Hər bir xəbər ki Bakıdan gəlir – hamısı müvafiq – qaidədir və heç elə bir xəbər eşitmirsən ki, ağla sığışmasın. Hər nə ki eşidirsən, heç təəccüb eləmirsən və deyirsən ki, elə belə də gərək olsun.

Məsələn, bir nümunə gətirək:

Deyirlər, günlərin bir günü, yəni bu yavuq vaxtlarda bir iranlı, adı da Məhəmmədəli, adsız-sansız bir kasıb həmşəri nədən söz düşübsə Məhəmmədəli şahın barəsində bir az namehriban danışıb, yəni türki sözü deyib “Məhəmmədəli şah belə-belə olsun” (məsələn, ola bilər ki, deyib Məhəmmədəli şah cəhənnəmə-gora getsin).

Bunu bir neçə bakılı eşidir.

“Vadə, şahı söyürsən? Olan, bir Allahi söhbət başına qəhətdi, adə Xanqulu, ağacı vər mənə görüm bu həmşəri nə qələt eliyir”.

Yazıq iranlı bakılılara yalvarıb deyir ki, “ay qardaşlar, sizə nə dəxli var ki, mən şahı söyürəm? Mən özüm iranlı, şah da özümün, mən də Məhəmmədəli, şah da Məhəmmədəli, hələ bilmirəm sizə nə dəxli var? Əgər şah özgə padşahlar kimi olsaydı, mən gəlib siz tək millətin içinə düşməzdim. Hərdənbir istəyirəm əhli-əyalımı götürüb gedəm vətənimə, amma qorxuram ki, bir gün şah adam göndərib oğlumu apara qata hərəmxanasına. Burada da ki qalıram, eybi yoxdur, qalanda nə olar ki? Bura da bir vilayətdi; hərçənd Bakı da maşallah, cəhənnəmin bir guşəsinə oxşuyur, amma buna mənim ürəyim sıxılmır, ancaq mən bircə şeydən yana dərd eləyirəm: sübh vaxtı həmişə yerimdən durub küçəyə çıxanda gərək üzüm sizin üzünüzə sataşa. Bircə buna ürəyim sıxılır”.

Mətləbdən uzaq düşdük. Hələ özgə söhbət qalsın kənarda, qəsdimiz bakılıların şaha kömək çıxmaqlarından danışmaqdır.

Hər bir xəbər ki Bakıdan gəlir-hamısı müvafiqi-qaidədir və heç elə bir söz eşitmirsən ki, adamın beyninə batmasın.

İndi də eşidirsən ki, bakılılar Məhəmmədəli şahın tərəfini saxlayırlar.

Çox müvafiq-qaidə və ağılkəsən işdir. Həmişə mənim yanımda Məhəmmədəli şahın sifətlərini bir-bir sayanda-hər bir şeydən qabaq mənim yadıma Bakı şəhəri düşür.

Doğrudan da şaha layiq şəhərdir.

Lağlağı

“Molla Nəsrəddin”, 1 sentyabr 1908, №35

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Müzəffər! (1925)

Biz uşaqlarla birgə ayın 15-də axşam buradan çıxıb, 16-sında, cümə axşamı səhər Yevlaxda olacağıq. Əgər fayton orada ola bilsə, onda biz xərcimizdə qənaət edə biləcəyik (avtomobil).Şayəd fayton Yevlaxa gələ bilməsə, onda qabaqcadan qısaca bir teleqram vur: “Yox”. Əgər gələcəksə, o zaman teleqram vurmaq lazım deyil.

1 min
Əzizim Eynəli Sultan! (13 iyul 1925)

Kağızın gəldi, çatdı. Uşaqların oraya salamat getməklərinə şad oldum, çünki zəmanəmiz çox bietibar olub: tez-tez dəmir yolu uçur. Bir neçə gün sizinkilər gedəndən sonra mən Həmidə xanımı və Midhəti apardım Yevlaxdan yola saldım, getdilər Qalaya və özüm genə qayıtdım Bakıya. Hələ bir neçə gün buradayam. Bilmirəm sonra hara gedəcəyəm. Bu mənim əhvalatım, qaldı səninki. Hə, Tubu deyir: hörmət də var, hörmət də var. Mən də deyirəm: doğrudan, sənin bu Tubun qəribə xörəkli adam imiş. Axı, yemək də var, yemək də var. Ancaq söz burasındadır ki, papirosdan savayı qeyri bir yeməyini görmədik. Onunçün də, maşallah, göz dəyməsin, eləcə kökəlibdir. Maşallah, maşallah. Ancaq Şuranı bu dəfə mən yaxşı gördüm. Və xüsusən elə saatlar olurdu ki, onunla rubəru oturanda keçmiş günləri yada salırdım. Elə bilirdim ki, haman Eynəli qardaşım qırx il bundan qabaq yanımda oturub, cavanlıq həvəsilə oxuduğu kitablardan, rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər edir. O qədər məni özünə qulaq asdırdın ki, axırda məni doğrudan da, maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydım, mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım. Bəhər hal, Tubuya mənim qardaşlıq salamımı yetir. Şuranı da mənim əvəzimdən öp. Özün də hələ özünü bir tövr saxla görüm nə vaxt görüşərik.Cəlil

1 min
Həmidə! (22 avqust 1925)

Sağ-salamat gəlib çatdıq. Midhət avqustun 16-sından alman dili dərsinə getməyə başlamışdır. Blaqovidova da qayıdıb gəlib və Midhətin dərslərinə rəhbərlik edir.Bura çox istidir. Mən iki gün Buzovnada qaldım və dənizdə çimdim. Fikrim var Midhəti də iki günlüyə oraya aparım. Elə yaxşı olar, yolda o, Sabunçunu, Balaxanını, Ramananı (neft aləmini) da görər.

1 min
Əziz ana!

Bu gün poçtla 50 manat göndərirəm. Ayın axırında yenə göndərəcəyəm. Bizə göstərdikləri hörmət üçün Bəyimə (Əlişin anası) təşəkkürümü bildir.Əziz ana! Necəsən? Səni və Ənvəri öpürəm.

1 min

Poems by other poets · Satire