Budur beş ildir – hər gün eşidirəm “Nicat”, “Nicat”. Bir gün eşidirəm ki, Bakıda “Nicat” cəmiyyəti dünyada hər nə qədər ki, sahibsiz müsəlman balaları var, – hamısına “nicat” paylayır. Bir gün qəzetdə oxudum ki, “Nicat” cəmiyyətinin başına yüz əlli min artist cəm olub və ildə yüz əlli min dəfə teatr oynayıblar və “Nicat” sandığına yüz əlli on yüz min manat pul cəm olunub. Bir gün eşitdim ki, “Nicat” az qalır yer üzünün cəmi müsəlmanlarının qara qəlblərinə maarif nuru ilə nicat versin.

Bu beş il müddətində “Nicat” xüsusunda bu tərifləri eşidəndən sonra bir gecə kələmdolması yeyib bərk yuxuya getdim və bir belə vaqeə gördüm: gördüm ki, həzrətin xidmətinə müşərrəf olub durmuşam ağanın qulluğunda.

– Molla Nəsrəddin, sözün nədir? Nə istəyirsən?

– Ağa, ərzim var.

– Sözünü de.

– Ağa, bir bunu mənə fərmayiş edin görüm, o ki deyirlər “vadiyüssəlam” – o haradır?

– Həzrət fərmud ki, “vadiyüs-səlam şəhri Badikubəəst ki dər on şəhr ərvahi möminan həlqə-həlqə nişastəənd və ba həmdigər süxən miguyənd. Güftəm: bədənənd, ya ruhənd? Fərmud: ruhənd. Güftəm:

– Bəs o ruhlar kimlərdən ibarətdir? – Buyurdu: o ruhlar ibarətdir “Nicat” üzvlərindən ki, hərdənbir məclis qurub əyləşirlər və işləri müzakirə eləyirlər”. Bu heyndə yuxudan oyanıb öz-özümə bir neçə min dəfə salavat çöndərdim. Bir neçə gün bu fəqərədən sonra götürüb “Nicat” naziri İbrahim Qasımova yazdım ki, Ələkbər Hüseynov, Abbas ağa Hüseynov və Cahangir xan Aşurbəyovdan aldığı on iki manat yarım abunə pulunu göndərsin “Molla Nəsrəddin” idarəsinə. Bir neçə gündən sonra Qasımov cənablarından bir belə cavab gəldi: “Nicat” cəmiyyəti mənim yüz əlli manat haqqımı kəsibdir; mən də bu on iki manat yarım abunə pulumu həmin yüz əlli manatdan çıxdım. İndi “Nicat” mənə yüz otuz yeddi manat yarım borclu qaldı”.

İstədim mən İbrahim Qasımovun bu gözəl, ədəbli və insaniyyətli cavabını yetirəm “Nicat” üzvlərinin xidməti-şərafətməablarına, elə istəyirdim qələm götürüb yazam, həzrətin fərmayişi yadıma düşdü ki, “Nicat” üzvləri ruhdurlar, bədən deyillər və məlum şeydir ki, ruhdan da bizə bir cavab və kifayət ola bilməzdi.

“Və dər hədisi mötəbəri digər mənquləst ki, şəxsi bəhəzrəti Sadiq əleyhüssəlam ərz kərd ki, bəradərəm dər Bağdadəst və mitərsəm ki, dər onca bemirəd. Fərmud ki, pərva məkon, həqqi təala ruhəşra məhşur migərdanəd besuyi vadiyüs-səlam”.

Allah cəmi mömün bəndələrin ruhunu Bakı vadiyüs-səlamının “Nicat” üzvlərinin ruhları ilə məhşur eləsin!

Amin, ya müin!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 27 sentyabr 1909, №39

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire