İstəyirdim bu barədə danışmayım; çünki bizdən savayı qeyri millətlər də var. İstəmirdim ki, eybimiz dünya və aləmə faş olsun. Onunçün oxucularımızdan iltimasım budur ki, qonşularımızdan rus, erməni, gürcü və yəhudi – hansı birisi rast gəlsə və soruşsa da, Molla Əmi baş məqaləsində nə yazır, ancaq bunu desinlər ki, burada, qəzalarımızın dairə Şura sədrləri büdcə pullarını artıq bir səliqə ilə xərcləməyi barəsində yazılır və israf-məsrəf, Əlinin və Vəlinin papaqlarının komediyabazlığından dairə Şura sədrləri çox uzaqdırlar–inşallah...


Komediya dedim, oktyabrın beşində işçi teatrımızda qurulan teatr müsahibəsi yadıma düşdü. Burada dəxi bilmirəm mən nə danışım; o qədər ki, orada uzun-uzun nitqlər, bəhslər, deyişmələr (az qala hələ vuruşma) oldu, – dəxi artıq müzakirəyə lüzum qalmadı.

Və lakin məni təəccübə gətirən bir keyfiyyətdir ki, o məclisdə oturub, bu işləri görəndə o keyfiyyəti, necə ki, lazımdır, dərk edə bilmirdim.

Mən öz-özümə deyirdim ki, aya, görəsən biz niyə bu günə qalmışıq və aya, niyə bizim teatr işlərimiz elə bir hala qalıbdır ki, teatr kimi müqəddəs bir maarif və sənət mənbəyinin xadimləri qocalmış bir Fatmanisə xala kimi bir uçdan bir-birinə qarğış edirlər (Sən hələ kollektiv axtarırsan). Ta o yerə kimi ki, balaca rejissorumuz da öz gözəl nitqi ilə sübuta yetirdi ki, mən bu artistlərin rəhbəriyəm (ay zalım oğlu).

Hə doğrudan, bu işləri haman məclisdə mən görəndə xeyli təəccüblənirdim ki, biz niyə bu günə qalmışıq və küçəyə çıxanda məclis əhlinin birindən soruşdum ki... “Vardı qələmdə bir üqdeyi-şəkk”.

O cavan da məndən soruşdu ki, “yəqin Mustafa Quliyevin sözlərinin hamısı yadında qalmadı”; dedim: “allah bu qocalığı bina eləyənin evini yıxsın”.

Bu yoldaş mənə dedi ki, “Quliyev bir söz dedi”. Dedim “nə söz?” Dedi: “Quliyev yoldaş nitqinin ən qabaqlarında dedi ki “biz müsəlmanıq; onunçün də biz teatrda aktrisalara arvad kimi baxırıq, nəinki yoldaş kimi”.

Mən də bu küçədəki yoldaşa dedim:

– Ay Allah atana rəhmət eləsin.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 11 oktyabr 1928, №41

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire