Köhnə idarə vaxtında Osmanlı türklərinin başına ən böyük bəla olanlardan biri də sultanın ən yaxın adamı olan Ərəb İzzət paşa idi.

Bu zalım osmanlıların başında nə cür istərdisə oylə oynurdu. Hamı maarif əhlini zəhərli pəncələrilə sıxıb özünə qul, əsir eləmişdi.

İnqilabdan sora cavan türklər nə qədər çalışdılar ki, bu xaini tutub tikə-tikə eləsinlər, lakin bacarmadılar. Sultanın planı sayəsində gecənin birində ingilis gəmisilə Avropaya qaçdı. İndi Londrada arxası üstə yatıb cavancavan türklərə dirsək göstərir, qını-qını verir. Cavan türklər isə acıqlarından ölürlər. Onun qaçmağını yana-yana yazırlar.

Bəli, onlar çox yanırlar. Amma biz heç yanmırıq. Çünki biz görürük Ərəb İzzət paşa və onu o dərəcəyə qaldıran səbəblər bu saat genə osmanlı türklərinin içində ağalıq eliyir. Və hətta köhnəsindən daha artıq türklərin ruhlarına, ürəklərinə soxulub.

Osmanlılar ha bağırsınlar ki, Ərəb İzzət türklərin arasından qaçıb. Biz də tərsinə, ha qışqırırıq ki, Ərəb İzzət qaçmıyıb, bəlkə ərəb Əbülhüdanın əfsununun təsirilə mikroba dönüb türklərin dillərinin altına soxulub gizlənir və orada yaxşıca yuva yapıb türk sözlərini boğazdan çıxan kimi tutub yeyir; türk dilini, türk beynini ərəb mikrobları ilə doldurub çürüdür.

Heç şəkk yox ki, 33 ildir osmanlıların başına gələn bəlaların hamısı bu dil bəlasından olub. Çünki camaat indiyə qədər hirriyyət, müsavat, üxüvvət sözlərini öz dilləri ilə əsla eşitmiyib, öyrənmiyib. Həmin bu eşitməməzlik, bu dilsizlik sultana və onun adamlarına çox böyük yardımlıqlar edib, camaatı korluqda saxlıyıb.

Təcrübələrimizə görə osmanlılar bugünkü dillərinin vücudilə heç güman etməsinlər ki, ərəb izzətləri, ərəb əbülhüdaları öldürməklə istibdaddan, zülmdən tamamilə qurtaracaqlar. Xeyr, nə qədər ki, türk ədəbiyyatı ərəb sözlərilə boğulur, nə qədər ki, Anatol türkləri: vəzayifi-müqəddəseyi-bəşəriyyə, şəmsi-müniri hürriyyət, kabusi-əlimiəsarət, təkamülati-heyrətfəzayi-kainat… sözlərini türkcə eşitmirlər, heç vaxt ərəb izzətlərin, türk rzaların, çərkəz məhəmmədlərin bəlalarından layiqilə qurtula bilməyəcəklərdir.

Osmanlıda islah və hürriyyət sözləri indi deyil, ta üçüncü Sultan Səlim zamanından başlıyıb və o vaxtdan bu vaxta qədər bir çox qanlı və faciəli inqilablar olub. Amma heç biri baş tutmayıb, çünki Osmanlının həmiyyətli vəzirləri hər şeyi bilirlərdi. Lakin bircə bunu bilmirlərdi ki, hər şeydən əvvəl millətə maarif lazımdır. Maarifin layiqilə yayılması üçün də millətin öz dili gərəkdir.

Osmanlı ədibləri, yazıçıları türklərin qarınlarını həmişə ərəbin, farsın acı çörəkləri ilə doldururlardı. Budur ki, türklər də öyrənmədikləri, bilmədikləri çörəyi həzm edə bilməyib qəbz olurlardı və yerlərindən tərpənmiyib yatarlardı və beş-on paşanın, ədibin meydana gətirdikləri islah və inqilablar da işlərinə gedərdi.

İndi biz keçən təcrübələrə baxıb, indiki inqilabdan da türklərin layiqilə fayda görə bilmiyəcəkləri gümanına düşürük. Bizi bu gümana düşürən isə məhz genə türk qəzetələridir.

Bugünkü türk qəzetələri, deyəsən, Türkiyədə çıxmır, deyəsən, türkcə danışanlar üçün deyil. Baxınız Osmanlı qəzetələrinə ki, başlarından quyruqlarına qədər ərəbləşiblər. Budur adları: Tənin, Mətin, Fətin, Ələdl, Əlfəzl, Neyiri-həqiqət, Təqvimi-vəqaye, Əksi-səda, Hüquqi-ümumiyyə, Bəsirət, Məziyyət… ilax.

Bunlardan ən açıq yazanı “Məziyyət”dir. “Məziyyət”in ikinci nömrəsində hürriyyət barəsindəki idarəsini burada yazırıq:

“Tələtnümayi-səadət olan şəmsi-münuri-hürriyyət zülami-istibdad altında bir kabusi-əlimi-əsarətə gərdəndadeyi – məzlumiyyət edən mövcudiyyət-vətəni olunca kəmalilə rövnəqdar etdi. Şövkəti-ədalət cümləsini lərzan-lərzan məqbəreyi-ibrətə atdı. Həm oylə bir təşhirgahə ki nəzərlərinin münətif olduğu həvayi-mühitdə məzluminihürriyyətin rəngi-xunin xəyalı, sameələrinin nəsb eylədiyi cəhətdə şühədayi-tədinin barigahi əhkəmül-hakiminə rəf etdikləri fəryadicansuzdən mütəhəssil bir növheyi-təzəllüm, bir şəlaleyi-matəm… titrəyor, utanıyorlar…”.

Biçarə türklər.


“Tərcüman” yoldaşımız Osmanlı qəzetələrinin axır vaxtda bir-bir bağlandıqlarını təəccüblə yazır. Amma biz buna heç təəccüb etmirik, bəlkə çox adi tapırıq çünki bu cür ərəbpərəstlərin qəzetələri gərək çoxdan bağlanaydılar.

Şəkk yox ki, bunların yerlərinə “Qaragöz” kimi türkcə qəzetələr çıxıb davam edərlər. Və biz də ol vaxt osmanlı məşrutəsindən arxayın olarıq. Demək ki, hələlikdə Ərəb İzzət qaçmıyıb.

Lağlağı

“Molla Nəsrəddin”, 14 dekabr 1908, №50

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Cuhudun məktubu

Bakıdan idarəmizə yəhudi dilində bir belə məktub gəlib:Cənab Molla Nəsrəddin! Dünən mən getmişdim müsəlman bazarına ev üçün bir-iki yemiş alam. Getdim durdum bir qoca dükançının dükanının qabağında və yemişin qiymətini soruşdum. Dükançı yemişləri tərəziyə qoyub çəkməkdə idi. Gördüm bir müsəlman bir özgə müsəlmana deyir: “Adə, Həsən dadaş, cuhuddu, ha!”. Dükançı yemişləri qoydu qabağıma və mən də istədim yemişlərin pulunu verəm – genə gördüm bir müsəlman deyir: “Adə, Həsən dadaş, cuhuddu, ha!”. İstəyirdim yemişləri vuram qoltuğuma və gedəm, bu heyndə naqafil daldan bir müsəlman yavıqlaşıb başımdan bir qapaz ilişdirdi, elə bərk ilişdirdi ki, şapqam girdi gözümə.

1 min
İsbati-həqq

Cənab Molla Nəsrəddin.Hərçənd böyüklərə “bilmirsən” demək biədəblikdir, amma mən deyəcəyəm ki, sən heç zad bilmirsən, dünyada heç zad qanmamısan, heç ruhun yoxdur, heç ağzının ləzzətini bilməmisən.

1 min
Cəfəngiyat

Hər kəs “Həblül-mətin” ruznaməsinin 97-ci nömrəsini, “Füyuzat”ın 26-cı nömrəsini və “Vəqt” qəzetinin 210-cu nömrəsini oxuyub, – bizim bu cəfəngiyatı da başa düşəcək, amma hər kəs oxumayıb, başa düşməyəcək.Gah vaxt olubdur ki, bəzilər bizdən soruşublar ki, belə bir vaxtda nə səbəbə siyasətdən, dumadan, hüquqdan, hürriyyət və müsavatdan çoxluca bəhs eləmirik.

2 min
Uşaqbazlıq

Mən demirəm ki, uşaqbazlıq pis şeydir və heç kəs demir ki, uşaqbazlıq pis şeydir. Mən heç müsəlmandan eşitməmişəm ki, uşaqbazlıq pis şeydir və heç bir vaiz indiyədək deməyibdi ki, uşaqbazlıq pis şeydir. Və çünki indiyədək heç kəs deməyibdir ki, uşaqbazlıq pis şeydir, mən də cürət eləmirəm, deyim ki, uşaqbazlıq pis şeydir.Dünyada çox şey var ki, bəndə bilmir, amma Allah-taala hər bir şeyi bilir. Mən çox da deyirəm ki, firəng milləti ingilis millətindən yaxşıdır, yainki yapon milləti ermənidən yaxşıdır, yainki rus milləti yapon millətindən yaxşıdır, yainki müsəlman millətləri qeyr millətlərin hamısından yaxşıdır, bunları hərə bir cür başa düşür, amma heç kəs bu işləri necə ki lazımdır bilmir, çünki heç kəs bu millətləri görməyib və biz özümüz bu barədə bir şey deyə bilmirik, çünki müsəlmandan savayı bir özgə millət görməmişik və görmək də çətindir, çünki millətlərin hərəsi dünyanın bir guşəsindədir.

3 min

Poems by other poets · Satire