1907-ci il axıra çatdı. İndi lazımdır ki, həmin ilin ərzində dünyada hər bir böyük iş ki, vaqe olub, hamısını yazaq ki, oxucularımız bilsinlər.

Həmin 1907-ci ilin müddətində şöhrətli vüquatın lap şöhrətlisi rus və ingilis əhdnaməsidir. Dəxi burada təfsilat lazım deyil; çünki bu iş hamıya məlumdur.

Həmin ilin müddətində Bakıda ianə komissiyası əmələ gəlib və Zəngəzur və Qarabağ aclarına qırx beş min manat göndərib (amma qorxuram inanmayalar).

Tehranda Əzizullah xan ibn-əl şəhid rus səfarətxanasında cüziməleyi-xəlvət olub və çox məvaciblər alıb. Üçkilsədə katalikos və Tiflisdə şeyxülislam vəfat ediblər. Naxçıvanda və Şamaxıda diri pirlər əmələ gəliblər və çox kəramətlər göstəriblər.

Peterburqda üçüncü duma başlanıb və Şvetisyanın padşahı vəfat edib. Bakıda Çornı qorodda yeddi yaşında qızlar ərlərindən qorxub, dualıq olublar. Bir parasına vaxtında dua yazıldı, şəfa tapdılar, bir parası o dünyaya getdi.

Amerika və Yapon dava gəmilərini hazırlayırlar (güman var ki, davaya çıxsınlar).

Qazax mahalında Şıxlı kəndində bir neçə eşşək yayın istisinə dözməyib, gedib giriblər… (vallah, yazmaq da olmur ki, hara giriblər!).

Ənzəlidə millət yolunda çalışan Ümidi-humayun mirzə bəyin gədəsini çəkə-çəkə aparıb Rəştin hakimi əmiri-əzəmə və yüz tümən pul alıb (amma oğlan qalmadı, yenə qoydu qaçdı).

Axtada Qulyar mahalında camaat molla Qədirə iman gətirib. İrəvanda müsəlmanlar məktəbə çox səy qoyublar. Gəncə quberniyasında bu il çəyirtkə əmələ gəldi və Cəbrayılda pristavın bir gürcü aşpazı vardı, cənab inspektor Cəbrayıl məktəbindəki müsəlman müəllimini çıxartdı və bu aşpazı qoydu onun yerinə.

Naxçıvanda çox yağışlar yağdı və palçığın əlindən bir neçə gün dumanın üzvləri dəvə minib, ancaq divanxanaya gələ bildilər. Bakıda qazanlıların məscidinə yığılan min manat düşdü iki qardaşın cibişdanına.

Makuda çox qarışıqlıq oldu və Culfada gəncəli məhəmmədovlar… (allahü əkbər, hələ bilmirəm bu məhəmmədovlar binəva iranlılardan nə istəyirlər?).

Yenə həmin 1907-ci ildə Misirdə bir böyük müsəlman məclisi əmələ gəlib və Gəncədə həmin ilin axırıncı ayında bir qəribə həngamə üz verdi. Bir gün müsəlman məhəlləsində “qoyma ha! qoyma ha!” düşdü. Çoxusu elə xəyal elədi ki, erməni-müsəlman davası düşdü. Axırda məlum oldu ki, əlli yaşında bir kişi səkkiz davası düşdü. Axırda məlum oldu ki, əlli yaşında bir kişi səkkiz yaşında bir qızın qolundan yapışıb, çəkir oyana. Xalq elə bildi ki, bu kişi qızın atasıdır. Sonra konsulun adamları tökülüb gəldilər və sual elədilər ki, “kişi, bu qız sənin nəyindir?” Cavab verdi ki, “övrətimdir” (qərəz, köhnə işdi).

Yenə həmin 1907-ci ilin ərzində yer üzündə çox işlər baş verib. Tehranda “Məclis” ruznaməsi Məhəmmədəlinin barəsində çox “mərhəba”lar yazıb. Ordubadda Seyid Mürtəzanın təhti-sədarətində fitva zavodu açılıb. Gəncədə bir kişi bir qara iti muşqura-muşqura gətirib hamama. Hamamdakı adamlar səslənirlər ki, “evin yıxılsın, iti niyə hamama gətirirsən?” Kişi cavab verir ki, “vallah, mənə cadu eləyiblər”.

Kişi iti aparır əvvəl hamamı dolandırır; sonra başlayır iti çimdirməyə. Hamam isti, su isti; it çığırıb qaçır. Hamamda olan kişilərin biri qorxub və sərsəm gətirib (indi bir dua yazan axtarırlar)…

Yenə həmin 1907-ci ildə İrəvanda seminariyada şəriət dərsində… (ha istəyirəm irəvanlılardan yazmayam, yenə olmur; çünki irəvanlılar bulvarda skamya üstündə oturub danışan vaxt uzaqdan elə ki, görürlər yoldan keçənin qarnı bir az yoğundur, o saat qalxırlar ayağa və baş endirirlər)… hələ bu da heç…

1907-ci ildə yenə bir para işlər vaqe olub. Hamısını nağıl eləsək, məcmuəmizdə yer olmaz. Amma o ki, hamısından vacib idi, dedik. Qalanları sonra yadımıza düşsə, təzə ilin əvvəlinci nömrəsində, inşallah, yazarıq.

Hələ ki, köhnə ilə “xüdahafiz” deyib, sözümüzü tamam edirik.

Molla Nəsrəddin

Müridləri: Mozalan, Hop-hop, Lağlağı, Dəli, Qızdırmalı, Sırtıq və Hərdəmxəyal.

“Molla Nəsrəddin”, 30 dekabr 1907, №49

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Lal oyunu

Allah bir para pis adamların ömründən kəsib qoysun cənab Levitskinin ömrünün üstünə. Kişi bir elə yadigar qoyubdur ki, hər kəsin yadına düşəndə ona min rəhmət oxuyacaq.“Lal oyunu” üsulu ilə dərs vermək qaydası axırda Şamaxıya da gedib çıxdı.

1 min
Politika aləmindən

Politika aləmində bu günlərdə iki əhəmiyyətli hadisə əmələ gəlib: Bolqariya hökuməti Osmanlı sultanının itaətindən çıxıb, müstəqil hökumət olmağını rəsmi surətdə elan etdi və Avstriya hökuməti Bosniya və Hersək vilayətini sahibləndiyini Avropaya xəbər verdi. Bosniya və Hersək Osmanlı vilayətlərindəndir.Dəxi bu barədə biz nə yazaq? Allah mərdümazara lənət eləsin. Hələ mən bu Avstriyanın və Bolqariyanın bir işinə təəccüb eləyirəm: indi hələ zorbazorluq eləyirlər. Onunla işim yoxdur; çünki dünyanın qaydası bunadır. İndi gəl sən bunların bicliyinə bax: Avstriya günahı Bolqariyanın boynuna yıxır, deyir ki, Bolqariya cızığından çıxmayaydı, mən də Osmanlı torpağını zəbt eləməyəydim; Bolqariya da deyir ki, mən də Avstriyanın acığına çızığımdan çıxdım. O niyə xalqın yerini zorlayır, mən də zor eləyəcəyəm…

3 min
Bir para sözlər

Osmanlı kəndlərində və xırda şəhərlərində indi heç kəsin xəbəri yoxdur ki, dunyada nə işlər törəyir. O səbəbə ki, Osmanlıda qəzet və jurnallar həmişə qədəğən olublar.Yaranmışların hamısı öləcək: istər gəda ola, istər padşah ola; necə ki, mərsiyəxanlarımız hər gun müsəlmanlara deyirlər: “öləcəksən, əgər ki, şah olasan”.

2 min
Mömin

Mömin adam əmanətə xəyanət etməz.Culfada Məhəmmədovların mübaşiri Kərbəlayı Hüseyn Allahın məxluquna zülm eləyirdi və axırda xalq ictima edib onun şərini dəf elədilər. O getdi öz işinə. Onun yerinə indi bir Məşədi Muxtar peyda olub.

1 min

Poems by other poets · Satire