Əvvəlinci məclis
Page 4 of 7 · 43%
Dördüncü yad arvad. Mərcan bacı, and olsun mənim uşaqlarımın canına, mənim arzum budur ki, əvvəl Çiçək xanımın bəxti açılsın, sora da növbət bizimkilərə yetişsin.
Birinci yad arvad (Zərəfşana). Ay Zərəfşan xanım, vallah, biz qızlardan danışırıq, bəs sənin nə vaxtındı ki, neçə illərnən evdə dul qalasan? Ömrünü cahil-cahil çürüdəsən. Sənin heç otuz yaşın yoxdu.
Zərəfşan. Ay Qəmər xala. Mənnən deyil ki, hərənin bir qisməti var.
İzzət nənə. Vay, vay, yazıq canım, bilmirəm balalarımın hansının dərdini çəkim. Bir yandan Çiçəyin dərdi, bir yandan Zərəfşanın dərdi məni alıb. Ax, yazıq canım.
Şərəf xala. İmam Hüseyn haqqı yaman dərddi.
Həsrət xala. Gör dünən yazıq Çiçək mənə nə deyir? Deyir, xala, mən elə ömrümün axırına kimi ərsiz qalacağam. Deyirəm, balam, səbr elə, Allah səbr eləyənləri dost tutar. Vallah, yazıq qıza elə ürəyim yandı ki, ağlamaq məni tutdu (ağlayır).
Birinci yad arvad. Həsrət bacı, hələ məni demirsən, özgələri birinin dərdini çəkəndə, mən üçünün dərdini çəkirəm. Üçünün vaxtı yetişib, ər deyib hazır durublar. Həsrət bacı, vallah, onların dərdi mənə gecələr rahatlıq vermir, yuxu da yuxulaya bilmirəm (doluxsunur).
Üçüncü yad arvad. Ax, siz deyirsiz ki, yəni bu ömürdü ki, ömür eləyirik? Zəhrimar olsun elə ömür ki, biz ömür eləyirik. Elə bizim biçarə Zərgül sübh tezdən yerindən qalxır, elə belə görürəm ki, xəlvətcə akoşkanın qabağını kəsib, küçədən keçənlərə vurhavur əl eləyir və oğlanlara baxır. Elə səhərdən axşamadək peşəsi ah çəkməkdi. Bilmirəm, bu yazığın axırı necə olacaq? Ah, yazıq qız (dolxusunur).
Dördüncü yad arvad (ağlaya-ağlaya bir söz danışır və yaxşı eşidilmir. Ancaq hər cümlənin axırında bu kəlmə aşkar eşidilir). Ər, ər… (Qeyri arvadlar da ölüyə ağlayan kimi səs-səsə verib ağlaşıb oxşayırlar). Ər, ər...
Elə bil ki, ölüyə ağlaşırlar. Həsrət xanım, Zərəfşan, Şərəf xala, İzzət nənə ağlayana oxşayırlar. Çarqatlarının ucu ilə gözlərini silirlər. Bu heyndə Cahangir qoltuğunda kitablar tələsik girir içəri və tövşüyə-tövşüyə durur məclisin ortasında və deyir:
Cahangir. Ana, bu nə ağlaşmadı, nə bədbəxtçilik üz veribdi? Ana, sən Allah, tez mənə doğrusunu de. Yoxsa, darülfünundan bura kimi qaçmışam. Qonşumuz Aslan Mirzə darülfünunda məndən soruşdu ki, sizdə nə ağlaşmadı? Ana, sən Allah, tez cavab ver.
Mərcan xanım. Oğlum, qorxma, elə bir şey yoxdu.
İzzət nənə. Bala, inşallah, bir şey yoxdu.
Zərəfşan. Bala, ürəyini sıxma, Allah kərimdi.
Cahangir (yad arvadlara diqqət eləyir). Bu arvadlar bura cəm olmaqda yəqin bir şey var ki, yığışıblar.
Həsrət xala. Bala, elə bir ölüm-itim yoxdu. Ancaq elə onlar da biz dərddədi, onunçün yığışıblar ki, bir yerdə dərdləşək.
Cahangir. Bəs, Nadir bala hanı?
Mərcan xanım. Nadir bala da lap ipdən-sapdan çıxıb, lap ağlı-zadı da qaçıb.
İzzət nənə. Yazıq, o yola ki, Nadir bala düşübdü, elə bir dərd də Nadirin dərdidi.
Cahangir. Mən sizə yalvarıram ki, axır ağlaşmanıza səbəb nədi? Mürşid dayımdan nə xəbər? Azarlı deyil? Mən ölüm, ana, qohuməqrəbadan azar-bizar xəbəri, ölüm-itim xəbəri eşitməyibsiniz ki?
Zərəfşan. Cahangir, sənin canın üçün heç bir azar-bizar xəbəri bir yandan eşitməmişik.
Arvadlardan bir-ikisi durub ayağa, getməyə hazırlaşırlar.
Cahangir. Bəs, bu arvadlar kimdirlər?
Mərcan xanım. O ayaq üstə duranların biri Faisə xala, biri Üzeyirin dostu Xanımdı. Yerdə oturanlar da Şirin xanım, biri Çəpkən xaladı və o tərəfdə duran da İbrahimin arvadı Dükcə bacıdı.
Cahangir mat və məəttəl qalıb bir şey başa düşmür və dinmir.
Birinci yad arvad (Mərcan xanıma). Mərcan xanım, Cahangir bəy yəqin ki, işdən halı deyil. Çünki nigarana oxşuyur. Yaxşısı budu ki, mətləbi açaq qoyaq ortalığa.
Mərcan xanım (birinci arvada). Vallah, biz çox demişik. İstəyirsən, indi də sən de. Bəlkə, sənin sözün Cahangirə kar eləyə.
Cahangir anası danışanda diqqətlə ona baxır, birinci yad arvad danışanda diqqətlə ona baxır.
Birinci yad arvad. A bala, Cahangir bəy, bəs, bu qıza sənin yazığın gəlmir?
Cahangir. Hansı qıza?
Birinci yad arvad. O Çiçək xanıma.
Cahangir. Çiçək xanıma nə olub ki?
Birinci yad arvad. Bəs, bu qız nə vədəyədək ərə getməyib, evdə qalacaq?
Cahangir (acıqlı). Elə bu? (Anasına tərəf acıqlı və ucadan) Ana, bu arvadları tez buradan rədd elə, yoxsa bu saat burada biabırçılıq salaram.
Arvadlar dururlar ayağa ki, getsinlər. Küçədə uşaqların səs-küyü eşidilir.
Nadir bala (öz sinnində bir uşağın qolundan yapışıb çəkir otağa). Xala, bax, bu oğlan evlənmək istəyir, dediyin qızların birisini verin bu oğlana.
Mərcan xanım təşvişə düşür, yad arvadlardan xəcalət çəkir, Cahangir onları qovur və Nadir bala da onlara sataşır.
Mərcan xanım (Nadir balaya). Nadir, cəhənnəm ol buradan get və o sözləri ağzına alıb danışma.
Cahangir (arvadlara üzünü tutur). Bax, belə olar. Çox xoşuma gəldi. Sizin kimi arvadların cavabını bu uşaqlar verə bilər. Hey, niyə dinmirsiniz? Ər axtarırsınız? Bu da sizə ər.
Burada otağa beş-altı uşaq hücum çəkir. Birinci uşaqlar o biri uşağın qolundan tutub çəkir qabağa və arvadlara tərəf üzünü tutur.
Birinci uşaq. Çölmək xala, bu oğlan da evlənmək istəyir. O qızların birini də bu oğlana verin.
O biri uşaq da qeyri birinin əlindən tutub çəkir qabağa.
Cahangir (öz otağından çıxıb uşaqlara bərk çığırır). Cəhənnəm olun buradan (uşaqlar çəkilirlər, arvadlara tərəf). Siz də rədd olun, yoxsa peşman olarsınız.
Uşaqlar rədd olur, arvadlar da onların dalınca çıxırlar. Mərcan xanımdan başqa ev adamlarının hamısı gizlənir. Qalır bircə Mərcan xanım və Cahangir.
Cahangir. Mən dəxi heç bir kəsi başa sala bilmərəm ki, bu evdə bir dəstə qadın ər axtarmaq yolunda elə bir yas qurublar ki, guya, əziz bir qohumları ölübdür. Heç kəsi inandıra bilmərəm ki, o arvadların biri mənim anam Mərcandır, biri mənim bacım Çiçəkdir. Mərcan mərkəzi qadınlar klubunun rəhbəri, mədəni hücum heyətinin sədri, şura məktəbinin müdirəsi, firqə namizədi Cahangirin anası Mərcandır. Onun qızı Çiçək – sabiqdə Tağıyev gimnaziyasının talibəsi, həmin məktəbi bitirmiş və bitirəndən sonra həmin məktəbdə müəllimlik vəzifəsini qazanmış və mədəni hücumda hər bir komissiyada aktiv iştirak etmiş bir qızdır. Bir de görüm, ana, mən kimə cavab verə biləcəyəm?
Mərcan xanım gəlir akoşkaları örtməyə başlayır.
Mərcan xanım (alçaq səslə). A balam, ta niyə çığırırsan? Bəlkə küçədə dost-düşmən var, bəlkə sənin sözlərini onlar eşidirlər.
Cahangir. Küçədən ötən dost-düşmən… (Mürşüd dayı yavaşca girir otağa). Çoxdan siz cici-bacıların nərə çəkməyini eşidiblər və öz hesablarını aparıblar. İndi onu bilirlər ki, biz Çiçəyə ər tapmaq yolunda küpəgirən qarıları bura toplayıb, böyük bir mərəkə qopardırıq. Vay mənim halıma. Öl, öl, firqə namizədi Cahangir!!!
Mürşüd dayı (uşaq kimi qaçır, əvvəl əlini qoyur Cahangirin ağzının üstünə, yavaşca deyir). Bir dinmə sus.
Uşaq kimi qaça-qaça gedir akoşkaları bərk-bərk örtür. Otaq qaranlıq olur. Sonra uşaq kimi gedir Mərcan xanımın əlindən yapışıb aparır hərəmxana otağına, gəlir durur Cahangirin ən yavuğunda və yavaşca deyir.
Mürşüd dayı. Sən məni köhnəpərəst və köhnə adam hesab eləmə. Mən də elə siz təzələr tək deyirəm ki, övlad ata-anaya hər sözü aşkar deyə bilər və lazım olan yerdə ata-anaya ağ da ola bilər. Ancaq mənim sözüm budur ki, heç bir sirri açmaq olmaz. Bu barədə mən əvvəl Mərcanı qınayırdım ki, ər məsələsini qohum-qonşuyadək nəşr edir. Saniyən sən Cahangiri də mən səhv eləmiş görürəm, çünki Mərcan kimi təcrübəsiz bir arvada qoşulub, çığır-bağır eləyir, ev sirrini evdən küçəyə çıxarırsan.
Cahangir. Dayı, sən bir fikir elə ki, bir evdə bir qadın yaşıya, özü tərbiyəli və dərsli, ictimai işlərdə çalışan bir qadın. Peşəsi dərs, kitab və maarif, özü və qızı mədəni hücumda da həmişə qabaqda getsinlər. Sübh və şam ictimai işlərdən geri durmayan bir evin qabağından keçəndə qulağına bir ah-nalə çata: – Ax, ər, ər!
Mürşüd dayı yavuqlaşıb istəyir Cahangirin ağzını əlilə örtə. Cahangir dəxi əlini rədd edir və dayısına deyir:
Cahangir. Sən Allah, dayı, qoy sözümü deyim, qoy, ürəyimi boşaldım, yoxsa, bağrım çatlayır.
Qapının dalından Mərcan xanım başını uzadıb, qorxa-qorxa deyir:
Mərcan xanım. Bala, Cahangir, bu dəfəliyə sən bizi bağışla, aman günüdü, bu dəfəliyə sən günahımızdan keç. Vallah, Zərəfşan da, Çiçək də, hətta anam da xəcalətdən ölüb qurtarıblar.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-er-evvelinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Dünyada çox adam dərsdən qaçıb. Özgə millətləri bilmirəm, amma bunu bilirəm ki, yer üzündə bir müsəlman yoxdur ki, dərsdən qaçmamış ola. Əvvəlinci nüsxəmizdə demişdik ki, dərsdən qaçan alim olar və haman sözü indi təkrar edirik: müsəlmanların cümləsinin alim olmağına əvvəlinci və axırıncı səbəb dərsdən qaçmaqlarıdır.Müxtəsər, dərsdən qaçmayan – müsəlman deyil.
Çox qəribəŞamaxıda pristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlman övrətinin evini viran edir, amma bunun əvəzində Şamaxı ruhanilərindən birisi mənim üstümə elə bərk çığırır ki, səsi Tiflisə gəlir. Buna iktifa etməyib götürüb mənə yazır: ey Molla Nəsrəddin! Gör sənin başına nə iş gətirəcəyəm!Qardaş, vallah mən Cəbrayılovun üzünü də görməmişəm. Aprelin 7-dən Tiflisdə Varansovski küçədə nağıl deyirəm və ömrümdə Şamaxıya getdiyim yoxdur.
Hansı elmlər lazım?Dünən oğlanı göndərdim gedib Məşədi Məhəmməd Nəcəfin dükanından bir az həna gətirdi. Həna bir kağız parçasına bükülmüşdü, amma haman kağız kitab vərəqinə oxşayırdı. Hənanı bir özgə kağıza töküb və dükandan gələn vərəqə diqqət edib gördüm ki, səhifənin yuxarısında cədvəlin üstündə yazılıb: “Səyahətnameyi-İbrahim bəy”, səhifə 170. Haman səhifədə İbrahim bəy Təbrizdə qonaqlıq məclisində olmağından nağıl edir. Bu heyndə yoldaşım Lağlağı, əlində “Həyat”ın 106-cı nömrəsi, girdi içəri və dedi ki, xeyir-xahi-millət Əbutürab Axund oğlu “Həyat”da gözəl bir məqalə yazıb.Dedim:
Təzə təlim kitabıMəlum şeydir ki, məktəblərdə təzə üsulla dərs vermək üçün kitablar azdır. Bu səbəbdən millət, vətən adına bir qulluq eləmək niyyətilə yoldaşlarım “Mozalan”, “Hop-hop”, “Lağlağı” və “Hərdəmxəyal”la himmət edib və köməkləşib bir hesab kitabı cəm etmək fikrinə düşdük.Hər bir məktəb şagirdi bu hesabların birini tapıb, cavabını yazıb idarəmizə göndərsə, ona həmin kitab çapdan çıxandan sonra bir cild göndəriləcək; amma bu şərtlə ki, şagirdin adının axırında “of” ola.