Qoçu xəbərləri
Axır vaxtlarda bir neçə yerdə qoçular böyük hünər göstərməyə başlayıblar: insan bu işləri görəndə təəccüb edir ki, aya bu qudurğanlar məgər Şura hökumətinin qoçular üçün həməvəqt hazırda olan çomağını görmürlər?
Bir para həyasız qoçulardan axır vaxtlarda elə igidlik xəbərləri gəlir ki, guya indi heç şura əsri deyil, çinovnik əsridir ki, gedib vurub birini gün günorta çağı döyəsən, sonra qaçasan pristava rüşvət verib çıxasan aralığa və papağını yanqılıcı qoyub bığını bura-bura gəzəsən.
Bu cür qəflətdə qoçuların bir dəstəsi Şərur tərəfindən İbadulla kənd qolçamaqlarından Baxşəli Əliyev, Abbas Həsən oğlu, Möhsün bəy Bağırov və bir neçə qeyriləridir ki, əlsiz-ayaqsızların suyunu kəsdikləri bəs deyil, şikayətə baxan Xanlıqlar şura sədri Əbdüləli Həsənzadəni bir xubunca döyüblər.
İkinci qoçu dəstəsini təşkil edən Kürdəmirdə yol agenti Ağayev və onun qoçusu kantrobatçı Qafarovdur ki, stansiyada qəzet satmaq üstə döydükləri Nəcəfzadənin bu xəbəri “Molla Nəsrəddin”ə yazdığının acığına Nəcəfzadəni öldürmək və posta məmuru Əmirovu xidmətindən xaric etmək fikrinə düşüblər və lakin Kürdəmir qoçuları bunu unudurlar ki, Ağayevin qoçuluğunun xəbərini bizə yazan Nəcəfzadə səhldir, – beş nəfər Kürdəmir qəzet müxbirləridir – Ağayevin hünərini bunlar öz imzaları ilə təsdiq edirlər.
Buna sözün nədir?
Üçüncü qoçu xəbəri dünən Maştağada vaqe olan bir balaca məşğuliyyətdir: gözü qızmış bir maştağalı Həsən Şeyx Əli oğlu tapançanı doldurub və gedir girir öz düşmənlərinin evinə və başlayır partı-partı: Səlim və Salman adlı iki qardaşı ordaca öldürür, üçüncü qardaşlarını bərk və dördüncü qardaşını yüngül surətdə yaralayırlar.
Bu ünvanı başlamaqda Şərur və Kürdəmir qolçamaqları ilə hələ o qədər işim yoxdur. Mən burdaca ancaq Maştağa quldurlarından bir qədər danışmaq istəyirəm.
Sözün doğrusu, mat qalmalı işdir: Maştağa deyilən üləma və füzəla vətəni olan bir böyük vilayətdir. O qədər ki, burada Şeyxülislam və hətta müctəhid dərəcə üləma vardır, – Nəcəfül-Əşrəfdə də bu qədər ola bilməz. O qədər vəz və nəsihət ki, Maştağanın hər məhləsində olan hədsiz məscidlərdə camaatın qafillərini dünyanın və axirətin məsailindən agah edir və xalqı doğru və dürüst yola dəvət edir və qan tökməyi günahi kəbirə qərar verir – bəs, bu qədər dəlil və nəsihət ki, üləmanın dilindən eşidilir, səbəb nədir ki, bununla bərabər Maştağanın qaniçən qoçularına qeyri bir vilayət bərabər gələ bilmir?
Deyəsən, Maştağa qoçuları da duyublar ki, Maştağa üləmasının pəstahları özü də lotubazlıqdır.
Onunçün üləmanın axirət təbliğatının bir təsiri və bir nəticəsi olmur.
Dəli
“Molla Nəsrəddin”, 6 sentyabr 1928, №36
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-qocu-xeberleri
Use ← → keys to move, R for a random poem
More by this author
Dünən qəzetdə bu sərlövhə ilə yoldaş Şirvanskinin bir məqaləsini oxudum.Yazır ki, əvvəla, bizim bir para xam təbliğatçılarımız din əleyhinə apardıqları mübarizəni taktika üzrə və məharət ilə aparmırlar və avam camaatın hazırlığını mülahizə etməyib sözlərini “damdandüşmə” meydana gətirirlər. Saniyən, haman təbliğatçı yoldaşlar öz biliksizlikləri səbəbindən məruzələrini xeyli tarixi səhvlərlə doldururlar. Bu cür qələt xətti-hərəkətin nəticəsində qulaq asan qara camaat ayılmaq əvəzində, bu növ təbliğatdan ikrah edib, daha belə məclislərə yavuq düşmək istəmirlər.
Pasport “get-gəli”İranlıların pasport get-gəli məsələsi “Bakı fəhləsi” qəzetinin ancaq dördüncü səhifəsində yazılıbdır. Amma biz bu məsələni bir azca qabağa gətirsək, heç eyib eləməz.Səbəb budur ki, məsələ o qədər də əhəmiyyətsiz deyil.
Ölüm axtaranQoca müəllim Manafzadə Əlağanın üç yaş yarım bir oğlu var. Uşağın anası ölüb və uşaq sahibsiz qalmışdır. İşdən düşmüş müəllim əfəndinin uşağına daha canıyanan bir kəs yoxdur.Onun üçün də fevral ayında Manafzadə Bakı maarif şöbəsinə pənah aparır ki, bəlkə çocuğunu uşaq evlərinin birinə qəbul edələr.
ZəlzələMirzə Ələkbər ağanın Əməbatdan qayıtmağı və Ərdəbilə varid olmağı indi bu saat İran məmləkətində bir böyük siyasi məsələ hesab olunur.“Siyasi” o səbəbə deyirəm ki, bu məsələyə İngiltərə hökuməti də daxildir.
Poems by other poets · Satire
Vəzifə başında oturmuşam mən,Yaman hərlənirsən ətrafımda sən.
Bərdə xərabələriO viladə bir mehriban görmədim,Gəlmişəm indi də mehriban gəzim;
«Kefsiz»ə nəzirəYarəb! Sənə min şükr ki, dünyanı yaratdın,Bir dəfə dedin «ol!» — çayı, qəlyanı yaratdın.
YatıramMən də, ay can, nə qədər yatsa müsəlman, yatıram,Məni dindirmə, qoy asudə, ay oğlan, yatıram.