Yel kimi səyirdib mənsəb atını,Sel kimi kükrəyib,Sel kimi axdım.Taxıb qollarıma quş qanadını...Bu gecə yuxuda şah oğlu şahdım.

Günəşə, dur, – dedim, – mənsiz yerimə!Üfürüb söndürdüm ulduzları da.Seçdim xan yerinə, əyan yerinəQəpikdən, quruşdan ucuzları da.

Çalalar önümdə süd gölməçəsi,Dərələr – bal dolu ağzına kimi.Əmrimə müntəzir, əmrimə əsir –Cəlladdan, quldurdan – azğına kimi...

Ağa barmağımı tuşladım – qara,Nə desəm ağardı dediyim anda.Kimdir bu dünyada kimliyi qalan?Əvvəli, sonu var qara daşın da.

İştahım: ucalmaq Allah yanına!Bir az da yuxarı, azacıq, azca!Birdən şah kimi də Allah yanıla,Bir çimdik toz ollam qapazındaca!

Dağlara baxıram: gileyli dağlar...Bir meşə yüklənir bir qarışqaya.Bu uzaq yaxınlar, yaxın uzaqlar,Barışa bilmirsə – heç barışmaya!

Qışqırdım, qışqırdım kişnərti sayaq,Qapdı hay səsimi bir qadın səsi,Kükrəyib qarışdı kükrəyən çayaBir adam kölgəsi, bir at kölgəsi.

Kimsə düyününü açır baxtımın,«Çəpik çal» deyənin öz əli yoxdu.Gümüş sarayımın, qızıl taxtımınHər şeyi yerində,Özülü yoxdu.

Böyrümdə tazı da, dovşan da sinib,Gözucu vəzirə, vəkilə baxdım.Nə qaçan tərpənir,Nə qovan dinir...Bu gecə yuxuda şah oğlu şahdım!

29 yanvar 1989

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets