Mən demirəm ki, uşaqbazlıq pis şeydir və heç kəs demir ki, uşaqbazlıq pis şeydir. Mən heç müsəlmandan eşitməmişəm ki, uşaqbazlıq pis şeydir və heç bir vaiz indiyədək deməyibdi ki, uşaqbazlıq pis şeydir. Və çünki indiyədək heç kəs deməyibdir ki, uşaqbazlıq pis şeydir, mən də cürət eləmirəm, deyim ki, uşaqbazlıq pis şeydir.

Dünyada çox şey var ki, bəndə bilmir, amma Allah-taala hər bir şeyi bilir. Mən çox da deyirəm ki, firəng milləti ingilis millətindən yaxşıdır, yainki yapon milləti ermənidən yaxşıdır, yainki rus milləti yapon millətindən yaxşıdır, yainki müsəlman millətləri qeyr millətlərin hamısından yaxşıdır, bunları hərə bir cür başa düşür, amma heç kəs bu işləri necə ki lazımdır bilmir, çünki heç kəs bu millətləri görməyib və biz özümüz bu barədə bir şey deyə bilmirik, çünki müsəlmandan savayı bir özgə millət görməmişik və görmək də çətindir, çünki millətlərin hərəsi dünyanın bir guşəsindədir.

Biz ancaq müsəlman millətlərini tanıyırıq və bundan savayı bir şey görmürük.

Amma xudavəndi-aləm yuxarıdan aşağı baxanda millətlərin hamısını əl içi kimi görür və çünki görür, əlbət ki, yaxşı da tanıyır.

Və xudavəndi-aləm görür ki, cəmi millətlərin heç birinin içində uşaqbazlıq adət deyil, savayı biz müsəlman millətindən.

“Təzə həyat”ın 117-ci nömrəsində oxuduq ki, Bakıda bir neçə müsəlman lotusu bir nəfər məktəb uşağını zor ilə basıblar faytona və istəyiblər götürüb qaçsınlar, necə ki, qız uşağını müsəlmanlar götürüb qaçırlar.

Yer üzündə deyirlər, çox millətlər var. Amma biz onları görməmişik, çünki bizdən uzaqdırlar, bəlkə elə doğrudan onların içində də belə işlər baş verir. Amma yuxarıda bir Allah var ki, millətlərin hamısını görür və tanıyır.

Xudavəndi-aləm görür ki, millətlərin heç birinin içində uşaqbazlıq adət deyil, savayı müsəlman millətindən.


Nədir bunun səbəbi? Məgər müsəlman içində arvad azdır ki, müsəlmanlar evlənmək istəyəndə arvad tapa bilməyib gedib oğlan uşağı alırlar. Söz yox ki, belə deyil, çünki biz görürük qeyr millətlərin kişiləri bir arvad tapıb alanda bizim kişilər dördünü alırlar və hələ dördünə qane olmayıb hərdənbir məşğuliyyət üçün bir-iki saatlığa siğə də eləyirlər.

Bu işlərin səbəbini biz bilmirik, amma ucada olan tək Allah söz yox ki, bunun səbəbini bilir və gündə min dəfə üzünü müsəlmanlara tutub yuxarıdan aşağa deyir:

– Vay, mənim binamus bəndələrim!


Pəs buna nə çarə edək? Dünyada heç bir zad yoxdur ki, onun çarəsi olmasın. Pəs bu uşaqbazlığa nə çarə edək?

Mənim qandığıma görə bunun iki çarəsi var. Məsələn, bir bağın kənarından gedəndə görürük ki, bağda növ-növ ləzzətli və yeməli meyvələr var. Adam bu meyvələri görəndə tamahı düşür və istəyir ki, əlini uzadıb dərsin və yesin. Amma bağın hasarı uca olanda meyvələr görsənmirlər və adamın gözü meyvələrə sataşmır və tamahı düşmür.

Biz gülüzlü oğlan uşaqlarımızı ötürürük küçəyə ki, məsələn getsin ya məktəbə, ya bazara, yainki qohum-qardaşımızın evinə. Müsəlman kişiləri də oğlan uşaqlarımızı görüb əvvəl xoşlanırlar, tamahlanırlar və axırda başlayırlar uşaqlarımızı kişmiş-noxud ilə tovlamağa. Hələ bəzi kişilərimiz dinməz-söyləməz gülüzlü uşaqlarımızı zornan tutub basır faytona ki, götürüb qaçsın, necə ki, Bakıda eləyirlər.

Aşkar şeydir ki, əgər bizim müsəlman kişilərimiz küçələrdə göyçək uşaqlarımızı görməsələr, nə tamahları düşər, nə də fikirlərinə bir şey gələr.

Bunun çarəsi budur ki, biz bundan sonra oğlan uşaqlarımızı 25 yaşına kimi qoymayaq evdən küçəyə çıxsınlar.

Və əgər bir vacib iş olsa və əgər lazım olsa ki, oğlan uşaqlarımız evdən küçəyə çıxsınlar və bir yana getsinlər, lazımdır ki, oğlan uşaqlarımızın başına çadra kimi, ya dəsmal kimi bir şey örtək ki, küçədə gedən vaxt müsəlman kişiləri bunların üzlərini görməsinlər və bilməsinlər ki, bunların hansı göyçəkdir və hansı çirkindir.

Bunun ikinci çarəsi də budur ki, oğlan uşaqlarımız yeddi-səkkiz yaşa çatan kimi bunları göndərək Amerika, yainki Yaponiya, Avstraliya, Firəngistan, yainki Rusiya, Ləmsə, İtaliya – xülasə, göndərək elə bir məmləkətə ki, orada müsəlman kişisi olmasın və uşaqlarımız oralarda qalıb iyirmi beş yaşa çatandan sonra gətirək öz gözəl vətənimizə, gözəl vilayətimizə.

Bu iki çarədən başqa mən dəxi bir çarə bilmirəm.

“Molla Nəsrəddin”, 2 oktyabr 1907, №37

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qan hamamı

Bu gün mən eşitdim ki, italyanlar Tripolidə osmanlılara basılmaqlarının əvəzini çıxartmaqdan ötrü o qədər günahsız ərəb uşağı qırırlar ki, frəng qəzetləri bu qırğının adını qoyublar “Qan hamamı”.A kişi, Allah xatirinə, başımı ağrıtma, mənim öz dərdim özümə bəsdir. Sən görürsən ki, mənim evim yıxılıb, belim qırılıb, mənim Seyid Məhəmməd ağa kimi ağam əlimdən gedib. Sən hələ mənə deyirsən ki, nə bilim, italyanlar osmanlı və ərəb qanı ilə hamamlar qayırıblar. Sən deyirsən ki, Avropa şəhərlərində sosialist firqələri mitinqlər əmələ gətirib, nitqlər söyləyirlər, italyanlara nifrət eləyirlər və hökumətlərinə ariz olurlar ki, vəhşi italyanların namərdliklərinə sədd çəkilsin. Sən deyirsən ki, Praqa şəhərində indi neçə min çex milləti ki, özləri də katolik məzhəbində ola-ola, bir yerə cəm olub, osmanlılara mərhəba, italyanlara min lənət göndəriblər. Mən də deyirəm ki, bizim Qafqaz müsəlmanlarına dolaşma. Sənin xəbərin yoxdur ki, bir nəfər Seyid Məhəmməd dari-fənadan dari-bəqaya rehlət buyuranda nə qədər hammal, qəssab, dəllək, mismarçı, qatıqçı, qatırcı ağanın həyətinə yığışırlar. Bitli molla küçədən cındırlı uşaqları yığıb, hərəsinin əlinə bir şaqqıldaqlı baydaq verib; əztərəfi-digər “Müzəffəri-məktəbi” bağlanıb, keçəl, bitli uşaqlar ağlaya-ağlaya və başlarına vura-vura gəlirlər ağanın həyətinə. Əz yek tərəf molla xoruzulla və ağanın həmşəhriləri qaçıb məsciddən Qasim otağını bəzəyib gətirdilər; küçədə su boçkaları hazır. Qərəz nə başını ağrıdım, iki palan camaat ilə ləbaləb. Əli kəsik dərviş bir yanda, molla qarpızəli bir yanda, sair dərvişlər bir yanda. Neçə yerdə camaat toplaşıb, mərsiyəyə ağlaşırlar, tainki Qasim otağı hazır oldu, nəşi-mübarəki həyətdən çıxarıb, mollalar düşdü qabağa və başladılar quran oxumağa. Daldan şkol uşaqları müdirin sərkərdəliyi ilə və camaat növhə deyə-deyə, sinə vura-vura cənazəni gətirdilər Təkə meydanına (sən axmaq hələ İtaliya və Osmanlıdan danışırsan), haman Təkə meydanına ki, türkmənlər orada at, eşşək, dəvə və flan bağlayırlar. At-eşşəkləri açıb buraxdılar bir yana, nəşi qoydular onların yerinə və başladılar haman müqəddəs yerdə namazı (mən ölüm ürəyini sıxma).

4 min
Fındıq

Keçən vaxtlarda bu barədə yazmışıq, necə ki, məsələn, iki uşaq güləşirmiş, biri o birini basıb, basılan özünü sındırmamaqdan ötrü cəld durub ayağa və yalandan xəbər verib ki: “bay bir fındıq tapdım”.Dava qanunlarının içində biri də budur ki, bir hökumət dava edib, bir qeyri torpağı ələ gətirəndə bir gün rəsmi surətdə qeyri hökumətlərə məlum edir ki, “mən flan torpağı bu gündən daxil elədim öz məmləkətimə”

1 min
Keflənmək

Doxsan ikinci ildə vəba naxoşluğundan camaat qorxuşanda həkimlər keflənməyi məsləhət bilirdilər; elə, doğrudan da, mən görürdüm ki, çaxır ya araq içib keflənənlər kefləri kök, damaqları çağ gəzirdilər və küçələrdə düşüb qalan ölüləri görüb nə qorxurdular, nə qüssə eləyirdilər. Hər kəs ki, istəyir fikir eləməsin, keflənsin.Keflənmək – canqurtarandır. Onunçün İrəvanın cavan xanları səhərdən-axşama kimi və axşamdan da səhərə kimi çaxır içib keflənirlər. Bunların keflənməyinin mənası var; bunlar keflənirlər ki, seyid Məhəmmədağanın yerinə şeyx Fəzlullahi-saninin təyin olunmağını özlərinə dərd eləməsinlər; odur ki, iki xan bir yerdə olanda gərək butulkalar düzülələr ortalığa və bu səbəbdən ruslar meyxanaya “Duxan” deyirlər, yəni farsca “iki xan”

2 min
Təsəlli

Bir dərd var ki, yerə-göyə sığışmayan, ürək yandıran, insanı vərəmlədən, səbr və təskinlik bilməyən; məsələn, birinin əziz bir övladı əlindən gedə!…Amma elə də olur ki, birisinin başına bir müsibət gələndə, yenə bir yandan bir qəlb təskinliyi olur: əgər sənin elə bir övladın var idi ki, səni də, qonşularını da təngə gətirmişdi, əgər sənin elə bir qardaşın əlindən gedib ki, həmişə ona baxanda utanardın; əgər sənin elə bir qohum və yavıq adamın vəfat edib ki, sənin üçün həmişə xəcalətlik mayəsi idi, – sən belə bir fövtü dərd edəndə, sənə deyəcəklər ki, “a balam, çox da qüssə eləmə, o başı küllünün dünyada yaşamağı sənin üçün onsuz da bir dərd və bəla idi. Dəxi təsəlli tap, dəxi çox ağlama!”.

3 min

Poems by other poets · Satire