İkinci şəkil
Page 2 of 2 · 50%
Şah
Əvvəldən belə olmuşdur, şair... Bunun günahı məndə deyil, tarixdədir.
Nizami
Əsl qüvvət də, tarixin səhvini düzəldən hökmüdardadır. Azərbaycanın belə bir hökmüdara ehtiyacı vardır. Siz də çalışın, bir ürək on yerə parçalanmasın. Bunu sabah bütün xalq sizdən tələb edəcəkdir!
Şah
Səndən cavab gözləyirəm, şair, sənin kimi mahir bir şeir ustadı sarayda, naz-nemət içində yaşamalıdır!
Nizami
Məncə, şair hər şeydən əvvəl insanların qəlbində yaşarsa, daha gözəl olar, ey şah! Bir də, mən bu yerlərdə ötən quşlar kimi azadə nəfəs almaq istərdim. Mən bu yerləri sevirəm. Sevgi isə, mənim ən böyük ilham mənbəyimdir.
Vəzir
Sizcə, bu yerlərdən uzaqda yaşayan saray adamlarının hamısı bədbəxtdirmi?
Nizami
Baxın, bu gün mənim bəxtimdən ceyran sürülərinin sayı-hesabı yoxdur. İzninizlə biz gedək.
Şah
Buyurun, mən sizi saxlamıram. Amma yaxşı düşün!..
Nizami
Mən ömrüm boyu düşünəcəyəm... Dünyanın, həyatın sirlərini kəşf etmək istəyən bir insan üçün düşünmək həm ilk, həm də son vəzifədir. Yusif, qardaşım, gəl! (Gedirlər)
Şah
Vəzir, Nizami saraya gəlib mənim qanadım altında böyüməlidir. O, Gəncədə nə qədər çox qalarsa, bizə bir o qədər də ziyan verə bilər. İndi biz buradan Gəncəyə gedirik. Demək, qət olundu. Qoy Nizaminin şöhrəti mənim sarayımla bağlansın...
Gedirlər. Oxuyan qızların səsləri eşidilir.
Burdan bir atlı keçdi,
Atın oynatdı, keçdi;
Günəş kimi parladı,
Ay kimi batdı, keçdi.
Afaq bir neçə qızla, belində səhəng, əlində bardaq, bulaq başına gəlir.
Afaq (Nizaminin ovladığı ceyranı görüb təəccüblə baxır)
Bu ceyran kimindir? Oh... Yazığın ürəyindən dəyib... Qızlar, bu heç yaxşı olmadı. Bizdən kimi isə ürəyindən oxlayacaqlar...
Dəstəgül
Sən özündən qorx! Bərdənin birinci gözəli sənsən.
Afaq
Əsl gözəl sənsən, Dəstəgül! Belə gözəl olmasaydın, qardaşım Əbdək sənə vurulmazdı... Bilirsənmi, o, Bərdə gözəlləri içində səni seçdi.
Dəstəgül
Eh, səndən səhər də, axşam da bu sözü eşidirəm.
Birinci qız
Ovçular gəlir, qızlar... tez olun, səhənginizi doldurun!
Afaq
Yazıq ceyran! Səni anandan ayırdılar! İndi o yəqin hardasa gizlənib qanlı göz yaşı tökür. Zalım ovçu, bu yazığa necə qıydın? Onu istəkli anasından niyə ayırdın?
Dəstəgül
Tez olun, qızlar. Odur bax, gəlirlər. Ayıbdır...
İkinci qız
Nədən ayıbdır? Kor deyilik, keçəl deyilik! Bir də, bulaq başında yorğun ovçuya əlin titrəyə-titrəyə su vermədin, nə ləzzəti!
Birinci qız
Buna sözüm yoxdur. Savab işdən qaçmaram...
Nizami yoldaşları ilə bərabər qayıdıb gəlir.
Yusif
Olmadı, mən işi korladım. Ayağımın səsi onları hürkütdü.
Qivami
Aha, bir dəstə ceyrana da burda rast gəldik.
Yusif
Mən ölüm dayanın, qaçırdarsınız... Bu ceyranlar da əlimizdən çıxar.
Nizami (qızlara yaxınlaşaraq)
Gözüm aydın gözümə surəti-canan görünür,
Bəxtimin güzgüsünə sünbülü reyhan görünür.
Gözəl Bərdənin pərilərinə salam olsun. Dağları, dərələri gəzib yorğun düşmüş qərib ovçulara su verməzsinizmi?
Afaq
Elimiz-obamız qonaqsevəndir. Qərib ovçulara onun gözləri üstündə yer var! (Bardağını su ilə doldurub Nizamiyə tərəf uzadır) Buyurun!
Nizami (Afaqı süzür, onun gözəlliyinin qarşısında sarsılır, öz-özünə)
Aman Allah, onun gül yanaqlarına, dağ çeşməsi kimi qaynayan gözlərinə baxdıqca, ürəyimin çırpıntılarını nə qədər aydın eşidirəm! Bəlkə o göydə axtardığım ulduzdur? (Afaqa) Pərilər sultanı, sən bir həqiqətsən, yoxsa xəyal?
Afaq
Yox, xəyal deyiləm...
Nizami (Qivamiyə)
Eşitdinmi o nə dedi? (Əli titrəyə-titrəyə Afaqın üzünə baxır; bardaq əlindən yerə düşüb qırılır) İlahi, sındı! Pərilər sultanı, sənin verdiyin su mənə qismət olmadı! Eşqi şərab kimi qədəhə tökdüm, huşə gedəndə, əlimdən düşüb daşlara toxundu...
Afaq
O sındı, al sənə ovcumda su verim!
Nizami
Yox, yox, sən səadət timsalı olan bu qara gözlərindən mənə həyat suyu verdin... Sağ ol.. (Məyus addımlarla uzaqlaşır. Hamının gözü ona tərəf zillənir)
Qivami
Sağ olun, gəncliyin qəlbinə şövlə salan qızlar, sağ olun! (Gedirlər)
Dəstəgül
Sənə nə oldu, Afaq, niyə qəmginsən? Sınan təki bardaq olsun.
Afaq
Yox, sınan o deyil, Dəstəgül, sınan ürəyimdir! O gözlər... o baxışlar... ömrümün sonuna kimi mən o gözləri unutmaram! Görəsən o həqiqətdir, yoxsa xəyal?!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-nizami-ikinci-sekil
Use ← → keys to move, R for a random poem
More by this author
Cavanşirin sarayı*Söhrab**
Səkkizinci şəkilCavanşirin sarayı, Cavanşir, Elçin, Zibeydə oturublar. Kütlə də səhnədədir.*Fərid daxil olur.*
Doqquzuncu şəkilCavanşirin saray otaqlarından birinin həyəti. Elçin səhnəyə daxil olur və gedir. Zibeydə xatun və Aybəniz daxil olurlar.*Zibeydə**
Onuncu şəkilCavanşirin sarayı*Söhrab**
Poems by other poets
Ta müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
SaraArpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,
Könlüm sevər irmiş yenə bir sərvi-rəvanıKönlüm sevər irmiş yenə bir sərvi-rəvanıKim, can verədür mən təki hər kim görər ani.
بسوز اندرین تیه، ای دل نهانیمخواه از درخت جهان سایبانی