Seyid ağa doqquz yaşlı bir qıza əl atmış və bu barədə çox danışıqlar, çox yazı-pozular qopmuş, çox mərəkələr qalxmış.

Bilmirəm səbəb nədir ki, bu işə mən o qədər də təəccüb etmədim, nə qədər ki, görürəm qeyriləri edir. Bəhərhal iş özü çox murdar[dır], bunun qabağını almağa çox böyük tədbirlər götürməli.

Amma mənim söhbətim özgə bir mətləb üstündədir.

Mən deyirəm ki, Seyid ağa həmin tutduğu işdə tək deyil: müsəlman aləmində balaca qızların bədbəxt olmağı hər ölkədə, hər gün, hər saat üz verməkdədir və Seyid ağanın indiki “fəthinə” təəccüb edənlərin özünə mən özüm çox təəccüb edirəm.

Hələ sair islam məmləkətləri ilə işim yoxdur.

Bizim Azərbaycanın hansı şəhərində, qəsəbə və kəndində hansı ay və hansı həftə boş keçər ki, o həftənin içində balaca qız yumruq gücilə və behişt vədəsilə ərə verilməsin?

Doğrusu budur ki, bizim qulaqlarımız qızışıb: o yerdə ki, balaca qızı “şəriət” bəhanəsilə sürütdürüb zor ilə pəhlivanın evinə qatıblar, – orada bir söz danışmamışıq.

Odur ki, indiki Seyid ağanın tutduğu işin mərəkəsi dünyaya dağılıb; çünki ağanın səhvi də bu olub ki, həmin qızı bir yolluq, açıq-açığına halal siğə ilə halal buyurmayıblar.

Və elə olsa idi, onda söz yox, biz bir söz deməyəcək idik.


Bəs, rişədən gərək başlayaq.

Və məhz bu cəhətdəndir ki, Seyid ağanın indiki işinə mən bir o qədər təəccüb elmədim, mən qocalmışam, o qədər görmüşəm ki, gözlərim ögrənib, o qədər eşitmişəm ki, qulaqlarım qızışıb.

Heç təfavütü yoxdur, ya Seyid ağa bu gün Bakıda bir balaca qıza əl uzatdı, ya ölkələrimizdə min-min Seyid ağalarımız min-min balaca qızları kəbin bəhanəsi ilə ələ salırlar. Əgər biz bununla onlara təfavüt qoysaq, onda əmmaməli lotular “ənkəhtü vəzəvvəctü” ilə bədbəxt və avam müsəlmanları aldatmaqda olacaqlar.


Rişədən başlamaq.

Məsələn, hökumət tərəfindən gərək bir belə qanun qoyula ki, on səkkiz yaşa çatmamış və müəyyən dərsi, tərbiyəni tamam etməmiş, – heç bir qız ərə gedə bilməz.

Nə qədər ki, bir belə qanun yoxdur, o qədər də balaca qızlarımızın ixtiyarı əcdahaların əlində olacaqdır; ondan ötrü ki, əgər Seyid ağanı durub biz çox bərkə qısnasaq, əlini uzadıb cibindən bir barmaq kağız çıxardar ki, bu mənim mübarək siğəm, bu mənim halalca əyalım.


Rişədən başlamaq.

Çünki bir surətdə ki, hələ vəhşi və çürük adətlər sayəsində vəhşilər tək dolanmaqdayıq, bir surətdə ki, balalarını yeyən adamxor tayfalar tək ömür sürməkdə davam edirik, – dəxi Seyid ağalara da bir söz deməyə dilimiz gödəkdir.

Rişədən başlamalı!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 3 fevral 1923, №12

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qənimət

Amma bu zalim Orenburq tatarlarının içindən qəribə şairlər törüyüb. Məsələn, ayıb olmasın, “Din və məişət” jurnalının birinci nömrəsində “Sədiqül-əmini” imzası ilə bir şair yazır:Əzimətsən, əzimətsən, əzimət,

1 min
Mətbuat

Misirdə çıxan erməni qəzeti ”Yeni fikir”dən:İndiyə qədər osmanlı tayfalarının yekdigərindən mütəfərriq qalması məhzən “müsavat” sızlıqdan irəli gəlib, ya əfrad arasında şəxs etibarilə və ya tayfalar arasında irq etibarilə müsavatsızlığa dəlalət edəcək əhvalın cümləsi ittihadi-osmanlının qüvvətlənməsi əməlinə müxalifdir.

1 min
Zəncir

“Tərcüman” qəzetinin dediyi kimi, bilmirəm bizim Qafqazda və bilxassə Tiflis şəhərində nə hal var ki, burada, hər yerindən qalxan millətin qabağa getməsini müsəlmanların əlifbasına, imlasına isnad edərək, bunların başına gətirdikləri oyun qalmır. Mirzə Fətəli, Mirzə Rza, qospodin Şahtaxtinski həp Tiflisdə törüyorlar.Bu sözləri yazır “Tərəqqi”nin 31-ci nömrəsində Əlibəy Hüseynzadə cənabları.

4 min
Qoqol

Bu axır vaxtlarda cəmi müsəlman qəzetlərində müsəlman qardaşların gözünə bir belə söz sataşıb: “Qoqol”.İndi müsəlman qardaşlar oxuyub bildilər ki, Qoqol bir məşhur rus yazıçısının adıdır; bildilər ki, bu yazıçı yüz il bundan irəli anadan olub; bildilər ki, məzhəkənəvislikdə bu şəxsə bərabər Rusiyada hələ bir kəs tapılmayıb; bildilər ki, Qoqolun xidməti rus mətbuatına və rus millətinə o dərəcədə olub ki, mərhumun doğulmağının yüzilliyini Rusiyada kəndlərdə də muciklər eşidiblər.

2 min

Poems by other poets · Satire