“Nasux üm-təvarux” kitabının sahibi belə rəvayət edir ki, həzrəti – Rəsulun əli ilə bir rəvayətə görə üç min və bir rəvayətə görə bir min möcüzə zahir olubdur.

Bu min möcüzənin birincisi Qurandır. Belə ki, bu müqəddəs kitabın fəsahətinin müqabilində o əsrin cəmi füsəhası aciz qaldılar və öz əczlərini də iqrar və etiraf etdilər. Necəki Müslüm Quranının tək bircə kəlməsinin də misl və manəndini yarada bilmədi.

Bəli, fəxri-kainatımız nazil olan həmin Müshəfişərifin hər bir hərfi və bir sətri bəninövibəşər üçün dünya durduqca əbədülabad, həmişə və yenə həmişə Sirat ül-müstəqimə bir yeganə rəhnüma olacaqdır.

Müruri-dühur minəl-əzəl iləl-əbəd kitabi-müqəddəsin hər bir hökmü baği qalacaqdır.


Çün hər söhbət öz vaxtına çəkər. Burada sair məsailişəriyyəni qeyribir vaxta qoyub, məqaləmizi sövmdən (ayıb olmasın, bə istilahitürk) orucdan eləmək istəyirik.


Filhəqiqə, bu nə sirdir? Nədir bunun hikməti ki, min üç yüz illik müddətində milyonlarca camaati-müslimin min-min məşəqqətlə özlərinə növ-növ cövr-cəfa verməklə şərqin və cənubun uzun və odlu yay günlərində susuz qalmaqla, beləliklə, cansağlıqlarını gödəldə-gödəldə oruc tutublar və yenə indi tutmaqdadırlar.


Camaatimüsliminin həmin səfahəti müddəti mütəmadi bir çox qərb və şərq hükəmasının bu məsələyə tədqiq və təvəccöhünə səbəb olublar. Xah Amerika misyonerləri xah bəhayi mübəlliğələri bu möcüzənin əsrarının mənbə və mənşəyinə dəfələrlə diqqət yetirmək istəyiblər. Bunlar filhəqiqə bu vaxtadək bu sirri yenə kəşf edə bilməyiblər ki, aya, camaati-müsliminin hər bir sinifinin, hər bir təbəqəsinin, axundun, müəllimin, seyidin, baqqalın və hətta tərbxorun və oğrunun oruca bu dərəcədə müti, bu dərəcədə giriftar, bu dərəcədə bənd olmalarına səbəb nədir?

Bu suallara bu axır vaxtlarda bir növ sakitedici, bir növ məntiqli və sübutlu cavabı Hindistanın Kəlküttə şəhərində yaşayan, sabiq “Həblülmətin” qəzetəsi mühərrirlərindən məşhur ədib və filosof Feyzulla Əl- Ələvi Bombeydə təzə çap etdiyi risaləsində verir. Məzkur mühərrir belə yazır.

Yazır ki, be dürüsti ki, dünya durduqca İslam ümməti Siyamdan, yəni oruc tutmaqdan əl çəkməyəcək. Buna da səbəb Qurani-Şərifdən “Bəqərə” surəsindəki yüz on yeddinci möcüznüma ayəyi-şərifəsidir. Belə ki, həmin ayənin misdarınca: Tərcüməsi:

Yəni o günü ki, oruc tutdunuz, gecələr sizə halal olur.

Heç güman yoxdur ki, müsəlmanlar orucluqdan əl çəkələr. Səbəb budur ki, oruc tutmağın müsəlman qardaşa heç cəfası yoxdur. Əhyana, gündüzlər cəfası olsa da, gecələr səfası var və hədsiz səfası var...

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 2 mart 1928, №9

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire