Bu gün mən eşitdim ki, italyanlar Tripolidə osmanlılara basılmaqlarının əvəzini çıxartmaqdan ötrü o qədər günahsız ərəb uşağı qırırlar ki, frəng qəzetləri bu qırğının adını qoyublar “Qan hamamı”.


A kişi, Allah xatirinə, başımı ağrıtma, mənim öz dərdim özümə bəsdir. Sən görürsən ki, mənim evim yıxılıb, belim qırılıb, mənim Seyid Məhəmməd ağa kimi ağam əlimdən gedib. Sən hələ mənə deyirsən ki, nə bilim, italyanlar osmanlı və ərəb qanı ilə hamamlar qayırıblar. Sən deyirsən ki, Avropa şəhərlərində sosialist firqələri mitinqlər əmələ gətirib, nitqlər söyləyirlər, italyanlara nifrət eləyirlər və hökumətlərinə ariz olurlar ki, vəhşi italyanların namərdliklərinə sədd çəkilsin. Sən deyirsən ki, Praqa şəhərində indi neçə min çex milləti ki, özləri də katolik məzhəbində ola-ola, bir yerə cəm olub, osmanlılara mərhəba, italyanlara min lənət göndəriblər. Mən də deyirəm ki, bizim Qafqaz müsəlmanlarına dolaşma. Sənin xəbərin yoxdur ki, bir nəfər Seyid Məhəmməd dari-fənadan dari-bəqaya rehlət buyuranda nə qədər hammal, qəssab, dəllək, mismarçı, qatıqçı, qatırcı ağanın həyətinə yığışırlar. Bitli molla küçədən cındırlı uşaqları yığıb, hərəsinin əlinə bir şaqqıldaqlı baydaq verib; əztərəfi-digər “Müzəffəri-məktəbi” bağlanıb, keçəl, bitli uşaqlar ağlaya-ağlaya və başlarına vura-vura gəlirlər ağanın həyətinə. Əz yek tərəf molla xoruzulla və ağanın həmşəhriləri qaçıb məsciddən Qasim otağını bəzəyib gətirdilər; küçədə su boçkaları hazır. Qərəz nə başını ağrıdım, iki palan camaat ilə ləbaləb. Əli kəsik dərviş bir yanda, molla qarpızəli bir yanda, sair dərvişlər bir yanda. Neçə yerdə camaat toplaşıb, mərsiyəyə ağlaşırlar, tainki Qasim otağı hazır oldu, nəşi-mübarəki həyətdən çıxarıb, mollalar düşdü qabağa və başladılar quran oxumağa. Daldan şkol uşaqları müdirin sərkərdəliyi ilə və camaat növhə deyə-deyə, sinə vura-vura cənazəni gətirdilər Təkə meydanına (sən axmaq hələ İtaliya və Osmanlıdan danışırsan), haman Təkə meydanına ki, türkmənlər orada at, eşşək, dəvə və flan bağlayırlar. At-eşşəkləri açıb buraxdılar bir yana, nəşi qoydular onların yerinə və başladılar haman müqəddəs yerdə namazı (mən ölüm ürəyini sıxma).


Xülasə, dəxi nə başağrısı verim, mənim vaxtım yox idi qəbr üstə gedim; ağanın əqrabası gərək məni bağışlasın. Bu saat gedirəm müsəlmanların mitinqinə, deyirlər bizim də qafqazlılar osmanlıları yada salıb qüssələniblər və hərçənd ki, osmanlılar bizim dinbir qardaşlarımızdır, amma danabaşlı Hacı Hüseyn Əli and içərdi ki, İstambuldan Məkkəyə gedəndə bir osmanlıdan çörək aldım ki, yeyim, amma mübarək boğazımdan keçmədi, dedim bəlkə murdardır.

A sənin o boğazına Fatma xalanın canı qurban olsun, praqalılar din ayrı ola-ola, min-minlərcə bir yerə cəm olub ərəblərin qırılan uşaqlarına ağlaşırlar, sən hələ yenə “xər həmən xərəst”.


Mən bilmirəm, bəlkə günahkar bəndələrdənəm? Elədə müsəlman qardaşlar mənim günahımdan keçsinlər. Amma elə güman edirəm ki, yer üzünün cəmi millətləri bu saat və bu dəqiqə italyanlara lənət oxuyanda biz müsəlmanlara yaraşar ki, nahaq qan tökməyi özünə rəva görən italyan millətini biz gərək Məhəmmədəli və Rəhim xan kimi murdar bir şey hesab edək ki, adam əlini vuranda yumaq lazım gəlsin.

Biz, “Molla Nəsrəddin” yazıçıları da burada bir neçə söz demək istəyirik.

Altı ildir ki, biz öz müsəlmanlarımızın şəklini çəkib özümüzə nadan və vəhşi ad qoymuşuq və jurnalımızı dağıtmışıq yer üzünə ki, hər yanda müsəlman qardaşlar oxuyub, özlərinə tamaşa eləsinlər və yəqin ki, bu nömrələrin bir neçəsi İtaliyaya gedib çıxıb, orada hərdənbir jurnalda, Gəncə cavanlarının, Bakı qoçularının, Qarabağ quldurlarının və İran seyidlərinin şəkillərini və əhvalatlarını görəndə italyanlar neçə dəfələr öz aralarında deyiblər ki, “bax, bu namərd müsəlmanlar necə qaniçən və yırtıcıdırlar”. Yəqin ki, italyanlar bizim barəmizdə neçə dəfə belə-belə sözlər danışıblar.

Dəxi nə deyim, dilim laldır. Doğrudur, mən italyana deyirəm ki, Avropa millətlərinin cırısan, bicisən, sən elmli, tərbiyəli avropalı deyilsən; sən cırsan, necə ki, meyvə ağaclarının cırı olar, meyvə gətirməz; sən bicsən, sən Xorasan siğəsindən əmələ gəlmisən. Sən flansan, behmansan. Amma gör italyan mənə nə deyir, deyir: “Sən də Qafqaz müsəlmanısan, yer üzünün millətlərinin ən qanmazısan”. Və dəlil də bunu gətirir ki, Naxçıvanda bir həyətdə toyda da musiqi çalınanda mömin müsəlmanlar molla ölüşgəmişi mindiriblər faytona, üzünə bir dəsmal salıblar ki, imama oxşasın, qulaqlarını tıxıyıblar ki, şeytan toyunu eşitməsin və ovsanatdan düşməsin və bu minvalla aparıblar Danabaş kəndinə.

Dəxi nə deyim.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 30 oktyabr 1911, №38

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

“İrşad” çıxır

“İrşad” – “Proqres”qəzetləri üçün tərtib olunmuş müdiriyyət heyəti ümum əhaliyə elan edir ki, “İrşad”-”Proqres” qəzetlərini nəşr etmək üçün bina olunmuş şirkət bu noyabr ayının 17-dən, şənbə günündən “İrşad”qəzetini nəşr etməyə şüru edəcək: Qəzet həftədə üç dəfə çıxacaq; lakin qəzetin cəsamət və formatı böyük rus qəzetləri cəsamətində olacaq; müsəlmanların cümlə ürəfa və danişməndləri “İrşad” da iş görməklə bərabər daim mühərrirlik üçün ən ümdə yazıçılarımız cəlb olunmuşdur. “İrşad”a sabiqdə müştəri olanlara qəzet yanvar ayınadək müftə göndəriləcək. Abunə qiyməti Bakı üçün birilliyi altı manat, altıaylığı üç manat yarım: mədənlər və qeyri şəhərlər üçün birilliyi yeddi manat, altıaylığı dörd manatdır. Qəzetin idarəsi sabiqdə olduğu yerdə, yəni Qubernski küçəsində Dadaşovun evindədir.“Molla Nəsrəddin”, 18 noyabr 1907, № 43*

1 min
İdarədən

Məcmuəmizin 34-cü nömrəsində dərc etdiyimiz “Fatı” sərlövhəli mənzumə gərək oxucularımızın nəzərində ola. Mənzumənin üçüncü sətrində şair deyir ki, əhvalat vaqe olub “keçən il”. Belə olan surətdə əhvalatı nəzmə çəkən məşhur Fəqiri tanımayan oxucularımız belə xəyal edə bilərlər ki, Fatının qubernatora çul aparmağı həqiqətdə keçən il vaqe olub.Oxuçularımızı bu cür iştibahdan çıxarmaqdan ötrü lazım bilirik bunu söyləyək ki, həmin mənzumənin müsənnifi Ordubad şairlərindən məşhur Fəqir vəfat edib təxminən iyirmi il bundan qabaq və həmin əhvalatı yazıb bəlkə otuz il bundan irəli. Bunu Naxçıvan və Ordubad mahalında hamı təsdiq edə bilər, çünki oralarda mərhumu tanımayan müsəlman azdır.

1 min
Qırmızı

Bizə çox yerlərdən kağız yazıb giley eləyiblər ki, nə səbəbə bu il “Qeyrət” mətbəəsi çıxardan təqvimlərdə müsəlman bayramları və cümə günləri qırmızı mürəkkəb ilə yazılmayıb, necə ki özgə millətlərin kalendarlarında bazar günləri və bayramları qırmızı mürəkkəb ilə yazılır.Bu sözlər hamısı doğru sözlərdir və hər millətin təqvimində bayram günləri və tətil günləri qırmızı mürəkkəb ilə yazılırlar ki, qeyri günlərdən seçilsinlər.

1 min
“Tərcüman”

Bilmərəm yazım ya yox!..“Tərcüman” qəzetəsinin iyirmiilliyi tamam oldu. Yəni tamam iyirmi beş ildir ki, məşhur ədibimiz İsmayıl bəy Qasprinski qələm vurur.

2 min

Poems by other poets · Satire