İrəvan müxbirimiz “Anaş qurbağa” İrəvan qazısı Axund Molla Məhəmməd Bağır Ağa Qafqaz canişininə söylədiyi nitqin surətini göndərib idarəmizə ki, 7-ci nömrədə çap edək. Nitqin surəti:

“Ey qraf ağa, sən Allah bir insaf elə, axır bu seminariya ki, İrəvanda var, axır buyur görək bunu kimdən ötrü hökumət açıb? Əgər buyursanız ki, İrəvan camaatından ötrü açıb, elədə bəs di buyur gedək seminariyaya və dəftəri tökək qabağımıza, baxaq görək ildə müsəlmanlardan neçə uşaq müəllimliyə çıxır. Di buyur zəhmət çək, gedək bax. Mən özüm bu seminariyada qırx səkkiz ildir şəriət dərsi deyirəm və nə zəhmətlər çəkmişəm. Mən gündə seminariyada iyirmi-otuz kafir və murdar uçtellər ilə əl-ələ vermişəm! Vallah, belə bilsəydim ki, axırı belə olacaq, heç vaxt bu zəhmətlərə qatlaşmazdım. İndi gör işin axırı nə yerə çatıb. Bir yerdə ki, müsəlman istəyir məktəb açsın – müəllim yox. Odur “Quylarda” mədrəsə müəllimi dərs əvəzinə uşaqlara əfsun yazıb paylayır ki, ilan sancmasın.

Ay qraf ağa, axı belə olmaz, bizim camaat yazıqdır, niyə seminariyanı doldurublar rus uşaqları ilə? Axır mənim qeyrətim qəbul eləmir ki, bu işlər belə olsun! Axır yazıq camaatın ümidi və göz dikəcəyi mənim kimi rəislərdi!”.

İdarədən:

Hələ əvvəl bunu deyək ki, Allah cənab qazı ağa kimi millətpərəstlərin kölgəsini bizim başımızın üstündən əskik eləməsin, yainki bizim başımızın üstünü bunların kölgəsindən əskik eləməsin. Amin, ya müin!

İndi gələk İrəvan seminariyasına.

İndi düz iyirmi beş ildir ki, həmin seminariya İrəvan şəhərində açılıb ki, oradan erməni və müsəlman müəllimləri çıxıb kəndlərdə müəllim olsunlar. Bu iyirmi beş ilin müddətində İrəvan seminariyasından səkkiz nəfər yarım müsəlman uşağı şəhadətnamə alıb və müəllimliyə çıxıb. Demək, hər il bir müsəlman uşağının üçdən biri müəllimlik şəhadətnaməsi alıb. Amma əvvəldən axıradək İrəvan seminariyası rus uşaqları ilə dolu olub. Həmin rus uşaqları seminariyanı qurtarandan sonra gediblər, məsələn, Danabaş kəndinə müəllimliyə. Kəndlilər də elə biliblər ki, uçtel gəlib uşaqları tutub saldat aparsın və qorxularından uşaqları kərmə qalaqlarının içində gizlədib, uçtelə deyiblər ki, “bizim kənddə heç qədimdən uşaq olmaz”.

Axırda da ki, indi kəndlilər daş atırlar.

Bu saat İrəvan quberniyasında Sürməli mahalından savayı heç yanda müəllim tapılmır. Sürməli mahalının müəllimlərinin sözünü danışmırıq: bunlarınki Allah vergisi kimi bir şeydir. Amma di gəl Naxçıvan vilayətinə. Pəh, pəh, pəh!..

Məsələn, “İtqapan” kəndinin müəllimi – Mirzə Heydərdir ki, əvvəl İrəvanda pambıq alış-verişi elərdi və kəndlilərdən pambıq alanda bir çəkisində qazanc edərdi, bir də hesab görəndə. “Qurbağalı” kəndinin müəllimi – Kərbəlayı Qasımdı ki, Naxçıvanda iki il bundan irəli fayton sürərdi. Danabaş kəndinin müəllimi…

Hələ bunlar qalsın…

Demək ki, müəllim tapılmır; ondan ötrü ki, seminariyadan üç ildə hıqqana-hıqqana bir müsəlman müəllimi çıxır.

Yenə Rusiyada ildə bir Duma çıxır, amma burada ildə bir müəllim də çıxmır. Ondan ötrü ki, seminariya doludur sarı-sarı rus uşaqları ilə. Allah Miropyev direktorun vücudunu bibəla eləsin ki, neçə il bundan irəli İrəvan seminariyasında direktor idi. Bir müsəlman uşağı gəlib ərizə verərdi ki, mən istəyirəm seminariyaya girəm, cənab Miropyev əyilib diqqətlə baxardı cavanın üzünə və ərizəsini qaytarıb verərdi və deyərdi: bala, səni götürə bilmərəm; ondan ötrü ki, qaşın qaradır.

Haman cənab Miropyevdir ki, indi Qori seminariyasında da müsəlmanlara şəriət dərsini rus dilində oxudur.

Amma sədaqətlə ərz edirəm, qaziyi-vilayəti-İrəvan cənab Molla Məhəmməd Bağır ağa bu iyirmi beş ilin müddətində İrəvan seminariyasında şəriət dərsi deyə-deyə və ildə doqquz yüz manat məvacib alıb, murdar manatları sabun ilə yuya-yuya əziz ömürlərini millət yolunda fəda ediblər.

Bəli, seminariya iyirmi beş ildir açılıb. Bu iyirmi beş ilin müddətində iyirmi iki min beş yüz murdar manat doldu kisəyə, səkkiz yarım müsəlman müəllimi dağıldı o yana-bu yana və axırı…

Axırda İrəvan camaatının başçıları Məhəmməd Ağa Şahtaxtinskiyə dedilər:

– Əgər sən Dumada padşah tərəfdarı olsan, biz səni özümüzə vəkil seçərik, olmasan, – bizə lazım deyilsən!

Axırda da belə oldu.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 17 fevral 1907, №7

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Həmi yaxşı, həmi pis, yaxud meymun

Bu il Bakıda vəhşi heyvanların görsənişi əhali üçün və xüsusən məktəb şagirdləri üçün yaxşı bir iş oldu. Orada elə heyvanları görmək müyəssər oldu ki, qeyri vaxtda onları görmək mümkün deyil: necə ki, şir, pələng, ilan, kenquru, dəvəquşu, kaftar və qeyriləri.Kaftar dedim-adam soymaq yadıma düşdü. Xülasə, bilmirəm bu söz hardan fikrimə gəldi.

1 min
Abru

Abru farsca üzüm suyuna deyirlər. Bunun mənasını mən indiyədək bilmirdim. Ancaq dünən Göygünbəz məscidinin qabağından keçirdim. Gördüm bir neçə övrət xeylağı məsciddən çıxıb, gedirlər və çarşaflarının ucu ilə üzlərinin suyunu silirlər.Mən qabaqca elə bildim ki, məsciddə dəstəmaz alıb, çıxırlar. Amma məlum oldu ki, bunların üzlərinin suyu dəstəmaz suyu deyil, tərdir. Dedim:

1 min
Qızarar

Dəmirçixanada dəmiri zindan üstə qoyub, ağır çəkic ilə döyəndə dəmir başlayır qızmağa; döydükcə dəxi bərk qızır.Axır nə ola bilər? Axır o ola bilər ki, dəmir isinər, isinər, axırda yavaş-yavaş başlar qızarmağa; elə qızarar ki, sən ona əlini vurmamış, uzaqdan əlini yandırar.

1 min
Dinc qulağım, yaxud yeddi il

Deyirlər bu gün Şura Azərbaycanının yeddinci ilidir.Mən bir fağır mollayam və siyasətnən-zadnan da o qədər də işim yoxdur və bu cür işlərdən o qədər də başım çıxmaz. Ancaq bu yeddi ili götürəndə və bu yeddi ildən qabaqkı illəri götürəndə, mənim zehnimə bir şey gəlir.

2 min

Poems by other poets · Satire