“İrani-nov” qəzetinin 23-cü nömrəsində “Əhlül-elm Məhəmməd Əli Tehrani” imzası ilə bir felyeton dərc olunub ki, ibarət olsun “Təcəddüdi-aləmi-islam” adlı uzun məqalədən.

İranlı qardaşlarımız Məhəmməd Əli Tehrani cənablarının moizəsini eşitməkdən feyziyad oldular, amma bizim Qafqaz oxucularımız da bu xoşbəxtlikdən binəsib olmasınlar, – deyə biz [özümüzü] borclu bildik məqalədən heç olmasa iki kəlmə danışaq.

Əvvələn, cəmi müsəlman qardaşlara müjdə olsun ki, “Əhlül-elm Məhəmməd Əli Tehrani” cənabları bu məqaləsi ilə biz müsəlmanların başını elə ucaltdı ki, əgər hacılarımız uzun papaqlarını çıxartmasalar, Naxçıvan evlərinin qapılarından əyilməmiş keçə bilməyəcəklər.

Həqiqət ərz edirəm, məqalə sahibinin mətbuat aləminə qədəm qoymaqlarını cani-dildən təbrik edirəm və “İrani-nov” bəradərimizə vəsiyyət edirəm ki, belə bir qələm sahibini qənimət bilsin.

Məqalənin hər bir kəlməsi bir hikmətdir, hər bir mətləbi bir kəşf və kəramətdir; məsələn, məqalə sahibi yazır ki: “Bonapart Napalyon ol vəqti ki əmr bəneviştəni “qod” nemudə bud, miqdari əz qəvaninimüsəlmanra ixtiyar nemud, xudra bəövci-əlayi-təməddün rəsanidənd”.

Yaz, yaz qardaşım, yaz! Həmədanda, Zəncan, Gilanda və İsfəhanda nə biləcəklər ki, Napalyon nədir, təməddün nədir? Ancaq oxuyub çox şad olacaqlar.

Amma təəccüb edəcəklər ki, bir elə elm sahibi Məhəmməd Əli nə səbəbə imzasını “əqəlli-əhlül-elm” yazır? Dəxi Napalyonun tarixindən danışan şəxs gərək əhlül-elmlərin ən artığı ola.

Sonra Yaponiyanın tərəqqisindən söhbət açıb, məqalə sahibi istəyir desin ki, məhz müsəlmanın qanunlarının bərəkətindən yaponlar rusları basdılar.

Xülasə, ma əgər, bexahim şərhi-üsule-filyəton-nəvisiye filosifeye-əsr Məhəmmədəli Tehranira bəyan konim, dərin bab kitabiəlahiddə bayəd təlif nemud; lakin indi burada ancaq bunu deyə bilərik: şər bir kəs yatıb yuxuda sayıqlasa, onun hədərən-pədərənini götürüb qəzetdə çap eləməzlər.

“İrani-nov” rəfiqəmiz gərək bunu nəzərində saxlasın, yoxsa bir gün “İrani-nov” qəzetinin 23-cü nömrəsi gedib çıxar Napalyonun vətəninə, yainki Yaponiya cəzirəsinə, orada qəzetin felyetonunu oxuyub, Naxçıvan arvadları kimi boğma çıxardıb deyərlər: “Qadam ürəyinə, söz danışan!”.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 4 oktyabr 1909, №40

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire