Keçən günə gün çatmaz…
Atalar sözü

Dünən konkada iki nəfər erməni qızı gördüm. Bunların birinin əlində erməni qəzeti və o birinin əlində bir neçə kitab var idi. Bunlar ermənicə danışırdılar. İstədim bunların söhbətinə qulaq asam. Konduktor gəlib mənə bilet verdi və beş qəpik aldı. Elə ki, konduktor vaz keçdi, mən genə qulağımı verdim qızlara. Bunların biri deyirdi:

– Şuşanik, gələsənə səndən bir tapmaca soruşum?

Yoldaşı cavab verdi ki, “soruş”. Qız başladı:

– Eşitmiş olarsan, Şuşanik ki, yaxın vaxtlarda Avstriya padşahı Frans İosif Adriatik dəryasına hərbi təlim üçün gəmilər göndərəcək idi və özü tamaşaya gedəcək idi. İndi eşidirsənmi ki, yazırlar Frans İosif dəxi naxoşluğu səbəbindən Adriatik səfərinə çıxmayacaq. İndi, Şuşanik, hünər istərəm ki, tapasan görək, Avstriya padşahının bu tezliklə naxoş olmağına səbəb nə oldu və əgər Frans İosif düz adamdı, niyə bir özgə vaxt naxoşlamadı, Adriatik səfərinə hazırlaşan kimi xəstə oldu? Bu bir tapmacadır, tapsan, nə istəsən sənə verərəm.

Qız bir az fikir edib, istəyirdi cavabını başlasın, kontrolyor gəldi biletlərə baxmağa. Mən biletimi çıxardıb nişan verəndən sonra kontrolyor qəmişini çəkdi və mən başladım qızın cavabına qulaq verməyə. Qız belə cavab verdi:

– Mənim yəqinimdir ki, Avstriya padşahının naxoş olmağı bəhanədir. Berlində firəng dilində nəşr olunan “Löjmanş” qəzetinin Venada olan müxbiri Frans İosifin naxoşluğunu bilmərrə inkar edir. Əhvalat bu tövrdü ki, Adriatik vilayətinin əhalisi əksərən İtaliya millətidir. Avstriya padşahına xəbərdarlıq veriblər ki, əgər o, Adriatik torpağına ayaq bassa, vilayətin İtaliya tayfası ona naməqbul nümayişlər edəcək. Bunun səbəbi budur ki, İtaliya milləti canlarını da fəda etməyə hazırdırlar ki, özgə padşaha təbəiyyət göstərib baş əyməsinlər.

Qız bu sözləri deyəndən sonra yoldaşı utanmaz-utanmaz bu qədər adamın içində əvvəl başladı yoldaşının ağzından öpməyə və sonra sağ əlini yuxarı qalxızıb bir neçə dəfə ucadan dedi:

– Ax, ax! Eşidirsənmi, Hayastan? Eşidirsənmi hayreq? Eşidirsənmi, yenxibarq, flan, flan, flan…

Mən yəqin etdim ki, bu qız dəlidir. Amma sonra dəliliyindən də bir şey başa düşmədim. Yəni heç bir şey başa düşmədim. Sözün doğrusu, qulaqlarım taqqıldadı.

Amma bircə şey yadıma düşdü: Ax, keçən günlər!..

Uşaqlıqda bir gün bibimgilə qonaq getmişdim. Bibigəlnim Hürinisə əmigəlnim Nurcahanla söhbət edirdilər. Heç yadımdan çıxmaz. Burası yaxşı yadımdadır ki, Nurcahan Hürinisədən bu tapmacanı soruşdu: O nədi ki:

Gündə döyür atası,
Alar başına tası.
Abbasını iki şahı bilib xərclər,
İki şahını da abbası.

Hürinisə bir az fikir edib, sevincək cavab verdi:

– A qız, o müsürman arvadıdı da! Başına kül!

Ax, keçən günlər, nə gözəl imişsən!..

İndi dəxi nə gözləyirsən, ey könül, savayı qəmdən və qüssədən?

Ta keçəl-küçəllər oldu indi yarın, ey könül,
Qarə oldu yar əlindən ruzigarın, ey könül.

Yüz cəfa gördün, vəli bir gəz kifayət etmədin,
Hər sifatından xəcilsən nazlı yarın, ey könül.

Nə ümid ilə genə millət sənə vermiş fərib
Kim, fərəhnak olmusan, yoxdur qərarın, ey könül?

Küçələrdə görmüsən yoxsa ki, vel, lüt, bambılı,
Toxtamır hər gün genə bir ahü zarın, ey könül?

Aldı əqlü huşini bitlər və çirki millətin,
Getdi əldən yox yerə məcmui varın, ey könül.

Qırmızı saqqalə qoymazdım səni bənd olmağa,
Məndə olsaydı əgər kim ixtiyarın, ey könül.

Söylədim quli-biyabanidən əl çik, çəkmədin,

Axırı məcmuəbazlıq oldu karın, ey könül.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 15 sentyabr 1906, №24

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İdarədən

Bu əhvalatı “Bakı fəhləsi” qəzetinin 49-cu nömrəsində oxuyandan sonra götürüb Zəyəmə, müdir həzrətlərinə kağız yazdıq və bu barədə cəmi məlumat istədik və dünən haman müdir tərəfindən bu məzmunda bir məzəli cavab aldıq.Kuryatin cənabları yazır: yazır ki, bir para adamlar öz gözlərində tiri görmürlər, mənim gözlərimdə qılı görürlər. Əgər Zəyəmdə, doğrudur, əkin idarəsində mənim gözümün qabağında on yeddi əkin maşinası paslanmaqdadır və rəiyyətə mən onları vermirəm xeyir götürsünlər. Bəs siz əgər sədaqətli yazıçısınız, bəs bunu niyə yazmırsınız?

1 min
Ovuc yazısı

Ovuc yazısı İranda indiki əsrdə yenə davam etməkdədir.Ovuc yazısı nə deməkdir?

1 min
İki cür rəvayət

Qəzalardan və mahallardan bizə gəlib çatan xəbərlər iki cürdür: bu xəbərlərin bir qismini biz gəlib-gedənlərin ağzından eşidirik, bir qismini də qəzetlərdə oxuya bilirik.Və bu iki qism xəbərlərin arasında nədənsə həmişə böyük təfavüt olur.

1 min
Məhərrəmül-həram

Məhərrəmül-həram, yəni haman məhərrəm ayı ki, o ayın ərzində və o ayın varlığı ilə bir neçə şey haramdır.Haman ayın müddətində haram olan şeylərin bir neçəsi qabili-istirahət, ruhani dinclikdir ki, məhərrəmül-həramda hər bir qeyrət və vicdan əhlinə haramdır. Nə üçün haramdır? O səbəbə ki, biçarə xalq dünyada misli olmayan vəhşiliyi heç bir vicdan və namusa sığışdırmır. O səbəbə ki, qonşu millətlərin bizim oyunbazlığımıza şahid olmasına insafım dözmür. O səbəbə ki, məhərrəmül-həram günləri küçələrdə atılıb-düşən və yırtıcı heyvan kimi nərə təpən bambılıları özümə millət qərar verməyə həya edirəm.

1 min

Poems by other poets · Satire