Adətdir, köhnə il qurtaranda və təzə il daxil olanda hamı qəzetlər köhnə ilin müddətində üz verən əhəmiyyətli vüquatı bir-bir yazıb oxuculara bildirirlər. Bu adətə biz də əməl eləyirik.

1908-ci ilin ərzində böyük vüquatdan biri budur ki, Avstriya hökuməti Bosniya və Hersək vilayətlərini zəbt eləyib öz məmləkətinə qarışdırıb və Bakının Bülbülə kəndində bir müqəddəs seyid bir lal müsəlmanın dilini açıb danışdırıb. Həmin 1908-ci ildə İranda Səttar xan baş qaldırıb və gəncəli Məmmədovların köməkliyi ilə Azərbaycana sahib olub. Peterburq şəhərində rus xanımlarının yığıncağı baş tutub və hər vilayətin, hər tayfanın arvadlarından o yığıncaqda olublar. Qafqaz xanımları tərəfindən yığıncaqda Gəncə xanımlarından altı nəfər olub və bunlar orada hüquq barəsində çox nitqlər söyləyib. Və molla Məyub yeddi yaşında bir qıza kəbin kəsib bir nəfər molla Əliyə verməyi barəsində…

İslam aləmində iki böyük xeyir iş üz verib: biri budur ki, Türkiyədə cavan türklər məşrutiyyət elanı eliyiblər. Biri də budur ki, Gəncənin Qazax şəhərində müsəlman uşaqlarına ölü qüslü öyrətmək üçün məscid həyətində qüslxana açılıb və ölü öləndə məşhur müəllim Kərbəlayı Əli uşaqları başına cəm eləyib onlara dərs öyrədir.

Amerikada Taft adında bir şəxs cumhuriyyətlərə rəis seçilib. Həmin 1908-ci il bərəkətli il olub, dünyanın hər bir yerində yaxşı məhsulat əmələ gəlib, Naxçıvan mahalında çox pambıq olub.

Dağıstanın Axtı kəndində müsəlmanlar içində araq və pivə artıq rəvac olub. Bakıdan iki min manat gətiriblər ki, barı heç olmasa, məktəb açsınlar. Amma İtaliya məmləkətində Messin şəhərində zəlzələ olan kimi Axtıda məktəb pulları birdən yox olub.

Musiqi aləmində yenə şad xəbərlər eşidilib: Bakıda teatr yazıçılarına müsəlmanlar tərəfindən dünyada misli olmayan hörmətlər göstərilib, Tiflisdə gürcülərin ali bir teatrı başa gəlib və nayibin sifarişinə görə Lənkərandan Çornı Qoroda üç mütrüb dəstəsi göndərilib.

Bu ilin abü havası hər yerdə bir cür olub. Bəzi yerdə yağış yağıb, bəzi yerdə qar yağıb. Baharda gah gün çıxıb hava xoş olub. Qışda qar yağıb hava soyuq olub. Ağdaşda məktəb vəkilləri təzə müəllimə paltar veriblər ki, bir-iki gecə yatsın ki, sonra özünə paltar alsın. Amma naqafil gecə vaxtı vəkillər birdən gəlib biçarə müəllimdən paltarı alıb aparıblar. Bu da gedib o gecə hamamda yatıb ki, üşüməsin.

Həmin 1908-ci ildə Gəncə şəhərinə təzə konsul varid olub və Mirbağır ağa konsulun qabağına çıxıb və ağa ilə konsul İran məşrutəsi barəsində çox şirin söhbətlər eləyiblər.

Bu il Səmərqənddə çox toylar olub və bu toylarda mollalar içki məclisində gözəl nitqlər söyləyiblər. Bu nitqlərin təsirindən Aşqabad cavanları o dərəcədə şəraba məhəbbət yetiriblər ki, şərabı içə-içə stəkanları da ağızlarında sındırıb tikə-tikə eləyiblər (hələ hirslərinə bax!).

Noyabr ayının 12-də Culfa yanında qaçaqçılar Arazdan keçəndə on dörd tay qaçaq malı salıb qaçıblar. Bu malların hamısı İran mətahıdır: iki tay seyid və mərsiyəxan əmmaməsi, bir xurcun təsbih, bir tay “Cameüd-dəvət” kitabı, bir dəvə yükü falaqqa, iki tay tiryək və bir çuval həna.

(Mabədi gələn il 52-ci nömrədə).

Lağlağı

“Molla Nəsrəddin”, 28 dekabr 1908, №52

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Göz ağrısı

Bizim Azərbaycanda Su təsərrüfatı işçiləri necə ki, lazımdı qabağa getmir. Bir tərəfdən kəhrizlərin çoxusu təmir olunmur. O biri tərəfdən də sudartan maşınların habelə çoxusu yenə təmir olunmayıb, durur.Mən hərdənbir öz-özümə deyirəm ki, görəsən, səbəb nədir ki, Azərbaycanda suvarma işləri həmişə axsıyır.

1 min
VI şuralar qurultayı

Altıncı şuralar qurultayında qəza nümayəndələri məzəli gileygüzar edirdilər; adam qulaq asanda elə bilirdi ki, bu danışan zarafat eləyir.Amma bunlar hamısı doğrudur. Ağdam nümayəndəsi söyləyirdi ki, Şuşa şəhərinin fazili Ağa Əbdürrəhim ağa köçüb gəlmişdi ki, Ağdam məscidini döşəsin, səliqəyə salsın və oranı özü üçün mənzil qərar versin, həm də orada moizə eləsin, Allah baisin evini yıxsın: bu nadinc komsomollar bir gün dəstə tutub çıxdılar minarənin üstə və başladılar muzika çalmağa. Haman gün Ağa Əbdürrəhim ağa şələ-şüləsini yığıb məsciddən çıxdı qaçdı və ağanın pişmiş aşına su qatdılar.

1 min
İşçi teatrı

Axır vaxtlarda belə qulağıma çatır ki, guya Türk-işçi teatrı ilə Opera teatrını dəyiş-düyüş eləmək istəyirlər. Guya istəyirlər Türk-işçi teatrını Opera teatrının binasına köçürtsünlər, Opera teatrını da bulvardakı Türk-işçi teatrının səfalı binasına köçürtsünlər.Hər kəs nə deyir-desin, mən ki deyirəm, əgər bu iş baş tutsa, iki tərəf də, yəni bu teatr da və o teatr da qazanar.

1 min
Yemək bayramı

İnsanlar həmişə Allahı aldatmaqda olublar, amma Allah da onların fəndini çoxdan duyubdur.Götürək bu bayrambazlığı: indi də pasxa bayramı yavuqlaşır və xaçpərəstlərlə yəhudi millətləri pasxaya hazırlaşmaqdadırlar.

1 min

Poems by other poets · Satire