Qəzetlər xəbər verirlər ki, bu yaxın vaxtlarda Kazan şəhərində islam məzhəbinin əleyhinə çalışan rus misyonerlərinin yığıncağı olacaq və bu yığışmağa hökumət tərəfindən izn verilib.


Biz bu barədə bəlkə heç danışmayaydıq; çunki bu sözlər köhnə sözlərdir və oktyabr manifestli bir məmləkətdə bu cür “hürriyyətiədyan” işlərini çox görmüşük. Amma bircə şey var: dəxi bundan sonra heç kəs rus tatarlarını qınamasın ki, hökumət məktəblərindən qaçırlar və rus mədəniyyətindən bəhrəmənd olmaq istəmirlər. Hələ keçən vaxtların sözünü danışmırıq ki, qapaz gücünə Məhəmmədin və Həsənin adlarını xaçpərəst dəftərinə yazıb, müsəlmanları İvan, Pyotr eləyirdilər.

Hələ indinin sözünü danışaq. İndi nə görürük? İndi də bunu görürük ki, məsələn, Saritsin şəhərində İliodor adında bir keşiş hər qədəmdə müsəlmanların gözünün qabağında Məhəmməd peyğəmbərin şəriətini ədəbsizliklə təhqir eləyir və Kazanda misyonerlər açıqaçığına yığışırlar ki, müsəlman dininin ziddinə müzakirə eləsinlər. Amma bizim yəqinimizdir ki, əgər Kazan tatarları ərizə verib, hökumətdən izn istəsələr ki, yığışıb bir əmiyyəti-xeyriyyə açsınlar, -hökumət onlara izn verməz.

Bununla da işimiz yoxdur, bu da köhnə sözdür. Amma hərdənbir Kazan tatarlarından giley eşitmişik ki, rus məktəblərindən qaçırlar. Bu bir aşkar mətləbdir: ondan ötrü ki, Kazan tatarı belə deyir: “Rus məktəbini açan da hökumətdir, misyonerləri bizim üstümüzə göndərən də hökumətdir; bəs elədə mən onun məktəbini istəmirəm”.

Amma rus tatarlarından da təvəqqə eləyirik ki, müştəbeh olmasınlar ki, guya biz onların sözünü təsdiq eləyirik və deyirik ki, doğrudan da onlar da acığnan uşaqlarını hökumət məktəblərinə göndərməsinlər. Yox, gərək göndərsinlər, buna iki səbəb var: əvvəlinci bu ki, qoy rus dilini oxuyub görsünlər ki, keşişlər nə qayırırlar, İliodor kimi keşişlərdən inciyəndə hökumətə şikayət eləməyi bacarsınlar və misyonerlər yazdıqları kitablara rus dilində cavab verə bilsinlər. Məsələn, mən indi rusca oxumuşam və bu xəbəri rus qəzetlərində oxudum və bildim. Amma and içə bilərəm ki, Ordubadda 54 molla və 94 seyidin biri də bilmir ki, Kazan şəhərində misyonerlərin müsəlmanlar əleyhinə yığıncağı olacaq.

İkinci səbəb də budur ki, dünyada heç bir şey həmişəlik deyil: bir vaxt olar ki, misyonerlər özləri ziyalı rus camaatından utanıb, qoyub gedərlər işlərinə.

“Molla Nəsrəddin”, 10 noyabr 1908, №45

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire