Xudu Məmmədova

Yenə dağ döşündə dənərləndi qar,Yenə zirvələrin həsrətində qal,Sel qopdu, dərəyə düşdü qalmaqal...Bir ocaq başında bir isinməsəkSən kimə gərəksən,Mən kimə gərək?!

Şimşək yelkəninə qoşulu anlar,Göy bizi yamanlar, yer bizi danlar.Görüm ayılmaya gec ayılanlar...Dolular qırımlı, daşlar döyənək...Sən kimə gərəksən,Mən kimə gərək?!

Bax donqar dəvənin səbət yükünə,Bənzəyir içi boş şöhrət yükünə.Ömür karvanının sənət yükünəBir-iki qeyrətli söz yükləməsəkSən kimə gərəksən,Mən kimə gərək?!

Tarix qayalarda yazı qalırmı?Çoxu çoxdan itib, azı qalırmı?Dağ öz duruşundan razı qalırmı?Yalan-yarğanlara nağıl söyləsək,Sən kimə gərəksən,Mən kimə gərək?!

Bu dağlar qardaşım, bu çaylar bacım,Özündən gəlməyən özündən qaçır.Zaman qapımızda əlində qayçı...Hər adi ölçüyə, ülgüyə gəlsəkSən kimə gərəksən,Mən kimə gərək?!

Keçək dərələrin boğanağından,Keçək dolayların doğanağından,Günəşin zirvədə doğan anındanNur alıb, bu yurda səpələməsəkSən kimə gərəksən,Mən kimə gərək?!

Yanvar, 1977

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets