Növbə gözləməyə indi hər kəsin qulağı qızışıbdır, hamı adətkərdə olubdur.

Axşam vaxtı saat yeddi keçəndən sonra hər məhəllədə tək bircə dənə açıq olan kooperativ dükanından bir qutu spiçka almaq üçün on beş dəqiqə növbə gözləmək lazımdır. Habelə indi rəməzan münasibəti ilə məscidlərə daxil olmaq və başmaqları çıxarandan sonra onları ağzıoruc oğrulardan qorumaq...

Amma sözüm kooperativdə və məscid oğrularında deyil; mənim bir özgə dərdim var. Dərdim Azərbaycanda su təsərrüfat işlərinin biabırçılığıdır ki, işçi-kəndli müfəttişliyinin təhqiqatı nəticəsində bu fırıldağın üstü açılıbdır.

Məsələnin müxtəsər məzmunu budur ki, neçə illər müddətində Azərbaycanın zəhmətkeş təsərrüfatçıları su təsərrüfat idarəsində suvarma işlərinin intizama salınmasını və əkin sularının artmasını gözlədiyi yerdə, axırda məlum olur ki, su təsərrüfat işlərinin baş idarələrinin müdirləri nəyə fikirlərini vermişlər? – nə güman edirsən – əkin sularının artmasınamı? Nə xəyal edirsən – su arxlarının, kəhrizlərin və kanalların təmizlənməyinə və abadlaşmağınamı?

Pəh!.. əcəb iştibahın var?

Bu su ağaları bilirsənmi nə eləyirmişlər? Bunların fikir və zikri harada imiş?

İşçi-kəndli müfəttişliyi tapıbdır ki, bunlar çoxluca hökumət pullarını əllərinə keçirmək məqsədi ilə yalançı kredi siyahisi düzəldirmişlər və düzəldəndən sonra bu krediləri gizlədirmişlər və dövlət büdcəsi üzərinə verilən məbləğləri öz şəxsi cari hesablarına köçürürlərmiş (Badamyan) ya başqa əməkçi yoldaşın hesabına keçirirlərmiş (Quvart) və bundan başqa da böyük məbləğlər də hədər yerə sərf olunurmuş.

Amma hamısından məzəli və bizim oxucular üçün maraqlı yeri burasıdır ki, bu həriflər hökumətdən, məsələn, “Gavur arx” kanalı üçün 263 körpü saldırmağa mayəhtac istəyib alıblar və ancaq üçcə körpü saldırıblar.

Bu sözləri biz burada gərək yazmayaydıq; çünki bu qəbil mətləblərə əl vurmaq bizim vəzifəmiz deyil. Ancaq bizi danışdıran rəmazan ayının məscid yığıncaqlarında başmaqların orucağızlılar tərəfindən oğurlanması məsələsidir. Belə ki, burada oruc tutanlar ancaq səkkizdoqquz qəpiklik özgə başmağına qane olurlar; zira bunlara artıq bir şey bu dünyada lazım deyil.

Amma su təsərrüfat baş müdirlərinə – əzbəs ki, onlar islamın behiştindən məhrumdurlar və bu səbəbdən bu dünyanı özlərinə behişt qərar vermək istəyirlər, – bu səbəbdən bunlara böyük pullar lazımdır. Ancaq onların səhvləri bircə buradadır ki, israf etdikləri pullar zəhmətkeş puludur.

Bu pulu yeyəndən sonra həzmi o qədər də asan olmur. Adam sancıya düşür.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 24 fevral 1928, №8

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire