Məhərrəmül-həram
Məhərrəmül-həram, yəni haman məhərrəm ayı ki, o ayın ərzində və o ayın varlığı ilə bir neçə şey haramdır.
Haman ayın müddətində haram olan şeylərin bir neçəsi qabili-istirahət, ruhani dinclikdir ki, məhərrəmül-həramda hər bir qeyrət və vicdan əhlinə haramdır. Nə üçün haramdır? O səbəbə ki, biçarə xalq dünyada misli olmayan vəhşiliyi heç bir vicdan və namusa sığışdırmır. O səbəbə ki, qonşu millətlərin bizim oyunbazlığımıza şahid olmasına insafım dözmür. O səbəbə ki, məhərrəmül-həram günləri küçələrdə atılıb-düşən və yırtıcı heyvan kimi nərə təpən bambılıları özümə millət qərar verməyə həya edirəm.
Həmişə məhərrəmül-hərama bir ay qalmış şaxsey və baş yarmaq söhbəti meydana gəlir. Aya nə tövr bu binamusluğun qabağını almaq? Bu barədə də çox-çox moizələr edilir, çox-çox kağızlar yazılır, çox-çox hərflər düzülür, yığıncaqlar yığılır və nitqlər söylənir.
Bu qədər təlaşdan məqsəd tək bircə budur: nə tövr bu oyunbazlığın qabağını almaq?
Gör qeyrilər nəyə məşğul, gör biz nəyə məşğuluq!
Ar olsun belə millətə!
Ar olsun mənim özümə də ki, belə millətin bir fərdi hesab olunuram!
Bircə təsəlli, bircə ümid yolu budur ki, hər bir cünunluğun qabağını almaq üçün hər məmləkətin hökuməti var.
Və ümidim bunadır ki, məhərrəmlik dəliliklərinin qabağını almaq hamıdan artıq Şura hökumətinə yaraşandır və yəqin ki, belə də olacaq. Ondan ötrü ki, balaca uşaq sözə baxmayıb tərbiyəsizlik edəndə onun qulağından yapışıb, tərbiyə evinə aparırlar və habelə dəlilər də küçələrə düşüb xalqı narahat edəndə onları yığıb dəlixanaya doldururlar.
Cəlil Məmmədquluzadə
“Kommunist” qəzeti, 3 avqust 1923, № 174
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-meherremul-heram
Use ← → keys to move, R for a random poem
More by this author
Müsəlman vəkillərinə nəsihətEy dumada olan müsəlman vəkilləri, and verirəm sizi öz insafınıza, bircə dəqiqəliyə mənim bu sözlərimə qulaq verin və qoca Mollanın nəsihətini qəbul edin.
Mövqufat məsələsiMəlumdur ki, mövqufatımızın ixtiyarı Rusiya hökumətindədir və mövqufat pullarımız rus xəzinəsindədir. Mövqufatın gəlirinə və gedirinə hökumət özü yetişir. Müxtəsər, mövqufat işlərimizi Rusiya hökuməti dolandırır.İndi baxaq bunun nəticəsinə; mövqufatın mülkləri və qeyri tərpənməyən var-yoxu öz yerində qalır və nəqd pulları xəzinədə durur və lazım olan vaxt ruhani rəislərimizin razılığı ilə xərclənir, necə ki, məsələn, vəqf pulları ilə mədrəseyi-ruhaniyyə tikiləcək.
