Məhərrəm yetişdi. Şaxseylər gediləcək, başlar yarılacaq, şərbətlər içiləcək, məşəllər yanacaq.

Bunlar hamısı öz qaydası ilə. Lakin bircə şey var ki, mənim xoşuma gəlmir və heç bir insaf əhlinin xoşuna gərək gəlməsin.

O dediyim şey budur ki, imam ehsanı bəhanəsi ilə camaatdan hər nə qədər ki, pul yığılır və məhərrəmlik təziyəsində bir az-maz hər nə ki, xərc olunur, – qalan pulu qalır mübaşirlərin qolu çomağında, yəni hər kəs ki, güclüdür və tayfalıdır, pulların hamısı qalır onda; dəxi qalan mübaşirlər və vəkillərə heç bir zad qalmır.

Yaxşı olardı ki, təziyə bəhanəsi ilə yığılan pulları vəkillər və mübaşirlər bərabər bölələr ki, heç birinə zülm olmasın.

Bu bir.

Bu biqaydalıq da budur ki, bir kişi gözaltısı bir övrətə göz-qaş eləyəndə kənardan bir molla, ya bir qırmızısaqqal kişi gərək bunlara mane olmasın, o səbəbə ki, məhərrəmlik və orucluq ibadətlərinin biri də eşqbazlıqdır, yoxsa sair vaxt mən müsəlman övrətlərini harada görürəm ki, özümə dost tapam; ancaq məsciddə belə şeylər mümkündür.


Bu iki qaydasızlığı kənar edə bilsək, inşallah məhərrəmlikdə əcnəbi millətlərdən xəcalət çəkmərik.

Lağlağı

“Molla Nəsrəddin”, 4 dekabr 1911, №43

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Çox nigaranam

Bir neçə şeydən yana çox nigaranam:Biri budur ki, məsəl üçün deyək, gedirsən, Baksoyuzun parça mağazasında növbəyə durursan və yarım saatdan sonra parça alıb gətirirsən və bir neçə gündən sonra görürsən ki, haman parçanın bəzisi çürük çıxdı.

2 min
Nisyə mal ötürmək

Söhbət qulluqçulara nisyə mal buraxmaq üstündədir ki, bunu nə cür başa düşmək.Söz burasındadır ki, doğrudan da indi qış gəlir və ev üçün, uşaqlar üçün hər növ yalavaclıq lazımdır. Hazırda Allah atalarına rəhmət etmişlər qulluqçuların halına yanıb onların gələcək məvacibləri hesabında indidən bir xeylək paltarlıq mal buraxırlar və insanın da gözünə gəlmir. İndi adam qənimət bilir ki, malı alsın qoysun evinə və yavaş-yavaş işlətsin. Axırda da Allah kərimdir, məvacibindən ayda dörddən bir hissə çıxarlar, bir də görərsən ki, borcun da qurtarıb gedibdir və paltarın da əynindədir.

2 min
Latın hürufatı və ingilislər

Bu çox qəribə söhbətdir. “Latın hürufatı və ingilislər” deyəndə qabaqca bizim bəzi oxucuların xəyalına gələ bilər ki, burada yəqin ingilislərin də latın hürufatını qəbul eləməklərindən danışılır.Bu belə deyil, çünki ingilislər qədimdən latın hürufatını işlədir (necə ki, cəmi avropalı və amerikalılar).

2 min
İsti suya – soyuq suya

Bu oyunu biz uşaqlıqda oynardıq: yaxşı yadımda deyil, iki dəstə olardıq, qaçardıq o tərəfə, qaçardıq bu tərəfə, hər tərəfdə də dəstəbaşımız olardı. Bu insafsız dəstəbaşılarımız bizi sağa qaytarardı, sola qaytarardı və hər dəfə sağa qaytaranda deyərdi: “isti suya”, sola qaytaranda deyərdi: “soyuq suya”. Biz bişüurlar da gah sağ tərəfə qayıdardıq, gah da sol tərəfə qayıdardıq.Bu məhz dibaçeyi-kəlamdır. Kəlamın özü aşağıda rəvayət olunacaq.

2 min

Poems by other poets · Satire