl öz xalqının oğludur.
Zəngin xəzinələrBu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayatı kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi “Bayatılar” məcmuəsi¹ ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplanışı və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisbətən daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdıra bilərik. Xüsusən, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi nəticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracayıq.
Səadət və məhəbbət müğənnisiI**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?
Poems by other poets
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Bax (Qaranı)Qul Qaranı:*Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,
Meşədə böyümüş nəhəng bir ağacMeşədə böyümüş nəhəng bir ağac,Palıdlar içində yaşadı müdam.
Səadətnamə, 75علم و قدرت هر آنکه کرد انکاربه ارادت نیاورد اقرار