Məşədi Sicimqulu “Kefsiz”
Page 2 of 2 · 50%
İkinci, hacı, yetim uşağın məktəb xərcindən qaçır və hətta onun dərs oxumağını da lüzumsuz görür.
Üçüncü, həmin mömin və müqəddəs hacı, yetim uşağı öz evinə qulluq etməyə çağırır, bu şərtlə ki, uşaq “təmiz” olsun. Burada hacı axtardığı təmizliyin mənasını hacı özü də başa düşür və biz də başa düşürük: hacıya göyçək uşaq lazımdır!
Məşədi Sicimqulunun nəsrilə yazılmış duzlu məqalələrinin biri “Molla Nəsrəddin”in ikinci ilinin 35-ci nömrəsində dərc olunubdur. Burada şairimizin, Gəncə fahişəxanalarının bağlanmağı münasibətilə sərgərdan qalan cavanlara yazığı gəlir və deyir ki:
“Bəs biçarələr nə eləsinlər? Gəncə elə bir şəhər deyil ki, adam qüssə edəndə bir yer ola, adam gedə, ürəyini aça. Necə ki, Bakıda qüssə əl verəndə adam gedir dərya kənarına və dəryada çimənlərə tamaşa edib ürəyini açır”.
Məqaləsini şairimiz bir belə məzhəkə ilə tamam edir:
“Xülasə, Allah baisin evini yıxsın, qapısını onların, yəni fahişələrin qapısı kimi bağlar qoysun ki, xalqı avara saldı!
Bu gün cavanların axırını görürəm: bir parasının əlacı kəsilib, gedib küçədə 8 – 9 yaşında oğlanlar ilə “gildirim parç” oynayacaqlar.
Xülasə, Allah baisin evini yıxsın!”.
Bəli, “Molla Nəsrəddin” məcmuəsinin davamının tamam ilyarımı keçdi və bu müddətdə hələ Məşədi Sicimqulu Kefsiz “Molla Nəsrəddin”də nəzm ilə yox, nəsr ilə yazmağa məşğuldur və bu ilyarımın müddətində Sabir dad-bidad etməkdədir. Məşədi Sicimqulu hələ dinmir və səbəbini özü də bilmir. Amma mən elə qanıram ki, Sabir kimi hünərvər şairin qabağına çıxmaq o qədər də asan olmaya gərək.
Məcmuəmizin nəşrinin birinci-ikinci illərində Zəngəzurda böyük aclıq üz vermişdi. Aclığa bais bir tərəfdən taxılın qıtlığı və digər tərəfdən bəzi hadisələrin nəticəsində yolların bağlanması idi.
O vaxt biz məcmuəmizin 12-ci nömrəsinə “Qulibiyabani” sərlövhəli bir məqalə ilə varlılarımıza təntənəli bir xitab dərc etdik. Ta ki ondan bir neçə vaxt sonra Sabirin “Tömeyi-nahar”ı bizim səsimizə səs verdi. Burada Məşədi Sicimqulu Kefsiz də meydana çıxdı və “pənah Allaha” – deyib, Sabirin “Tömeyi-nahar”ına cavab olaraq “Çayda çapan qardaşım, ağlama, ağları gör” mətləli şerini göndərdi.
Məşədi Sicimqulunu ilk dəfə məcmuəmizdə nəzm ilə danışdıran, onun təbi-şerini büruzə verən haman “Temeyi-nahar” olubdur. Bunu da lazımdır qeyd etmək ki, Sabirin bu əsəri ilə Məşədi Sicimqulunun ona cavabının arasından bir neçə ay keçibdir və bu müddətdə Sabirin müxtəlif mövzuda əşarı dərc olunubdur. Demək, M. Sicimqulu, – haman M. Sicimqulu ki, öz dediyinə görə, “Molla Nəsrəddin”in bu vaxtadək bircə nömrəsini də başdan-ayağa oxumamış keçirməyibdir, Sabirin bundan da qiymətli qeyri əşarına mütəəssir olmayıb, – nə qədər ki, “Tömeyi-nahar”ına olub, ona bir neçə aydan sonra cavab verməyi özünə borc bilibdir.
Nədir burada şairi mütəəssir edən? Əlbəttə ki, Mollanın mövzuudur.
Nədir onun mövzuu? Burada cavab çox müxtəsərdir..
Zəngəzurda əhaliyə aclıq üz verib, erməni camaatına erməni ziyalıları vaqon-vaqon taxıl daşıyır, amma müsəlman intelligentləri qumar və eyşə uyub, acları yaddan çıxarıblar. Burada necə ki, Sabirin də şikayəti acların qeydinə qalmayan intelligentlərdəndir:
Bu intiligentlərin sözün gətirmə çox aralığa,
Onları görmək istəsən, şərabı gör, qumarı gör!
Habelə Sicimqulu da öz cavabında deyir:
Söylə nə etmiş hələ intiligentlər, balam,
Sən danışan sözlərə səbr edə bilməz adam,
Ta ki peşiman olur bir lütə vermir salam,
Onda tamaşaya gəl, hər cürə göftarı gör!
Mövzuda və məzmunda müştərək olmalarından savayı, “Molla Nəsrəddin”ə müxtəs bu iki ləzzətli şairi kəlamın məzə və şirinliyi barəsində biz həmişə bir-birinə oxşatmışıq. Və lakin bu da cümləyə məlumdur ki, Sabir heç kəsə yox, bəlkə Sicimqulu Sabirə oxşayıbdır və güman edirəm ki, bir belə təşbihə iftixar da edibdir.
Biz bunu qəti deyə bilərik ki, “Molla Nəsrəddin” dünyasında, “Molla Nəsrəddin”ə yaraşan şivənin məzəliliyi və duzluluğunda, məharət və lətafətdə Sabirə yavuq gələn və ona əvəz olan – birinci Məşədi Sicimqulu Kefsiz olubdur.
Məşədi Sicimqulunun ikinci ədəbiyyatı məcmuəmizin üçüncü ilinin beşinci nömrəsinə gəlib çatdı ki, orada dərc olundu. Həqiqəti-hal budur ki, şairin xəttinə qabaqdan aşina olmasaydıq, güman edə bilərdik ki, bəlkə Sabir qazı Hacı Məcid əfəndinin qorxusundan qaçıb gəlib Dəli Məhəmmədli stasyonuna və həmin şeiri oradan yazıb göndəribdir:
Ey axund, evin yıxılsın,
Adına baxıb utan bir!
Bu qədər ləcacət olmaz,
Bu qəbahətini qan bir!
Dediyin çərən-pərəndir,
Yorulub dəxi usan bir!
Dolaşıb sataşma bunca,
Ağaya, kübarə, molla!
Və bundan sonra da Məşədi Sicimqulu tərəfindən idarəmizə göndərilən ədəbiyyatın imzasına ancaq baxandan sonra bilirdik ki, bunu yazan Sabir deyil.
Misal: kimdir bu aşağıdakı sətirlərin sahibi? Sabirmi? Xeyr, Məşədi Sicimquludur.
Məktəb
Məktəb demə, ondan sarı qəlbim dolu qandır.
“Bu darülədəbdir” deyə hər kimsə, yalandır!
Cəfər qurtarıb dərsi, gəlib xeyli zamandır,
Baş tüklü, ayaq çəkməli, guya ki, qabandır,
Saldat balası, bax, deyəsən lap malaqandır.
Məşədi Sicimqulunun aşağıdakı nəzmi, elə yadımdadır ki, Gəncədə bir mollanın şeytanlanması ilə bir çox türk cavanların və o cümlədən Mirzə Məhəmməd Axundovun (Hatifin) çar hökuməti tərəfindən həbsə alınıb surgün edilmələri münasibətilə yazılmışdır:
Zindan
Guşeyi-zindan mənə, ey növcəvan,
Oldumu amalıma qarşı məkan?
Söyləmədimmi sənə faşü nəhan
Çəkmə bu millət qəmini ələman?!
Şimdi təəssüflər ola halına,
Dəydi bəla tiri pərü balına
Mən demədimmi ki, fəğan eyləmə,
Eybini mollanın əyan eyləmə,
Şeyxi tanı, sofini qan, eyləmə,
Fikrini nitqində bəyan eyləmə,
Baxmadın, əfsus, bu gün halına,
Dəydi bəla tiri pərü balına.
Rəməzan ayı müsəlman varlıları üçun həməvəqt bir ziyafət ayı olubdur. Yuxarı başda, sərsüfrədə əyləşiblər qarnıyoğun şeyxlər və mollalar, sərvətli xanlar və hacılar, qapıda durublar ac və üryan yetim-yesir saillər. Hələ bunun adını da ibadət qoyublar; çünki iftar məclisidir.
Bu halı Sabir də və sonra Məşədi Sicimqulu da tənqid edibdir. Sabir “Ey vaizi-süxənvər” və “İftardan bir göftar” ünvanlı Əkrəmbəyə nəzirəsində:
Açmış niqabi-hüsnün, məcmueyi-təvangər,
Məcmuədə düzülmüş eyzən xüruş sərasər.
Həsrətkeşani-mətbəx gürgani-bətnpərvər,
Cari boğaza şərbət, sari məzaqə şəkkər,
Əksi-buxari-dolma, zilli-əmmameyi-sər,
Dəryayi-iştəhayə olmaqda bəhcətavər,
Hüzzar içində əsla yox bir fəqiri-müztər,
İftar vaxtıdır ha, ey vaizi-süxənvər!
İş baş bilənsiz olmaz,
Sərsüfrə sənsiz olmaz
Məşədi Sicimqulu belə deyir:
Molla, işin çaşdı, yazım yazmayım:
Huş-başım çaşdı, yazım yazmayım?..
Getdi rəcəb, indi də şəban gəlir,
Cisminə gər mollaların can gəlir,
Yağlı plov, dadlı fisincan gəlir,
Məclisə ancaq ağa, bəy, xan gəlir.
Ac gözü qan yaşdı, yazım yazmayım.
Qəmlərə yoldaşdı, yazım yazmayım?..
Şairimiz saqqalı hənalı qocaların köhnə arvadından bezikib təzəsini siğə, mitə etməklərini bir yerdə həmişəki şirin kəlamı ilə məsxərəyə alır. Köhnə arvadlı qocalardan belə şikayət edir:
Qocaldım, gedibdir zəmani-şəbabım,
Alınmaz sualım, verilməz cavabım...
Nə munis, nə həmdəm, qapımdan girən yox,
Qocalmış bu arvad, məni dindirən yox,
Nə mitə, nə siğə bir evləndirən yox,
Çoxalmış günahım, azalmış savabım,
Alınmaz sualım, verilməz cavabım.
Aylar, illər dolandı və məcmuəmizin ibtidasından ta bu vaxtadək Məşədi Sicimqulu Kefsiz bizə həmişə yar oldu. Xüsusən Sabirin vəfatından sonra, ikinci Sabirimiz birincisinin yerini boş qoymadı. Məşədi Sicimqulu Kefsizin zövq və səfalı, məzah və duzlu şerinin heç bir vaxt dalı kəsilmədi. O özü cismən qocaldısa da, onun kəlamının lətafəti bir zərrə qədər əksilmədi; məsələn, iki il bundan qabaq şairimiz Saro kəndinin məktəbinin halını el dili ilə, nazlı bir şivə ilə təsvir edir. Qətiyyən demək olar ki, bu dil, bu şivə, bu şerlər azərbaycanlılar üçün həmişə zində olacaq, oxucuları həmişə – farsca söyləsək, – dilnəvaz edəcək.
Saro kəndi
Yazda qoxu, qışda qar
Bu kənddə bir məktəb var,
Göydən bir çağrım kənar,
Üç yanı torpaq hasar,
Ancaq hisli dörd divar.
Pəncərəsi, qapısı,
Darbadağın yapısı,
Tatın dılğır yabısı
Səkidə şıllaq atar...
Bu gün-yarın qış gəlir,
Soyuq yellər daş dəlir.
Yavrularım incəlir.
Yazda qoxu, qışda qar,
Xəstələnir aşkar.
