Mərvdən 558 və Teymurxan-Şuradan

130 nömrəli oxucularımıza

Ey mənim əziz qardaşlarım! Məktubunuzu açıb oxudum, nəhayət hər ikinizdən razıyam. Fəxr edirəm ki, məcmuənin ancaq şəkillərinə baxıb kənara tullamırsınız, içində yazdığım məzmunları oxuyursunuz və hətta oxuyandan sonra bir para mətləblər barəsində yazı-pozuya da girişirsiniz. Lakin səd heyif ola ki, aramızda bir mühüm məsələ var və çox qorxuram ki, əvvəl-axır siz də bəndəni atasınız: yəni çox ola bilər ki, siz də məsləkinizdən üz çöndərib cəridəmizi oxumaqdan uzaq durasınız. Səbəbi də budur. Məktublarınızda hər ikiniz bəndəyə məsləhət görürsünüz ki, “bir para mətləblərə əl vurmayım”; çünki beləliklə avam camaatı məcmuə oxumaqdan qaçırdıram. Hətta Mərvdən gələn kağızda yazılıb ki, “camaat artıq meyl edirlər abunə olub məcmuə oxusunlar, amma çifayda bimövqe mətləblər mane olur!..”.

Hər iki qardaşlara ərz olsun ki, belə-belə kağızlar idarəmizə keçən vaxtlarda da çox kəslərdən gəlibdir. Belə nəsihətləri yenə çox-çox dostlardan eşitmişik və təcrübə eləmişik ki, bir para mətləblərə əl vurmaq məcmuəmizin bazarını bir övqat kasad eləyir. Bizə aşkardır ki, yazdığımız mətləblər avamın qulağına batmaz və bata bilməz; bunların cümləsini biz yaxşı bilirik. Amma biz bilmirik ki, o bir para mətləbləri yazmasaq, dəxi bəs nə yazaq?!

Hərənin bir etiqadı var, hər cəridənin bir məsləki var, hər yazıçının bir mətləbi var; yoxsa bu işlər bihudə deyil; heç bir şairə demək olmaz – elə yazma, belə yaz; heç bir cəridə sahibinə demək olmaz məsləkini çöndər; heç bir fikir sahibinə demək olmaz ki, qandığını at, mən qandığımı tut.

Mərvli və şuralı qardaşlarıma cəsarət edib söyləyirəm ki, haman avam camaata bizim də yazığımız gəlir. Biz arzu edərdik ki, həmin avam camaat bizim məcmuəni xoşlasın; amma əfsus ki, bu başa gələn iş deyil. Əgər bizim məcmuənin mətalibi avam camaata xoş gəlmir, bu dəxi təəccüblü bir iş deyil; o səbəbə ki, camaatımızın indiki halında məsləkini qara pula satmayan və öz başa düşdüyünü sidqi-dildən yazan cəridə avama xoş gəlməz.

Şuralı və mərvli qardaşlardan artıq təşəkkürüm var; abunəçilərdən yana məcmuəmizin qeydinə qalmaqları bizə olan məhəbbətlərini sübuta yetirir; çünki abunə məsələsi hər cəridənin ümdə məsələsidir; lakin yenə cürət edib deyirik ki, abunə mülahizəsi məsləkimizə təğyir verə bilməz və oxucularımız dağılıb ta bircə nəfəri qalınca yazacağıq, yazacağıq. Həmin dairədə yazacağıq ki, altı ildir yazırıq və bu altı ilin ərzində yazdığımız sözləri bu saat yenə min dəfə təsdiq edirik.

Mərvli və şuralı əziz qardaşlara ərz olsun ki, bizim avam camaat ilə işimiz yoxdur; avam camaat qəzet oxumaz, məcmuə oxumaz, dərs oxumaz, kitab oxumaz.

Bax bir, məktəblərimiz boş, qiraətxanalarımız boş, avam camaat nəinki “bir para” mətləblərə əl vuran “Molla Nəsrəddin”i oxumaz, bəlkə belə mətləblərə əl vurmayan qəzetlərimizi də oxumaz!..

Əgər cəridənin məsləkinin müqəddəsliyi abunənin çoxluğuna bais olsaydı, elədə səhifələri “Camei-Abbas”ı yada salan bir para cəridələrimizin şöhrəti gərək Hindistana gedib çıxaydı; amma xeyr, belə deyil. Tarixdə avamın hümməti heç bir işdə görsənməyibdir.

“Molla Nəsrəddin”in iki-üç min məsləkdaşlarının qeyrəti üç yüz milyon avam qardaşlarda tapıla bilməz və o qədər ki, biz başımıza həmişəlik doğru və sadiq oxucu cəm etmişik, – bu hələlikdə bizə kifayətdir və bunca isbat– məcmuəmizin davamıdır.

Yenə ümidimizi şuralı və mərvli kimi ürəfaya bağlayırıq. Ümidimiz bunadır ki, əgər bir nəfər müftəxor “Qasımbəy” mərsiyəxanı, bir avamı aldadıb ona desə ki, Molla Nəsrəddin dinə sataşır, o vaxt dostlarımızın biri həmin avamı başa salar ki, Molla Nəsrəddinin məqsədi nə dinə sataşmaqdır, nə təzə bir məzhəb icad eləməkdir.

Molla Nəsrəddinin qəsdi vəhşi adətlərin ortalıqdan götürülməyi yolunda çalışmaqdır.

Sağ olsunlar bizi qanan oxucularımız! Avama ümid yoxdur.

1 məhərrəm, 1330. Tiflis.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 11 dekabr 1911, №44

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əliqulu Nəcəfov

“Molla Nəsrəddin”– tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam.Bu əziz yoldaşlarımızın biri də mərhum Əliqulu Nəcəfovdur.

1 min
Şeir nəşəsi

“Şərq qadını” məcmuəsinin 3-cü nömrəsinin 49-cu səhifəsində yazılıb:“İdarəmizə gənc yazıçılarımız tərəfindən gələn yazıların çoxusu şeir və nəzmdən ibarətdir. Bu üçüncü nömrəmiz təb olunana kimi idarəmizə qırx beşə qədər mənzum əsərlər gəlmişdir. Bunların yüzdə həştadının məzmunu bir-birinə oxşar olub hamısı eşqdən, məhəbbətdən, vüsaldan, kaman qaşlardan, lalədən, bülbüldən, güldən, pəridən, ulduz gözlərdən və habelə şairanə nazik mətləblərdən bəhs etməkdədir”.

2 min
Köhnə dərdim

Şərq qadını məsələsi mənim dərdimdir. Bütün ömrümdə vurduğum qələmin çox hissəsi Şərq qadını məsələsi üstündə vurulub. Onunçün də “Şərq qadınçılar”ın dərdini mən hamıdan artıq anlaya bilirəm.Nədir onların dərdi?

1 min
Füzuli

Füzulinin ədəbi fəaliyyətindən dörd yüz il keçmək münasibətilə lazım gəlir ki, onun etdiyi xidmətlərindən və onun güzaranının necə keçdiyindən bir az yazılsın.Bunu “Molla Nəsrəddin” daha artıq yazmalıdır. Çünki rəhmətlik Füzuli “Molla Nəsrəddin”in birinci nömrəsindən başlayıb, bu günə qədər məcmuəmizdə iştirak etmiş və şerlər yazmışdır. İndi çox adamlar deyəcək ki, Molla səfehləmişdir.

2 min

Poems by other poets · Satire