Yaxşılar
Amandı, qoruyun bir-birinizi.Qoymayın soyuya Arazı Kürdən.Kim atdı, kim satdı birliyinizi –Papağı gildəndi,Qafası küldən...
Elə son anda da sonsuz güc ara,Sən nəfəs-nəfəsə, səs-səsə gursan.Aradan su keçdi – yarğandı ara,Alasız, talasız birliyi bir san!
Yoxsa əl tutanın yıxanın qədər,Qorxma, yaxşıların biri min adam!Gəzib igidlərlə qədəmbəqədəm,Yaxşılar ordusu yaradacağam.
Ziyasız olanlar ziyanı dandı,Yox üzüqarası «qara kütlənin».Bir az gec inandım,Yaxşı inandım:Dişləri pis kəsmir ağlı kütlərin!Amandı, qoruyun bir-birinizi!
Döyüş nə ağıdır, nə də meyxana,Ağlağan qatlanar, –Qatlanan sınar!Beş gün əlinizə düşən meydanaKürnəş bağlayanlar yığışmasınlar!
Bu hansı ağıllı başdan başlanıb?Bu sel görünəndən daha dərindir.Bu çələng taclardan uca başların,Bu sümük xalqına hürənlərindir!
Yaltaq da alçaqdır, alçaq da yaltaq,Çoxları itləşdi bir yalaq üçün.Qoyun beləsini duza, saxlayaq,Sabah beləsinə şapalaq üçün.
Hünər zamanın da qəddini gərir,İgidlər ərləşir ərgən çağında.Xəyanət selinən, yelinən gəlir,Ədalət gələndə quş caynağında!Amandı, qoruyun, bir-birinizi!
Qolu itənlərə qol olanların,Çəkici, orağı qorunmalıdır,Özgə ümidinə qor olanlarınÖz ümid çırağı qorunmalıdır!
Mən də hər çağrışa dönüb baxmaram,Önümdə dağ durur,Arxamda dərə.Mən də hələm-hələm bayraq taxmaramGöyümdə göyərən göydələnlərə.
Baxın, bir baxışla kim bunu anlar,Düşmən qılıncında – bu, dost əlidir!Təbrikə, təhrikə mahir olanlarGüdaza verməyə səriştəlidir.
İlahi, nə çoxmuş çayır kimilər!Ayıqlar qütbündə ayıq kimilər...Amandı, qoruyun birliyinizi!..
4 yanvar 1989
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-yaxsilar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Nə bədxudur gözəllər hər kimi gördükdə nişlər,Çəkərlər təyğ əbrudən nəzər əhlin qılışlər
QartalNə baxırsan məlul-məlul üzümə,Qoydun ürəyimə vərəmi, qartal.
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,