Şairin əsərlərinin çap olunmağı münasibətilə mən onun kitabının müqəddiməsində bir neçə söz söyləməyi lazım gördüm. Ancaq burada mənim qəsdim şairimizin bütün əsərlərini tənqid və təhlil etmək deyil idi; bu vəzifəni mən söz ərbabının öhdəsinə mühəvvəl edirəm. Mən ancaq Məşədi Sijimqulu Kefsizin bu təxəllüslər dairəsində məcmuəmizdə iştirakının keyfiyyətini oxucuların nəzərinə çəkmək niyyətində idim.
Ancaq burada bir nöqtə var ki, onu qeyd etməyib vaz keçsəm, qəlbim rahatsız ola biləcək: o da “Azərnəşr” tərəfindən dəyərli şairimizin əsərlərinin məcmuəsinin təbi məsələsidir.
Cümləyə aşkardır ki, məzkur nəşriyyatın təşəbbüsü nəticəsində Əli Nəzmi kimi sair qiymətli ədib və şairlərimizin də qələmlərinin əsəri təb və nəşr olunmaqdadır. Və elə zənn edirəm ki, Azərbaycan torpağının həqiqi maarif dostları, maarif və mədəniyyətimiz yolunda müşahidə olunan bu xidməti təqdir və ərzi-şükran edələr gərək.
Və ümidvaram ki, belə də olacaqdır.
Əli Nəzminin “Sicimqulunamə” adlı kitabına müqəddimə, Bakı, Azərnəşr, 1927
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-mesedi-sicimqulu-kefsiz
Use ← → keys to move, R for a random poem
More by this author
Bir para az bilən adamlar qəzet idarələrinə məktublar yazıb hey soruşmaqdadırlar ki, aya bu ikinci dəfə sənayeləşmə istiqrazı ki, elan olunur, aya, bu istiqraz vərəqələrindən hasil olan məbləğ nəyə sərf olunacaq?Və qəzet idarələri də doğrudan da cavab verdilər ki, bu pullar sərf olunacaq əvvəla – Şuralar ölkələrində fabrik və zavod təsis eləməyə.
Qoçu xəbərləriAxır vaxtlarda bir neçə yerdə qoçular böyük hünər göstərməyə başlayıblar: insan bu işləri görəndə təəccüb edir ki, aya bu qudurğanlar məgər Şura hökumətinin qoçular üçün həməvəqt hazırda olan çomağını görmürlər?Bir para həyasız qoçulardan axır vaxtlarda elə igidlik xəbərləri gəlir ki, guya indi heç şura əsri deyil, çinovnik əsridir ki, gedib vurub birini gün günorta çağı döyəsən, sonra qaçasan pristava rüşvət verib çıxasan aralığa və papağını yanqılıcı qoyub bığını bura-bura gəzəsən.
İsgəndəri-kəbirlərQədim əsrlər çox da fəxr eləməsinlər ki, onların İsgəndəri-kəbiri var imiş.İndiki əsrin İsgəndəri-kəbirləri qədimki isgəndərlərə bir təpik də hələ vurublar.
Teatr söhbətləriİstəyirdim bu barədə danışmayım; çünki bizdən savayı qeyri millətlər də var. İstəmirdim ki, eybimiz dünya və aləmə faş olsun. Onunçün oxucularımızdan iltimasım budur ki, qonşularımızdan rus, erməni, gürcü və yəhudi – hansı birisi rast gəlsə və soruşsa da, Molla Əmi baş məqaləsində nə yazır, ancaq bunu desinlər ki, burada, qəzalarımızın dairə Şura sədrləri büdcə pullarını artıq bir səliqə ilə xərcləməyi barəsində yazılır və israf-məsrəf, Əlinin və Vəlinin papaqlarının komediyabazlığından dairə Şura sədrləri çox uzaqdırlar–inşallah...Komediya dedim, oktyabrın beşində işçi teatrımızda qurulan teatr müsahibəsi yadıma düşdü. Burada dəxi bilmirəm mən nə danışım; o qədər ki, orada uzun-uzun nitqlər, bəhslər, deyişmələr (az qala hələ vuruşma) oldu, – dəxi artıq müzakirəyə lüzum qalmadı.