Qurd xasiyyəti
(ovçu söhbətlərindən)
Qurdlar yatışarlar ağız-ağıza,Qurdlar bir-birinin gözündə yatar.Dönüb öz yanında geriyə baxsa,Qurd öz balasına diş çaqqıldadar.
Gecə qurd yuxusu qurd yuxusundanÇimir də istəməz öz qorxusundan.Səhər dumanında birgələşərlər,Axşam toranında birgələşərlər.Girəvə-marıqda yatar birisi,İtlərin başını qatar birisi,Quzunu dərəyə dartar birisi...Birgə geyişərlər, didişdirərlər.Birgə yeyişərlər, didişdirərlər...Paxıllıq aclığı başlar yenidən,Qurdlaşar qayalar – daşlar yenidən.«Qurdlar yatışarlar ağız-ağıza»,Köçür bu sözləri, köçür kağıza,Oxu adamlara,Bir hikmət ara...Ovçu hey danışar, qulaq asaram,Gizli köçürərəm, gizli yazaram:Yaşar min illərlə bu qurd xisləti,Ütüyə, ülgüyə, qəlibə gəlməz!Ancaq, qəribədir, qurd xasiyyətiBəzi adamlara qəribə gəlməz!
Sentyabr, 1970
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-qurd-xasiyyeti
Use ← → keys to move, R for a random poem