Dəli şeytan deyir götür qələmi, yaz bütün dünyavü-aləm xəbərdar olsun ki, müsəlmanların işi dəxi düzəldi qoydu getdi.

Mən belə yazsam, söz yox hər bir kəs ki, mənə küçədə rast gəldi, deyəcək, ay dəli bu nə sözdü yazmısan? Onda mən cavab verəcəyəm: əmi oğlu, mən bir-bir deyim, sən də barmağını yum, gör düzəldi, ya yox?

O, deyəcək – de.

Mən də sayacağam.

Götür bizim müsəlman aləminin məşriqini – Batumu. Ax, necə tərəqqi: iranlıların bircə dənə əncüməni-xeyriyyəsi var, o da qapandı. Qaldı bircə lotuxanalar və piyanxanalar.

Bu məşriq.

Gedək məğribə.

Aşqabadda az-maz teatrdan, mədrəsədən istəyirdi baş tutsun. Onlar da ola bilər ki, getsin işinə. Çünki qazı Seyid Həsən ağa aşkar fərmayiş ediblər ki, maarifə üz qoyan müsəlman qızları fahişəxanaya üz qoyan kimidir.

Bu məğrib.

Götürək şimalı.

Vladiqafqazda müsəlman qardaşlar nəyə məşğuldurlar? Burada axund Mirzə Hüseyn ağanın bərəkətindən camaatın özgə bir peşəsi yoxdur, savayı axirət axtarmaqdan. Axirət də nə ilə ələ gələ bilər? Allah-taala yolunda ibadət və riyazət ilə; məhərrəmül-həram günləri baş yarmaq ilə; Zülcənah və Haris bəzəyib küçələri dolandırmaq və əcnəbiləri öz üstümüzə güldürmək ilə; ibadəti oyunbazlığa oxşatmaq ilə. O dərəcədə ki, imam özü də narazı olsun; o dərəcədə ki, Haris sağ olsa idi və Vladiqafqazda bu il Haris şəbihi gətirən Məşədi Bəhrəm ağanın Haris rolunu ifa etməyi[ni] görsə idi, yəqin ki, bu cənabdan üzrxahlıq istərdi.

Və çox şükür olsun ki, axund Mirzə Hüseyn ağa Vladiqafqazda var imiş; yoxsa olmasa idi, bütün cavanlar camaatımızı lap yoldan-izdən çıxardacaq idilər. Belə ki, axır vaxtda teatrın haram olmağını axund cənabları lap aşkar və uca səslə məsciddə moizə əsnasında “Bəharülənvar” kitabı ilə camaata sübut etdi.

Bu da şimal.

Qaldı sənin cənubun və mərkəzin; yəni göbəyin. Əliəkbər ağaya (adə, bu məlun hələ ölmür ha!)

Qaldı mərkəz.

Mərkəzdən də götürək, məsələn, Quba vilayətini. Əgər desəm indi, yəni bu iyirminci əsrdə, yenə Quba vilayətində şiəlik və sünnülük mübahisələri davam etməkdədir, necə ki, məsələn bu saat Bakının çox məhlələrində bir para dini əncümənlər, dini mübahisə-moizələr davam etməkdədir, vallah inanmayacaqsan. Amma inan, qardaş inan.

Niyə inanmırsan? Məgər Darvin kimi alim yalan deyirmiş ki, bir para insanlar... yəni mənim sözüm vəhşi heyvanlar barəsindədir. Necə götürək meymunu...

(Mabədi, bədsəbir gəlməsə, olacaq).

Dəli

“Molla Nəsrəddin”, 13 yanvar 1923, №9

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qənaət

Atalar yaxşı deyiblər ki, qənaət kimyadır; hər bir şey çox işlənsə, əlbəttə tez qurtarar. Götürək Nuxa cavanlarını ki, bir-birilə müsəlmanca danışanda müsəlman sözlərinə qənaət eləyib, aralığa rus sözləri qatırlar. Və yaxşı da eləyirlər; əgər belə eləməsələr, yəni əgər müsəlman sözlərini çox işlətsələr, əlbət ki, yavaş-yavaş qurtarar; çünki bir şey çox sərf olunsa, tez də qurtarar.Xüsusən, pul.

1 min
Qurddan çoban

“İttifaq” qəzetəsinin 112-ci nömrəsində “Qurddan çoban” adlı məqaləsini uzaqdan görən kimi öz-özümə dedim ki, vallah, bu qəzetələr bilmirəm bu mollalardan nə istəyirlər, nə daraşıblar bu axund və əfəndi və şeyx və müftilərin canına? Başdan bir-iki sətir oxuyub gördüm ki, söhbət Türküstan vilayətindən başlanıb və mən o saat yəqin elədim ki, məqalə sahibi Səmərqənd müftisi Məhəmməd Bəqa xasəyə qurddan çoban ad qoymaq istiyir. Bir az da məqalədən oxudum gördüm “Türküstan vilayəti qəzetəsi”nin də söhbəti aralığa gəldi və indi dəxi lap yəqin elədim ki, bəli, biçarə Məhəmməd Bəqanın evi yıxıldı. Yəqin elədim ki, məqalə sahibi axırda mətləbi bu yerə yetirəcək ki, Səmərqənd müftisinin başına özgə bir qəzetə qəhətdir ki, Ostroumov kimi bir misyonerin qəzetəsində uzun-uzun felyetonlar yazır.Hərçənd məqalədə Məhəmməd Bəqa xacənin adı yoxdur, amma vallah, bu bijliklər keçməz. Xacə əfəndini belə fəndlər ilə tovlamaq olmaz. Bu ona oxşuyur ki, “qızım, sənə deyirəm, gəlinim, sən eşit”. Əgər həqiqətdə Ostroumov özünü qoyub misyonerliyə və öz qəzetəsi vasitəsilə öz murdar fikrini Türküstan vilayətinin ikiayaqlı heyvanlarına soxmaq xəyalındadır, - elədə bəs Səmərqənd müftisi niyə öz qələmi ilə bu qəzetəyə şərakət edir? Dadaşım, əgər Ostroumov misyonerdi, elədə Məhəmməd Bəqa əfəndi də oldu onun qardaşı və yoldaşı. Əgər sən sübuta yetirsən ki, xeyr, Səmərqənd müftisi misyonerə yoldaş ola bilməz, o vədə mən də səndən təvəqqə edirəm ki, Məhəmməd Bəqa əfəndiyə də bir ad qoyasan.

2 min
Qəzetlərdən

“Bəyanül-həq” qəzetinin müxbiri molla Əbdülrəşid İbrahimov Yaponiyanın Tokio şəhərindən İstambulda çıxan “Sıratül-müstəqim” məcmuəsinə yazır ki, “mən Yaponiyada hər məclisdə hər gün nitqlər söyləyirəm. Və Yaponiya üləmasına mənim nitqlərim elə təsir bağışlayır ki, gündə bir neçəsi özündən gedir”.Bu xəbəri möhtərəm “Tərcüman” qəzeti yazıb, axırda soruşur ki, aya, görən, molla Əbdülrəşid bu nitqləri ingilis dilində söyləyir, yainki yapon dilində?

1 min
Üsuli-cədid

Bu üsuli-cədid çox qəribə şeydir. Əvvəllər uşağı bir il oxudardılar, yazıb-oxumaq bilməz idi. Amma indi iki-üç ayın içində basavad olur.Nuxada bu üsuli-cədidin tərəqqisi dəxi də artıqdır. Məsələn, keçən həftə Salahlı kəndindən iki ayağı çarıqlı, bisavad kəndli gəlmişdilər Nuxaya ki, bir həftənin içində “üsuli-cədid” vasitəsi ilə mollalığa imtahan tutub şəhadətnamə alıb getsinlər.

1 min

Poems by other poets · Satire