Sən nə qədər istəyəsən ki, “Naloq”dan yana kəndlinin yükünü yüngülləşdirəsən. Sən əgər belə tutaq ki, istəyəsən kəndlidən heç bir qəpeyk də “Naloq” almayasan, yenə kəndlinin vergi barəsində elə bir böyük dərdi var ki, heç indi sənin xəyalına gəlmir.

Bu dərdin adı cərimədir.

Məsələn: Həsənqulunun öküzü yol ilə gedən vaxt başını Cəfərqulunun taxılına uzatdı. Kənd şurası üzvü Həsənqulunu da çağırır, Cəfərqulunu da.

Həsənqulu istər şikayət eləsin, istər eləməsin, hər ikisinə cərimə kəsiləcək. Bir manatdan on manata. Yainki iyirmi manata kimi (Baxar əkin sahibi ilə öküz sahibinin cibinə).

Cərimə nəğd ortalığa gəlməyincə hər iki kəndli dustaqdır. Hansı birisi cəriməni qabaqca versə, o da qabaqca azad olacaq və hər kəs də verdiyi pula qəbz istəsə, ikinci dəfə cərimələnəcək.

Bu yazılan əhvalat ola bilər ki, bir çoxlarına qəribə gələ.

Amma söz burasındadır ki, “Naloq” barəsində axır vaxt qəzetlərdə nə ki, yazılır, onların özü də ağıla sığışmayan bir keyfiyyətdir.

Götürək Salyan tərəfində naloq almaq üsulunu. Ya axır günlərdə qəzetlərdə yazılan “Naloq” iftizahını ki, Muğanda, Ağdamda və qeyri yerdə üz veribdir.

Behərhal, söhbət bircə məsələ üstündədir ki, ərz olunur:

Kəndlinin naloq barəsində heç bir sözü yoxdur və haqq-hesab elə mərkəzdən təyin olmuş “Naloq” vergisini əda etməyə canü dil ilə hazırdır.

Amma kəndlinin dərdi bu zalım oğlu cərimədir.

Bax! Buna bir çarə!

Əgər bu “Başı çuvaldan” alınan cərimənin sən qabağını aldın, almısan, əgər ala bilmədin, istər kəndlini yer üzünün cəmi vergilərindən azad elə, yenə bu cərimə kəndliyə bildiyini eləyəcək, onun nəfəsini kəsəcək.

Lağlağı

“Molla Nəsrəddin”, 22 may 1924, №24 səh. 6

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire