Dedin ömür sürək hər zaman qoşa,O əhdi-peymanın həsrətindəyəm.Sənsiz açılmayır qapım, sevgilim,Sən gələn zamanın həsrətindəyəm.

Həyat mehrabımın şamı sən oldun,Ağzımın bal dadan tamı sən oldun,Baxtımın şərbəti, camı sən oldun,Bəs nədir fərmanın, həsrətindəyəm.

Gül tez solur, sənə çiçək demərəm,Mələk xəyalidir, mələk demərəm,Sənsiz ömür mənə gərək demərəm,Səninlə hər anın həsrətindəyəm.

Sənsiz üzüm gülməz, könlüm açılmaz,Üstümə bir dəfə işıq saçılmaz,Həqiqətdən, axı kənar qaçılmaz,Sən kimi insanın həsrətindəyəm.

Sənsiz uzun gecə yuxum çəkilər,Üstümə dünyanın odu tökülər,Sənsiz aşiqinin beli bükülər,Əziz mehribanın həsrətindəyəm.

Təsəllim olmusan ağır çağımda,Güllər yetirmisən əməl bağımda,Mən öz çəmənimdə, öz oylağımdaSən kimi tərlanın həsrətindəyəm.

Fələk arzuladı: könlüm qanaya,Saldı nigarımı xəstəxanaya,Mən hansı gəlinə, hansı anaya,Deyim ki, cananın həsrətindəyəm.

Rahimin varsa da dərdə dözümü,Sevgilim, yollarda qoyma gözümü.Qurbanlıq istəsən verrəm özümü,Olaram qurbanın, həsrətindəyəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love