İkinci məclis
Page 2 of 2 · 50%
Kişilər şöbəsinin qapısı ağzında qapıçıya itaət etməyib, Dəli Şahzadə professora tərəf bir belə məzəmmət və hökm göndərir.
Dəli Şahzadə (ucadan, hirsli). Əgər bu saat məni evləndirməsəniz, mən sizin hamınızı xidmətinizdən əzl eylərəm. Çünki bu ali binanı da tikdirən və bu ali təfərrücxananı da idarə edən mən özüməm.
Dəli kişilər arasında qilu-qal qopur və axırda qapıçının binagüzarlığının bərəkətindən sakitlik əmələ gəlir.
Dəli Şahzadə (professora tərəf). Eşidin və agah olun ki, İs-kəndəri-Kəbirdən irs qalan Türküstan məmləkətinin yarısı mənim səltənətimdir. Ceyhun ilə Seyhun arasında yüzlərcə əmirlər və vəzirlər var. Bununla bərabər, siz məni evləndirmək istəmirsiniz. Amma bilin ki, axırda peşman olacaqsınız.
Professor (tələbələrə). Bu bədbəxt görürsünüz özünü necə professor və şahzadə adlandırır. Bunun ucundan çoxları da mənim özümü Türküstan şahzadəsi hesab edirlər (Tələbələr gülüşürlər).
Burada ayrı bir xidmətçi professora başı bağlı bir paket gətirib verir. Professor paketi açmaqla məşğul olanda “Dəli arvadlar” şöbəsinin tərəfində bir neçə dəli arvad görsənir. Dəli Şahzadə onları görən kimi onlara tərəf hücum etməyə dartınır. Ancaq qapıçılar bunu zorla yerinə qaytarmaq istəyirlər. Dəli arvadların qapıçısı onları zor ilə yerlərinə qaytarır. Dəli Şahzadə çox coşmuş. Dəli qadınlara tərəf hirs və qeyzlə deyir:
Dəli Şahzadə. Arvad, arvad, mənə arvad lazımdır. Çünki yeddi ildir bu xaraba məmləkətdə arvad üzünə həsrətəm. Vay, vay... (Yumruq ilə qadınları təhdid edir). Vay, mən arvad istəyirəm.
Burada Dəli Şahzadə yumruğunu düyüb, nərə təpə-təpə vayıldayır və qadınlara tərəf dartınır. Qapıçılar, nəzarətçilər, professor və tələbələr güc ilə bunu dəlilərin içinə daxil edirlər. Professor əlindəki kağızı oxuyub qurtarandan sonra üzünü tələbələrə tərəf tutub soruşur:
Professor. Cavanlar, bilirsiniz bu məktub kimdəndir? Bu məktubu yazan sizin yoldaşınız Cahangir Vəlisultan oğludur. Kağızın məzmunu belədir: “Əvvəla, sizdən üzr istəyirəm ki, bir neçə gündür ki, bəzi məsələlərin səbəbindən sizin leksiyalarınıza gələ bilmirəm. İkinci, cəsarət edirəm Siz alinəcad professor həzrətlərini həqirin mənzilinə qonaq dəvət edəm və bunu də əlavə edirəm ki, qonaqlıq məcli-simiz xar keçməsin deyə, öz yoldaşlarımdan hər birini rəva görsəniz, öz yanınızla gətirə bilərsiz. Ümidvaram ki, təşrif gətirməyinizi müzayiqə etməyəsiniz. Xüsusən sizi görmək və şahanə qədəmlərinizi istiqbal etmək arzusunda olanlar anam Mərcan xanım, xalam Zərəfşan xanım, bacım Çiçək (burada Dəli Şahzadə dartınır və məclisə daxil olmaq istəyir. Bu arvadların adını eşidəndə dəxi şövqə gəlir. Dəxi də artıq hirslənir), xidmətçimiz Püstə, çörək bişirənimiz Həsrət xala və nə-nəm İzzət nənədir. Dayım Mürşüd dayı sizin xidmətinizdə olmaq ar-
35 zusundadır. Kağızı yazan kiçik xadiminiz və mütəlliminiz Pərvər.
Şəhər filan, küçə Zəngilan, döngə Ərslan, nömrə filan. (Kağızı oxuyub qurtarandan sonra, qabağa tullayıb, şəstnən deyir). Mən bu qonaqlığı xoşhallıqla qəbul edirəm.
Qapıçılar Dəli Şahzadəni geri oturdurlar. Dəlilər tərəfindən gülüşmə eşidilir.
Professor (Dəli Şahzadəninin hərəkətini xoşlamayıb, qapıçını məzəmmət edir). Çox təəccüb olsun ki, sən xəstələri zabitəli və itaətdə saxlamırsan ki, bir saat onlardan şuluqluq və ədəbsizlik baş verməsin.
Qapıçı bu sözlərin təsiri altında dəlilərin üstünə başlayır dinib məzəmmət eləməyə. Ara sakit olandan sonra professor əlindəki məktubu tələbələrə tərəf tutub deyir:
Professor. Əvvala, beş dəqiqə tənəffüs elan edirəm. Saniyən, cavanlardan xahişim budur ki, Pərvərin təklifi barəsində öz rəylərini izhar etsinlər.
Professor tənəffüs elan edəndən sonra tələbələr asudə nəfəs çəkməyə və papiros yandırmağa başlayır və bir yerə toplaşıb Pərvərin məktubu barəsində götür-qoy edəndən sonra onlardan biri belə deyir:
Birinci tələbə. Professor cənablarına ərz olsun, Pərvərnin məktubundan bizə bir özgə qoxu gəlir. Əvvala, sizə indi, məsələn, alinəcad kimi xitabı biz heç başa düşmürük. O, yəqin azadə şöhrət tapmağa başlayan şayiələrdir ki, guya, siz Türküstan şahzadəsinin özüsünüz.
Professor (sözünü kəsir). Bəli, bəli mən özüm sizə deyəcəkdim ki, axır vaxtlarda bədbəxt (əlini dəlixanaya tutur) Dəli Şahzadənin çığır-bağırının təsirindən yavaş-yavaş camaat arasına belə bir danışıq buraxılıb ki, mən Türküstan şahzadəsiyəm və özüm də evlənmək istəyirəm. Və hətta dünən bir nəfər (ciblərindən bir şey axtarır) buranın əhalisindən oğlunun imtahanı barəsində gör mənə nə yazır: (Bir məktubu açır). Filan, filan, filan, filan. Hə, mənə xitab etdikdə yazır: “Ali intisab, vala bir də vala və filan gər ali intisab, vala və qeyrə... ali intisab ləqəbi məhz alixanada elmə mənsub olan zatə verilir. Nəinki adi bir ailədən törüyən bizimtək şəxslərə.
Tələbələrdən biri. Professora ərz olsun ki, bu məktubun şivəsi heç Pərvərin qələminin əsərinə oxşamır.
Bir özgə tələbə. Doğrusu, heç oxşamır.
Professor (məktubu tələbələrə uzadır). Xub, baxın, onundur, ya yox.
Tələbələr məktuba diqqət edirlər.
Birinci tələbə (təəccüblə). Pərvərin xəttidir.
İkinci tələbə. Pərvərin də xətti olmuş olsa, bu ibarələr onunku deyil.
Üçüncü tələbə. Xeyr, deyil, bilirsiniz ki, niyə onun deyil? Ondan ötrü ki, insan bu tezliklə ola bilməz ki, bilmərrə dəyişilib, xətti hərəkətini itirsin.
İkinci tələbə. Doğrudur.
Üçüncü tələbə. Siz özünüz bilirsiniz ki, o firqəçidir. Bu əhval professor cənablarına da gərək bəlli olsun. Birdən-birə firqəçi bir cavan professor cənablarını şahzadə hesab edib, gətirə ona bu cür təməllüq edə belə ibarələr ilə ona yaltaqlana... Bunlar gözlənilməyən bir işdir. Xülasə, bu bizim firqəçi cavanlarımız ki, özlərini göstərmək üçün yeri düşəndə saat bir analarını tutdurmaq və həbsə göndərməklə qorxudurlar.
Professor. Xub, indi bir məsələ qaldı ki, ayə, onun təklifini qəbul etməli və onun qonaqlığına getməli, ya yox?
Tələbələrdən birincisi. Cənab professordan üzr istəyirəm. Əgər mənim rəyimi soruşsanız, mən hər halda öz tərəfimdən Pərvərin təklifini rədd edirəm. Xah özüm üçün, habelə siz cənablarına və yoldaşlarıma onlara getməyi məsləhət görmürəm. Səbəb budur ki, qonaqlıq barəsində Pərvər ilə anası arasında (eşitdiyimə görə) həmişə ixtilaf olmağını eşitmişəm. Nə qədər anası Mərcan xanım qonaqpərəstdir, o qədər dostumuz qonaqlardan uzaqdır. Qorxuram onun dəvətini qəbul edib gedəsiniz və məclisi o qədər xar görəsiniz ki, oradan ac və susuz qayıdıb gələsiniz.
Professor. Yox, yox elədə getməyək. Nə səbəbə xalqa əziyyət verək.
Zəng çalır, professor kağızın cavabını yazmaqla məşğul olur. Qapıçı gəlir.
Qapıçı (professora). Qulluq?
Professor (yazmaqla məşğuldur). Dayan, bu kağızı qurtarım, apar ver kağızı gətirənə. Çünki qonaqlığa getməyimiz baş tutmadı. Kağıza cavab yazıram.
İkinci tələbə. Cənab professor, burada mənim rəyim başqadır. Doğrudur, qeyri kəslərə görə yoldaşımız Pərvər o qədər qonaqpərəst deyil, amma, bir surətdə ki, o lazım bilib, siz cənabları öz evinə dəvət edib, əlbəttə ki, onların bu tədbiri ailə məsləhəti ilə əmələ gəlibdir. Mən qanıram ki, səbəbsiz yerə onun dəvətini rədd eyləyib, yox cavabını verəsiniz, Pərvərin xətrinə dəymiş olarsınız.
Professor. Deyəsən, bu da doğrudur. Elədə bəs, Pərvərin dəvətini qəbul etmək. (Üzünü o biri tələbələrə tutur). Nə deyirsiniz?
Bir kəs cavab vermir. Professor bir özgə kağız götürüb, yazır və kağızı paketin içinə qoyur və üstünə nəsə yazmaq istəyir. Burada qeyri bir tələbə deyir.
Qeyri bir tələbə. Professor, ixtiyar sahibisiniz. Pərvərin təklifini istəyirsiniz qəbul ediniz, istəyirsiniz rədd edin. Amma bu barədə mən bir-iki kəlmə söz danışmaq istəyirəm. Professor cənabları, siz onu yaxşı tanımırsınız. Amma biz yaxşı tanıyırıq. Onlara qonaq getmək müşkül bir işdir. Anası Mərcan xanım, doğrudan da, cəvahir kimi bir xanımdır. Birisi ki, onun evinə ayaq basdı, dəxi evdə nə qədər yeməli və içməli olsa, gətirib qoyacaq qonağın qabağına ki, qonaq nə qədər mümkündür ondan razı olsun. Amma oğluna gəldikdə, bu evi xarab deyir ki, dünyada yavan çörəkdən başqa gərək insan bir şey yemiyə. Deyirsən niyə, nə səbəbə? Deyir ki, sən burada plov yeyəndə, bəs, füqarə dünyada nə yesin? Vallah, mən öz gözümlə görmüşəm ki, plov nimçəsini öz evində qonaqların qabağından götürüb, göyə qalxızıb, həyətdə daşların üstünə elə çırpıb ki, qab-qacaq çilik-çilik olubdur. Xülasə, cənab professor, siz özünüz ixtiyar sahibisiniz.
Professor (bir qədər fikirləşir). Doğrusu, mən də həvəsdən düşürəm. Getmək istəmirəm (Qələmi götürür ki, yazsın). Yazıram ki, məni bağışlasın (Yazır).
Bir özgə tələbə. Yox, yox, cənab professor elə yazma. Vallah, insaf deyil. Kişilər tədarük görüblər. Yəqin ki, yaxşı, cəlallı qonaqlıq eləyirlər. Eşitdiyimə görə, yaxşı nemətlər və sazəndə-xanəndələr çağırıblar. Vallah, insafdan uzaqdır ki, belə bir təklifi rədd eləyəsiniz və kişiləri peşman qoyasız.
Professor (yenə fikrə gedib, sonra deyir). Xub, xub. Bu surət ki, məsləhət bilirsiniz, mən də qəbul edirəm. Bu şərtlə ki, siz də mənimlə bahəm gedəsiniz. Çünki yoldaşınız sizi də dəvət edir.
Kağızı yazır, durur ayağa və tələbələr ilə birlikdə üz qoyurlar tənəffüs otağına. Pərvərin dəvətnaməsi qalır stolun üstə. Dəli kişilər evinin qapıçısı qapını örtüb, oturur qapının ağzında. Bir qədər keçəndən sonra sakitlik əmələ gəlir. Qapıçı həmən oturduğu yerdə başlayır mürgüləməyə. Bu heyndə Dəli Şahzadə şöbədən çıxır və dolana-dolana gəlir, Pərvər yazan kağıza gözü sataşır və götürüb oxuyur. Və yavaşca deyir:
– Xub, mən qəbul edirəm.
Sonra mıxdan asılan paltarlara və papaqlara diqqət salır. Professorun eynəyini stolun üstündən götürür və vurur gözlərinə. Professorun papağını qoyur başına. Döşlük köynəyini salır döşünə. Üz qoyur dəlixanadan getməyə. Dəlilərdən üç nəfər dəlilərin içindən çıxıb, dinməz-söyləməz düşürlər Dəli Şahzadənin dalına və getməkdə olurlar. Bu arada dəlilərin içində qilü-qal eşidilir. Qapıçı huşdan oyanır və əhvalatdan xəbərdar olub, hay-küy salır. Bir tərəfdən də professor və tələbələr tənəffüs otağından tökülüb gəlirlər və əhvalatdan hali olurlar.
Professor (böyük təşvişlə). Bax, aman Allah, biabır olduq. İndi bu dəlilər və xüsusən Dəli Şahzadə özünü professor və müdir qələmə verib, mənə oxşadacaq. Ağzına gələn hədərən-pədərən ilə məni və bütün xəstəxananın adını şəhər içində biabır edəcək. Bax, biabır olduq. (Qapıçılara tərəf) Siz olasınız Allah, durmayın qaçın. (Özü də uşaq kimi başlayır qaçmağa, tələbələr də onun dalınca). Bəlkə bir təhər tapıb qaytarasınız. Bax, aman Allah, biabır olduq. A!..
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-er-ikinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Bizlər deyirik: mənə nə, farslar deyir: bə mən çe? Bu ibarənin mənası budur ki, mən deyirəm hər bir işin başında mən özüm olum və o işdə ki, mən yoxam – o işi də pisləyəcəyəm.Məsələn, eşidirəm ki, sən bir xeyir iş başlamısan; məsələn, aclara köməklik yığırsan, ya körpü qayırırsan. Hərçənd o işlər öz-özlüyündə fəna iş deyillər, bəlkə hələ yaxşı da bir işdirlər; amma zəmani ki, sən o işləri mənsiz başlamısan və mənim orada adım-sanım yoxdur, mən, əlbəttə o işlərin heç birini təsdiq etməyəcəyəm. Çünki bunlar hamısı keçəndən sonra mənə şöhrət lazımdır.
Qızıl kimi sözSözün doğrusu, ölən qızımın anası bizim Nabat daha köhnəlmişdi. Yəni, elə belədir: arvad ki, bir evdə dörd, ən çoxu beş il yaşadı, bəsdir. Onu dəyişib özgəsini gətirmək lazımdır.Mən də helə beləyəm. Nabatı dəyişməmiş, yerini gözaltı eləmişəm. Özü də Nabatdan çox-çox gözəldir. Və bir də kişinin qızı adamın Allahı var, cavandır; belə lap təzə vaxtıdır. Yəni yeni yetişir. Lap mənim fənnimdir. Hər bir danışığımız, işimiz qurtarıb gedibdir.
İzhari-təşəkkürNə gözəl gün! Nə səadətli gün! Bu gün ki, may ayının on yeddisi və şavval ayının biridir, ali bir gündür ki, bunun misli və manəndi az-az düçar olur.Bu gün eydi-fitrdir. Yəni oruc bayramıdır. Yəni mömin və oruc tutan və namaz qılan müsəlmanların müqəddəs bayramı və əziz gündür.
Teatr işləriYay gəldi, teatrlarımız bağlandı. Yaxşı da oldu bağlandı. Çünki müsəlmanları məsciddən və bir para yerdən avara qoyurdu. Amma deyirlər Tiflisdən “Akademik” dəstəsi Bakıya “Qastrola” gəlib. Bir neçələrini gördüm, istəyirdilər teatra getsinlər. Qoymadım getsinlər. Çünki dostumun birinin evində toy tədarükü var idi. Sən öləsən yeddi gecəni yatmadıq. Səhərə kimi vurduq. Bir də mən qanmıram hər şəhərin öz artisti olar, öz şəhərində də oynar. Hələ bu Tiflisdən bura gəlmək yəni çe? O da sizin hörmətiniz. Odur, Aşqabaddan Məkkəyə təşrif aparan Seyid Hüseyni nə cəlal ilə dərya kənarında qabaqlayıb, əllərini öpə-öpə, hacı-hacı ağaya gətirdilər. Başına nə qədər mömin cəm olmuşdu.Qardaş, bizə teatrdı, nə bilim maarifdi, mədəniyyətdi, nədi? Qardaş, lazım deyil, deyil, deyil. Zor deyil ki?
Poems by other poets
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
ÜstündədirBu dünya belə qurulmuş, dövlət-var üstündədir,Ərül-qərül mal qazanır, tarımar üstündədir.
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,