Xoş təqrirİnsan həmişə danışanda gərək elə danışa ki, içindən bir şey çıxa, nəinki hədərən-pədərən. Bir məsəl var deyərlər: “Hər nə salarsan aşına, o çıxar qaşığına”. Doğrudan da belədir. Birinə bir yaxşılıq eləsən, söz yox ki, zad olar, bu... adı nədi... zad kimin... nəstə kimin... Şair deyib ki, “Hər dəm əz-ömr mirəvəd nəfəsi”. Söz yox ki, anlayan bir tükdən də anlar. Hərçənd bir az başağrısı olur, amma nə eləmək, xudavəndi-aləm insanı və xanları xoş gündə xəlq eləyib. Məsələn, əgər onlar xoş gündə xəlq olmasaydılar, onların barəsində bu qədər danışmazdılar. Sözüm bunda deyil. Sözün canı gərək olsun. Söz nə qədər gödək olsa, o qədər yaxşı olar. Allah ölənlərinizə rəhmət eləsin, bir zad var idi... adı nədi... hə.. Kərbəlayı İmamqulu əmi. Bu Kərbəlayı İmamqulu əmi deyirdi ki, biri var idi, biri yox idi, bir qarı var idi, tumancığı dar idi, bir gün bu qarı getdi Arazdan su gətirməyə, şappadan dəydi buz üstünə, dedi – Ay buz, sən nə yamansan! Dedi ki, mən yaman olsaydım Arazda donmazdım! Dedi – Ay Araz sən nə yamansan? Dedi – Mən yaman olsaydım, İrana sərhəd olmaz idim! Dedi – Ay İran, sən nə yamansan? Dedi – Mən yaman olsydım xanlar əllərinə ülgüc-bülöv alıb məni qırxmazdı! Dedi – Ay xanlar, siz nə yamansız? Dedi – Biz yaman olsaydıq, nəinki ayda, bəlkə gündə bir ləqəb almazdıq! Dedi – Ay ləqəblər, siz nə yamanmışsız! Dedi – Biz yaman olsaydıq, bizi ləbləbi qiymətinə satmazdılar! Dedi – Ay ləbləbi sən nə yamansan? Dedi – mən yaman olsaydım, İranda duma qurulmazdı. Dedi – Duma, sən nə yamansan! Dedi – “Yamanam” hay yamanam, buğlarımı buraram, xanları mən vuraram (Bıy, Molla əmi, şeir çıxdı). Hə, sözümün ucu necə oldu? Hə, məsələn, belə işləri adam görəndə təccüb edir. Söz yox ki, bu nağıldı, amma genə necə olsa yaxşı zaddı. O.. deyir ki... Allah şairin qəbrini nurnan doldursun: “Mayeyi-eyşiadəmi şikəməst”, bu söz yəni belə olmasaydı, bizim bəzi mollalarımız yeməkdən başqa bir özgə iş də görərdilər. Molla əmi, qurban olum sənin gözlərinə, incimə məndən, bir zad yadıma düşdü, qoy onu deyim, yəni hərçənd onun da mətləbə dəxli var, bu hacılar pulu yığıb görəsən nə eləyəcəklər?!Amma bu “şansonetkalar” ay İrəvandan pul çəkdilər ha! Bir az keyfim olaydı, başım yaxşı işləmir, heç bilmirəm ki, nə yazıram. İnsanın həmişə, ələlxüsus ki, zadların danışığı və yazısı gərək püribarə ola, məsələn, demək bu kağız kimi. Mənada yəni bir o qədər iş yoxdur. Mən bu işi yaxşı bilirəm. Cənabınıza məlumdur ki, gərək elə danışasan ki, heç zad qanmayalar. Belə adama “xoştəqrir” deyirlər. Məsələn, zad kimi, adı nədi.. Qoy qalsın sonra yazaram. Hə bir də, Molla əmi, sən Allah bu elanı yaz qəzetində.
Cəmiyyəti-xeyriyyəDəxi işimiz çox çətin yerə dayandı: bir yandan söz vermişik ki, “Təzə həyat”ın nəsihətinə əməl eləyək və heç kəsi özümüzdən incitməyək, bir yandan da lazım gəlib Bakı cəmiyyəti-xeyriyyəsi barəsində möhtərəm oxucularımızla bir az söhbət eləyək.Pənah Allaha, – deyib başlayaq.