Şamilin mənzilində başqa bir otaq. Açıq pəncərədən eşikdə əli silahlı gəzinən qarovulçu görünür. İçəridə Tamarin yalqız durmuş, dərin xəyal içindədir.

Tamarin (gözlərini uzağa zilləyərək)

Görünür azadlığa həsrət qalacağam mən,
Hər acı məhbəs günü bir ilə bərabərdir.
Pəncərələr ucadır, əl çatmaz ona yerdən,
Qapımda da hər zaman gəzən keşikçi vardır...

Sakit-sakit baxıram məhbəs pəncərəsindən;
Gözlərimin önündə mavi boşluq açılır.
O mavilik içində şən quşlar qanad çalır,
Nə yaman sıxılıram onlara baxdıqca mən...

Sürətlə çap, ey zaman, ey quş qanadlı durna,
Bu dar məhbəs içində çatlayır bağrım aman.
Çatınca üzəngimi tutacaq ölüm, ancaq,
O zaman inqilabı əllərim qaldıracaq...

Sağ tərəfdəki qapı açılır, Tamarin təəccüblə baxır. Atayla Dmitri daxil olurlar.

Dmitri

Cənab paruçik, mən ən yaxın bir dost kimi sizin yanınıza gəlmişəm.

Tamarin

Çox şadam, Dmitri... Amma təəssüf ki, belə yerdə görüşürük...

Dmitri

Hər şey özünüzdən asılıdır. Şamil sizi gözləri üstündə saxlar.

Tamarin

Mən yenə təəssüf edirəm ki, bu qanlı vuruşmaların sonu qaranlıq bir heçliyə doğru gedir.

Dmitri

Gələcəyi bütün varlığı ilə sevən bir adam, gərək heç vaxt ümidsiz olmasın. Bax, mən ümidsiz deyiləm... Hətta biz hamımız bu vuruşmalarda məhv olsaq da, təəssüf etməməliyik...

Tamarin

Yox, Dmitri, mən buradan sağ qurtula bilsəm, düz birbaş vətənə qayıdacağam...

Dmitri

Qayıtmayın, cənab paruçik, Puşkini məhv edən qatillərin arasına qayıtmayın. Kübarlar Sizi də onun gününə salmasınlar...

Tamarin (təəccüblə Dmitrinin üzünə baxır)

Sən belə şeyləri haradan bilirsən, Dmitri?

Dmitri

Mənmi?.. Siz buna nə üçün təəccüb edirsiniz?.. Mən soldat deyiləm, paruçik. Yalnız indi sizə açıb deyirəm. Mən də vətənindən cəbhəyə sürgün olunmuş bir ziyalıyam... Lermontovu xatırlayırsınızmı?

Namusun əsiri şair vuruldu!
Düşdü böhtanlara, düşdü şərlərə.
Sinəsində güllə, intiqam oldu,
O məğrur sənətkar yıxıldı yerə!..

Sizdəmi bu günə düşmək fikrindəsiniz?

Tamarin (sarsılaraq)

Dmitri, mən yalnız indi səni tanıyıram...

Dmitri

Gəlin, paruçik, bu qanlı vuruşmalarda polad qılınclarımızı sındırsaq belə tarix bizi təqsirləndirə bilməz. Xatırlayırsınızmı, hələ Puşkin deyirdi “Qandalları döyüb qılınc qayırın?” Biz də o deyən yolla gedirik... Bu qılınclar sınarsa, qandallarımızı döyüb təzə qılınclara çevirərik...

Tamarin

Şamil islam dinini...

Dmitri (onun sözünü kəsərək)

Qoy dinlər ayrı olsun, ancaq məslək bir... Odur, neçə gündən bəri mühasirədəyik. Amma yenə də ölüm heç birimizin iradəmizi zəiflədə bilməmişdir...

Pauza

Tamarin

Məni görməyə gəldiyiniz üçün hədsiz təşəkkürlər...

Atay

Dmitri, gecikərik, bəri gəl, qoy fikirləşsin...

Dmitri

Şamil sizi əsirlərə dəyişmək fikrindədir... Məgər Siz bir də generalın yanınamı qayıtmaq istəyirsiniz?..

Tamarin

Yox, yox mən bu cür şərəfsiz ölmək istəmirəm... O, məni öldürmək üçün bəhanə axtarırdı... Yox, mən bir də onun yanına qayıtmaram.

Dmitri

Mən də istərdim qayıtmayasınız... Siz doğrudan da şərəfsiz ölümə layiq deyilsiniz... Biz gedirik, paruçik... sabah yenə gələrik... Gecəniz xeyirə qalsın...

Tamarin

Sağ olun...

Çıxırlar. Tamarin yenə dərin fikrə gedir. Bir neçə saniyə hərəkətsiz dayanıb inadla bir nöqtəyə baxır. Bu anda, eşikdən nəğmə səsi eşidilir:

Mavi dumanlıqda, tutqun sularda,
Ağarır dənizdə tənha bir yelkən.
Nə arar o qərib, uzaq diyarda?
Neçin ayrılmışdır öz vətənindən?..

Tamarin

Rusca oxuyurlar. Demək, burada dil də azaddır. (Qapıya yanaşaraq) Gözətçi, gözətçi?

Gözətçi (pəncərə qabağından)

Buyurun, cənab paruçik.

Tamarin

Oxuyanlar kimdir?..

Gözətçi

Kim?.. Şamilin müridləri.

Tamarin

Ruslardırmı?

Gözətçi

Elədir ki, var. Qafqaza sürgün olunmuş şair Lermontovun şerini oxuyurlar, cənab paruçik...

Tamarin

Aha... demək, o da mənim kimi sürgündədir?

Gözətçi

Bəli... Dmitri belə deyirdi... Onu da sürgünə yollayıblar...

Tamarin

Gözəl şeirdir... Mən də onu xatırlayıram...

Mavi dumanlıqda, tutqun sularda,
Ağarır dənizdə tənha bir yelkən...
Nə arar o qərib, uzaq diyarda?
Neçin ayrılmışdır öz vətənindən?..

(Sükut edərək) Gözətçi, səndən bir ricam vardır: onlara söylə ki, bir də bu nəğməni oxumasınlar.

Gözətçi

Niyə, cənab paruçik?

Tamarin

Çünki mən bu nəğməni dinlərkən öz yalqızlığımı xatırlayıb sıxılıram...

Gözətçi

Onlar mənim əmrimə tabe olmazlar, cənab paruçik, onlar da bu dağlılar kimi azaddırlar.

Tamarin

Azaddırlar?

Gözətçi

Bəli, nə üçün təəccüb edirsiniz?.. (Oxuyur və gəzinməyə başlayır)

Altında şəfəqli sular həmdəmi,
Üstündə günəşin ziyası parlar...
Fırtına axtarır üsyankar kimi,
Sanki fırtınada asudəlik var...

Tamarin

Hamı oxuyur... Bu mahnı bütün Qafqaz dağlarında da səslənir:

Fırtına axtarır üsyankar kimi,
Sanki fırtınada asudəlik var...

Var, asudəlik. İndi yoxdursa, bir zaman olacaq... Artıq mən buna inanıram.

Gözətçi (pəncərə önündən görünərək)

Yorulmuşam... Dünəndən bəri vuruşurdum. Üç gündür yatmamışam. (Oturub tüfənginə söykənir) Eh... nə vaxt Sizin gözünüzə yuxu gedəcək?

Tamarin

Gözəl yerlərdir. Buradakı dağlar, dərələr, çaylar, nə qədər dilbərdir!..

Gözətçi

Cənab paruçik, niyə yatmırsınız?

Tamarin

Sən yat, mən heç bir yana gedən deyiləm. (Otaqda gəzinə-gəzinə)

Fırtına axtarır üsyankar kimi,
Sanki fırtınada asudəlik var...

Aha, o yatdı. Qoy yatsın.

Kərimət (birdən içəri girir)

Məni bağışla, gözəl oğlan. Səni buradan qurtarmağa gəlmişəm.

Tamarin

Qurtarmağa?.. Yox, dağlar pərisi, görünür mən azadlığa həsrət qalacağam... Sən ki, gördün... Qapımda əli tüfəngli keşikçi vardır... Burda keçirdiyim hər dəqiqə bir ilə bərabərdir, dağlar pərisi... (Öz-özünə) Hər səhər həsrətli gözlərimlə uzaq yamaclara, azad təbiətə baxdıqca, ürəyimdə onun, o qara gözlünün heykəli gəlib durur... Sənin adın nədir, gözəl pəri?..

Kərimət

Pərilər işgəncədən uzaq olurlar... Amma mən... yox, gözəl oğlan, mən yalnız işgəncədən yoğrulmuş bir zavallıyam.

Tamarin

Sənin adın nədir? Kərimət deyilmi?.. Taleyindən şikayət sənin kimi qızlara yaraşmaz... Oh, elə bil ürəyim bu dəqiqə parçalanacaq. Kərimət, pəncərəmdən baxan o ulduzları görürsənmi?.. Sənin bu qara gözlərin də o ulduzlar kimi parıldayır. Mən könlüm üçün cənnəti də, cəhənnəmi də belə qara gözlərdə tapmışam...

Siz ey mehriban, gözəl, qara, cənub gözləri,
Siz eşqə, məhəbbətə edamlar yazırsınız..
Gündüzümün, gecəmin, artıq o gündən bəri,
Parlayan ulduzları bilin sizsiniz yalnız...

Yox, yox, mən vəfasız deyiləm. Orada, ana vətəndə məni gözləyən var, Kərimət. O, məni hələ də gözləyir.

Kərimət (öz-özünə)

Aman Allah, mənim üçün ölüm bu sözlər qədər güclü ola bilməzdi...

Tamarin

Kərimət, məni sevirsən, deyilmi?

Kərimət (güclə)

Sevirəm... Özü də elə bir məhəbbətlə sevirəm ki, bu yolda məni öldürsələr, tikə-tikə doğrasalar belə uf demərəm...

Tamarin

Mənim qolum-qanadım açılsaydı, qara yallı atımı ruzigar kimi çaparaq yarın vüsalına yetişərdim... Mənim də qara gözlüm uzaqlarda ağlayır, əsən ruzigardan belə məni soruşur, Kərimət... Görünür, mən ona da həsrət öləcəyəm. Odur, bax, qapımda əli tüfəngli keşikçi vardır...

Kərimət (qoynundakı xəncəri göstərərək)

Mən sevgilim üçün bu günahsız barmaqlarımı al qana boyamaq istəyirdim. Mən səni uzaqlara, hey uzaqlara aparmaq istəyirdim... Elə bir yerə ki, orda insanlar azad quşlar kimi azad yaşayırlar...

Tamarin

Bu dünyada elə yer vardırmı?

Kərimət

Var, Tamarin, bizim uca dağların qoynunda... Elə yerlər var ki, orada gül gülü, çiçək çiçəyi çağırır. Gedək oraya. Biz orada bülbüllərin nəğməsinə, çayların şırıltısına qulaq asarıq... Səsimizi onların səsinə qatıb həzin mahnılar oxuyarıq.

Tamarin

Yox, məni əfv et, dağlar pərisi, insan oğlu hər yerdə qolu zəncirli quldur. O yaşarmış gözlərinə, o şəlalə kimi sinənə tökülmüş uzun qara saçlarına, o məsum dodaqlarında çırpınan ülvi, saf məhəbbətə and olsun ki, mən onu sevirəm. O məni hələ də gözləyir... Onun üzündəki qoşa ulduzlar, bax bu dəqiqədə mənim təsəvvürümdə parıldayır.

Kərimət

Oh... Deməli mən gecikmişəm?.. Aman Allah, mən niyə ölmədim, niyə?

Tamarin

Məni bağışla, Kərimət... İllərdən bəri öz ayağı ilə ölüm axtaran bu kimsəsiz insanı öldür, amma bağışla.

Kərimət

Mənim xəncərim böyük məhəbbəti öldürmək üçün deyildi... Mən onunla sənin qapını açmaq istəyirdim... Ancaq indi çox gecdir. Ulu Tanrım, sən bu gözəl oğlanı öz sevgilisinə qovuşdur... O, vəfalıdır... vəfalı ürəklər isə bir dəfə sevərlər. Əlvida, gözəl oğlan, əlvida!.. (Sakit addımlarla büdrəyə-büdrəyə gedir, qapı ağzında divara söykənir, hönkürtü ilə ağlayır)

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü fəsil

1**İsmayılzadə buruğu tərk edib gedəndən bir azca sonra artıq dan yeri ağarırdı. Dəniz üzərində pambıq tayaları kimi bir-birinin üstünə qalaqlanmış ağ buludlar ağır-ağır hərəkət edib cənuba doğru sürünürdü. Gecədən əsməyə başlamış yay küləyi, yavaş-yavaş qüvvətlənir, dənizin dalğaları ləngər vururdu. Üfüqdən baş qaldıran günəş indi bozumtul, qırmızı rəngə çalırdı.

49 min
Dördüncü fəsil

1**Lətifə Tahirin yoldan qaytarılması xəbərini eşidəndən sonra, onu gördüyü ilk günlərdən ürəyində Tahirə qarşı oyanan meyl birdə-birə yox olub getmişdi: “Demək, yanılmışam. O məni zərrə qədər də istəmirmiş. Əgər istəsəydi, kəndə qaçmazdı. O, zəif və iradəsiz bir oğlandır”. Belə düşündüyü üçün bir daha Tahirlə üz-üzə gəlməməyə çalışırdı. Səhər növbəsindən qayıdan fəhlələrlə qarşılaşdığı zaman, usta Ramazanı və Cəmili salamlayaraq tez də uzaqlaşır, Tahirə sarı heç olmasa ani bir nəzər belə salmırdı. Bu soyuqluğun və etinasızlığın səbəbini Tahir bir növ anlaya bilmirdi. Ona elə gəlirdi ki, Lətifə onun barəsində nə isə pis söz eşitmiş, qızın ürəyində ona qarşı nifrət oyanmışdır. Odur ki, buruqda işini qurtarıb ümumi yaşayış evinə qayıdarkən, bu xüsusda Lətifə ilə danışmağa fürsət axtarırdı. Ancaq dörd-beş gündən bəri belə bir fürsət əlinə düşmürdü. Hamının gözü qabağında onunla danışsaydı, “birdən ağır bir söz deyə bilər, olan-qalan hörmətimi də ayaq altına salıb tapdalayar” deyə düşünən Tahir də özünü zahirən Lətifə kimi soyuq və etinasız göstərməsinə baxmayaraq, əslində yanıb-yaxılır, bəzən köhnə adamlar kimi mövhumata qapılıb, taleyinin küskünlüyündən şikayət edirdi. Birdən o, Cəmilin dəniz sahilində dediyi sözü xatırladı və bütün günahları Cəmilin üstünə yıxmaq fikrinə düşdü. İstirahət günü, Səməndərlə Biləndərin yataq otağından çıxıb getdiyini görəndə o birdən açılışdı:

1 h
Beşinci fəsil

1**Tahir texniki minimum dərslərinə müntəzəm surətdə davam edirdi. Axır günlərdə müəllimlər hər bir şagirdə çox tələbkar yanaşırdılar. Məşğələlər vaxtında başlayır, vaxtında qurtarırdı. Hər gün keçilən dərsləri o birisi gün nöqtəsi-nöqtəsinə soruşurdular. Bunun səbəbini şagirdlər bilməsələr də, müəllimlər yaxşı bilirdilər.

1 h 10 min
Altıncı fəsil

1**Qüdrəti şəhər partiya komitəsinə çağırmışdılar. O, başqa trest müdirlərinin də burada olacağını bilirdi. Lalə ilə öz arasında baş vermiş o nazik ixtilafın da, bütün müşkülləri həll edən bu yerdə, hamının ümid mənbəyi və nüfuzlu söz mövqeyi saydığı bu binada öz xeyrinə, yəni onun düşündüyü kimi həll ediləcəyinə inanmasaydı, payız gününün bürkülü havasında tərləyə-tərləyə bu hündür binanın dik pillələrini belə həvəslə qalxmazdı, bir bəhanə ilə özünü xəstəliyə vurar, ömründə yalan demədiyi halda belə bir yalanı söyləməkdə zərrə qədər də tərəddüd göstərməzdi. Onu hər yerdə həmişə haqlı saymışdılar. Onun iş təcrübəsi çoxlarına, hətta istəkli arvadı Laləyə belə nümunə göstərilmişdi. Qüdrətə elə gəlirdi ki, bu yüksək mövqeyi itirmək yalnız onun şəxsi duyğularını deyil, bir də, çoxdan bəri vərdiş halına gəlmiş iş üsullarını təhqir edir. Əgər burada inadlı mübarizə zərurəti hiss olunsaydı, o, heç bir vuruşmadan geri durmayacaqdı. Qüdrət özünü haqlı saydığı vaxt, ixtiyarca ondan yuxarıda duran adamlarla da vuruşmağı bacarır, müvəqqəti məğlub olsa da ruhdan düşmür, hər zaman, hər yerdə inadla, mərdlik və cəsarətlə fikrini müdafiə edirdi.

34 min

Poems by other poets