Oğlanlarınızı oxutmayın
İndi hər kəs bizim bu sərlövhəmizi görsə, xəyal edəcək ki, biz səhv edib oğlanlarınızı oxudun əvəzində, oxutmayın yazmışıq. Xeyr, biz səhvlə yazmamışıq, elə doğrusu odur ki, yazmışıq. Mən genə deyirəm: əgər oğlanlarınızı axırda evləndirmək fikrinə düşəcəksinizsə, əgər onu ev, əyal, övlad sahibi eləmək istəyəcəksinizsə, məndən sizə əmanət, məbada, oxudasınız. Siz görməmisiniz, siz bilmirsiniz, amma mənim başıma gəlib, mən görmüşəm və bilirəm, qulaq verin səbəbini deyim, oxutmayın deməyə haqqım var ya yox və görün bu oxuyanlarda heç ağıl, kamal, şüur və səliqə olur ya yox. Bəndəzadə Əhməd gimnaziyadan qurtaran kimi dedim, oğul, dəxi indi evlənmək vaxtındır, gərək səni evləndirim. Dedi, ata, hələ mən uşağam. Dedim, ay oğul, biz ata-baba görmüşük ki, adam on dörd, on beş yaşında evlənər, indi sənin on doqquz yaşın var! Dedi, ata, hələ mən uşağam, özüm də hələ gedib universitetdə oxuyacağam. Dəxi bir söz demədim, dedim get oxu, bala. Getdi Peterburqda oxudu, oradan da getdi nə bilim Parijə, hara. İndi hamısın qurtarıb gəlib, özünün də tamam iyirmi yeddi yaşı var. Çox sual-cavabdan sonra evlənməyi boynuna qoymuşam, amma deyir ki, mən gərək oxumuş qız alam. Dedim, yaxşı onu da elərəm, Kərbəlayı Qənbərin qızın alım sənin üçün. Gör mənə nə deyir, deyir ki, hansı uçkolanı tamam edib? Dedim, balam, uçkol nədi, Molla Bacıda neçə illər oxuyub, Quranı çıxıb, hər cümə axşamı mərhumə anası üçün bir yasin də oxuyur. Dedi işimə gəlməz. Dedim niyə? Dedi oxuyub kurs tamam etmiş olmasa, yəni təkmili obrazovaniyyə olmasa mən almaram. Çünki bunun xilafı olsa, nə o məni xoşbəxt edə bilər və nə mən onu.
Eləcə bu sözlərə dondum qaldım. Getdim bir neçə gün fikirləşdim, soraqlaşdım, axırda tapdım. Sevinə-sevinə gəldim dedim, oğul, tapdım. Dedi kimdi? Dedim Məşədi Fərzəlinin qızı. Dedi hansı uçkoladan qurtarıb? Dedim Bakıdakı qız məktəbindən: həm rusca bilir, həm də müsəlmanca. Dedi işimə gəlməz. Dedim niyə? Dedi: Mən bu qədər zəhmət çəkmişəm, məşəqqət çəkmişəm, nə bilim gedib harda, harda nə zillətlə ülumi-aliyə təhsil eləmişəm, indi insafdır gəlib, beş kəlmə əlif zəbərə Ə və üç kəlmə də A, B deyənlən təzvic eləyim? Heç yaraşarmı? Heç müsahibəmiz tutarmı? Elə mən bunları eşidən kimi lap naümid oldum, biixtiyar durdu gözlərimdən yaş tökülməyə. Əhməd belə görcək mənə rəhmi gəldi. Dedi, ata, ağlama, ağlama, diriliyimi, rahatlığımı, istiqbalımı mülahizə etməyib sənin xahişini əmələ gətirərəm. De görüm neçə yaşı var? Dedim on beş! Elə bunu eşitcək dik qalxdı ayağa, dedi işimə gəlməz. Dedim niyə? Dedi uşaqdı, əqəllən gərək iyirmi yaşı ola.
Bax bunu deyirəm ha! Bu oxumuşların nə ağlı-kamalı olur, nə də səliqəsi. Sən Allah buna bax. Mən hələ elə bildim ki, deyəcək sinni keçib. Vaqeən qızın ki yaşı on ikini keçdi, bir qəpik qiyməti. Amma bu bifərasət deyir ki, uşaqdı. İndi, qardaşlar! Əgər biz oğlanlarımızı oxutsaq gərək qızlarımızı da oxudub onlar üçün əyal hazır edək. Onda gərək bizim də qızlarımız iyirmi, iyirmi iki yaşa kimi gedib oxuyalar, təkmil olalar ki, ülumi-aliyə tamam etmiş oğlanlarımıza layiq olalar. O biqeyrətliyi və günah əmri də ki, biz etməyəcəyik ki, qızlarımız üzüaçıq gedib o payələrəcən oxusunlar. Pəs onda məndən sizə nəsihət: oğlanlarınızı da oxutmayın.
Qızdırmalı
“Molla Nəsrəddin”, 20 oktyabr 1907, №39
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-oglanlarinizi-oxutmayin
Use ← → keys to move, R for a random poem
More by this author
İranda hələ köhnə istibdaddan çox yadigarlar var, biri də misyonerlikdir.Rusiyada misyonerlik istibdadın atası birinci Pavel padşah tərəfindən təsis olunmuşdu. Hərçənd ikinci Aleksandrın azadixahlığı sayəsində misyonerlər hörmətdən düşdülər, amma axırıncı Nikolay əsrində misyonerlər yenə nüfuz qazanmışdılar; belə ki, Qazan müsəlmanları içində məşhur Radlov, Türküstanda Ostroumov və Qafqaziyada miropyevlər xeyli bir zaman müsəlmanların qanını şişəyə tutmaqda idilər ki, axır inqilabda onlar hamısı əziz ömürlərini İrandakı misyonerlərə bağışlayıb rədd oldular.
İanəTəbrizdə nəşr olunan “Minarə” adında erməni ruznaməsinə Qəzvin erməniləri tərəfindən iki yüz əlli tümən ianə göndərilibdir.Təəccüb eləmək lazım gəlir ki, iranlılar bu növ himmətdən uzaqdırlar, zira ki, İranda indiyə qədər nəşr olunan İran ruznamələrinin əksəri bir böyük mənbədən ya böyük əşxasdan pullar alıb o mənbəni və o əşxasın mürəvvici-əfkarı olublar, yəni onların əfkarına xidmət ediblər.
Təzə dəyirmanEşitdiyimizə görə, bu tezlikdə çörəyin qiyməti xeyli ucuzlanacaq və bu ucuzluğa səbəb jandarmeriyanın maşın dəyirmanı olacaq ki, on yeddi il təmir olunmaqdadır. Bu dəyirman bir neçə gündən sonra işə düşəcək və hər gün yeddi min xərvar buğda üyüdəcək. Hələ də dəyirmandan səvayı elektrik matoru da otuz doqquz ildir təmir olunmaqdadır ki, bu günlərdə işə düşəcək və Təbrizin cəmi məhəlləeyrinə və hətta kasıbların da evlərinə işıq verəcək. Özü çox müftə, su qiymətinə. Hərçənd kasıb-küsüb jandarmaların haqqından kəsib həmin dəyirmana və matora çox pullar sərf elədilər, amma çörək ucuzlananda, bunun əvəzi çıxar inşallah, genə də inşallah və maşallah, genə də maşallah.Qızdırmalı*
Üç çərəkBiz aşağıda qol çəkən mülk sahibləri eşitmişdik bələdiyyə qərardadına binaən, yıxılan divarları təmir edən vaxt lazımdır üç çərək dalı çəkilmək.Biz bunu belə başa düşdük ki, divarı küçəyə tərəf lazımdır üç çərək dalı çəkmək. Amma indi başlayıblar müqəssir tutmağa ki, biz güçələri genəltmək əvəzinə daha da daraltdıq.
Poems by other poets · Satire
Ey olan xas şiəyi-Heydər,Ver qulaq, eyle bu sözü əzbər:
Bilirəm“Zəhlə töküb yazma” – deyənlərəYazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm,
Piranəsərlikdə çərxi-kəcrəftarMirzə Fətəliyə*Piranəsərlikdə çərxi-kəcrəftar
Mən varlıyam, sən yoxsulBeləsi də var*İnsana ta qədimdən zinət olub ömürlük –