Yazırlar ki, yunan filosofu məşhur Sokrat dörd yaşında olan zamanlar bir gün bıçağı götürüb gedir durur aynanın qabağında və öz surətinə baxa-baxa deyir:

– Ay mənim gözlərim və ay mənim qulaqlarım! Allaz sizi mənə ondan ötrü verib ki, mən siz ilə dünyanı görüm və eşidim. Əgər siz mənə necə ki, lazımdır qulluq edəcəksiniz, – xub; əgər etməyəcəksiniz, bu saat mənə məlum edin ki, bu bıçaqla mən sizi tələf edim. Bəli, görüm sözüm harda qaldı?.. Hə, gimnaziyada təzə məscid. Neçə ildir ki, Tiflisdə əvvəlinci zükur gimnaziyasının uşaqları müəllimlərinə şikayət edirdilər ki, Şeytanbazarda məscidə gedəndə müsəlman baqqalları bizə elə ha deyirlər: “Oxqay, oxqay, oxqay!” Müəllimlər əvvəllər uşaqların sözlərini başa düşmürdülər; ondan ötrü ki, haman müəllimlər rus, gürcü, polyakdırlar və o millətlərin içində kişilər məhz övrətlərə deyirlər: “Oxqay!” Amma müsəlman içində həmi balaca uşaqlara deyirlər “oxqay”, həmi rus xanımlarına deyirlər “oxqay”.

Müəllimlər işin həqiqətini biləndən sonra qərar qoydular ki, gimnaziyada müsəlman uşaqları üçün bir məscid bina olunsun ki, bundan sonra müsəlman mütəəllimləri Şeytanbazar məscidinə getməsinlər.

Dekabrın 6-da Tiflis müsəlmanları gimnaziyaya dəvət olunmuşdular ki, məscidi rəsmi surətdə güşad etsinlər. Mən də orada idim. Əvvəl fəsih və bəliğ nitqlər söyləndi. Mən ancaq bunu soruşdum ki, ay ağalar, bir məni başa salın görüm, bu məsciddə uşaqlar namazı rus dilində qılıcaqlar, ya müsəlman dilində? Mənim bu sözlərimin cavabında ağalardan bir neçəsi bir-birini üzünə baxdılar və mənə bir cəvab vermədilər.

Sonra ruhani rəislərimizin biri yeridi qabağa və ərəb dilində başladı danışmağa. Bir neçə kəlmə deyəndən sonra başladı rusca danışmağa. Bir az rusca danışıb başladı türkcə danışmağa, sonra başladı dua oxumağa və hər bir duanı zikr eləyəndən sonra deyirdi: “Amin deyən dillər lal olmasın!” Molla əfəndinin bu sözlərini eşitcək Qazan tatarları birdən rusca deyirdilər: “Amin!”.

Təxminən bir saat qədərincə molla əfəndi dua oxudu, oxudu, oxudu, oxudu, oxudu… Axırda birdən başladı ağlamağa. Ağladı, ağladı və başını yuxarı qalxızıb, başladı divarlarda padşahın şəklini axtarmağa. Gözünü divarlara dolandırıb üzünü çöndərdi dal divara və divardan asılan şəkillərin birini padşahın şəkli bilib, getdi durdu həmin şəklin qabağında, dalını çöndərdi camaata və başladı dua eləməyə. Bu heyndə rus qulluqçularından bir parası başladı gülməyə. Mən əvvəl təəccüb elədim, amma sonra gördüm ki, molla əfəndi dua elədiyi şəkil padşahın şəkli deyil, rus ədiblərindən Turgenevin şəklidir. Müsəlmanlardan bir neçəsi molla əfəndiyə yavıqlaşıb başladılar pıçıldamağa ki, ay rəhmətlik oğlu, o ki padşahın şəkli deyil. Amma eşidirmi? “Məhəbbət bir bəla şeydir”.

Sonra hannan-hana əfəndini başa salıblar və padşahın şəklini göstəriblər və yazıq gözlərinin yaşını silə-silə gedib padşahın qabağında durub, dua və sənasını tamam elədi:

“Amin deyən dillər lal olmasın!..”


Sokrat dörd yaşında olanda gözlərinə və qulaqlarına deyirmiş ki, əgər dünyanı görməsəniz və eşitməsəniz, mən sizi tələf edərəm. O vədədən neçə min il keçir. İndi bizim sokratlar əlli-altmış yaşında ola-ola aynanın qabağında durub mübarək surətlərinə baxanda deyirlər: – Ay mənim gözlərim və qulaqlarım, Allah sizi mənə verib görməkdən və eşitməkdən ötrü. İndi kef sizindir. İstəyirsiniz görün və eşidin, istəyirsiniz kor və kar olun. Hər nə edirsiniz edin, amma qarnımnan işiniz olmasın.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 15 dekabr 1906, №37

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Tövhid

Qül hüvəllahü əhəd!Bu zalım oğlu müşriklərə həzrət rəsuli-xuda deməkdən yoruldu ki, Allah-taala birdir, necə ki, Şəkidə qadınlar klubunda pedağoji texnikum tərəfindən tərtib olunan müsamirə vahid bir nəfərin şərəfinə imiş.

2 min
Məktəblər

Biz bunu inkar edə bilmənik ki, bir məmləkətdə məktəblərin çox olmağı az olmağından yaxşıdır; ancaq necə ki, hər işdə bir həd və sərhəd lazımdır, burada da bir sərhəd qoymaq icab edər. Yoxsa sən əgər başlayasan bir ucdan hey məktəbdir açasan və dalını-qabağını yoxlamayasan, onda şiş də yanacaq, kabab da yanacaq.Məsələn, götürək Bakı məktəblərinin indiki halını: indi baxıb görürük ki, Bakıda az bir məktəb var ki, darısqallıqdan yana şikayət eləməsin. Amma on beş il bundan qabaqda da mənim Bakıya yolum düşmüşdü; o vaxt belə giley-güzar eşitməmişdim. İndi bu nədəndir? Bu ondandır ki, biz istəyirik hələ hər məhəllədə bir məktəb açaq.

2 min
Əsrimizin möcüzələri

Qədim əsrlərdə də avam camaatı möcüzələrlə aldadırdılar ki, avamın başını qatıb onu yükləmək asan olsun və onun südünü sağmaq (yəni istismar eləmək) asan olsun.İndiki əsrdə də hərdən bir oyunbazlar zühur edir və hər növ bicliklərlə sadədil zəhmətkeş camaatı iğfal edirlər ki, onların ciblərinə sahib olsunlar.

2 min
Tarix

Təzə il daxil oldu. İnsanlar şad oldular, yedilər, içdilər, çaldılar və oynadılar.Şad olanların çox hissəsi xaçpərəstlər idi; amma bunların içində müsəlman da, erməni, yəhudi də və xülasə, hər millətdən var idi.

2 min

Poems by other poets · Satire