Aşina sədası
Aşina danəd sədayi-aşina
Mənim aşnam “Təzə həyat”ın 119-cu nömrəsində həcc məsələsindən söhbət açanda, söz yox, bilmirdi ki, onun “Aşina sədası”nı hamıdan qabaq Molla Nəsrəddin eşidəcək.
Min yaşasın sözün açıq danışan qələm sahiblərimiz!
Bu müxtəsər və qəlbi xeyir-duadan sonra “aşnama” bir neçə söz demək istəyirəm.
Məqalə sahibi belə yazır: “Cahil ruhanilərimiz həcc məsələsinə yanlış məna verməkdən həya etmirlər və avamı inandırırlar ki, həccə gedənlər ömrlərinin müddətində nə qədər günah ediblər, hamısı bağışlanacaq və bu biçarə qırmızısaqqallılarımız bu cahilanə təriflərə inanıb və övladi-əqrəbalarından min-min məşəqqət ilə pul tapıb, Hicaza gedirlər. Bunların qəsdi, əvvələn, günahlarını bağışlatmaqdır və ikinci, vətənə qayıtdıqdan sonra nüfuz, hörmət və etibar sahibi olmaqdır. Bunların çoxu oxumaq və yazmaq bilmədiklərindən qəzet və kitab oxumaqla məşğul olmazlar, ancaq saqqallarını qızardıb və bez parçasını papaqlarına sarıyıb, hind toyuqları kimi kəmali-əzəmətlə oradaburada dolanırlar”.
Sonra “aşnam” deyir: “Həccə getməyin hikməti-siyasiyyəsi budur ki, hər il dünyanın hər ucundan olan müsəlmanlar bir nöqtəyə cəm olub, bir-birinə məlum olmayan nöqsanlarını və dərdlərini və siyasi hallarını bir-birinə bildirsinlər, bunların islahı xüsusunda tədbir və vasitələr tapsınlar və vətənlərinə qayıdandan sonra vətəndaşlarını bu tədbir və vasitələrdən hali edib, bunları əncama gətirsinlər”.
Ey mənim “aşnam”!
Qadan alım, bizi niyə belə bərkə qısnayırsan? Balalarına qurban olum, ey mənim “aşnam”, bizi, axır, niyə zora salırsan? Qurban olsun sənə mənim canım! Deyəsən, elə Frəngistanda, maşallah, anadan olub, ömrünü orada keçiribsən və deyəsən heç bizlərdən xəbərin yoxdur! A belə atam-anam sənə qurban, bizə niyə yazığın gəlmir, niyə bizi zora salırsan? Axır, biz haradan alaq sən deyən hacıları ki, “gedib Hicaza, müsəlmanların nöqsanlarını, dərdlərini və siyasi hallarını birbirinə bildirsinlər, bunların islahı barəsində tədbir və vasitələr tapsınlar”?
Qadan alım sənin, ey mənim “aşnam”! Axır, bir bizim də halımızı mülahizə elə, yoxsa biz biçarələri bərkə qısnamaqdan qəsdin nədir? Ey mənim başımın sahibi “aşnam”, bizi niyə zora salırsan?
Bir yandan özün deyirsən “qırmızısaqqallılarımız”, bir yandan da deyirsən ki, “Hicaza gedib, siyasi hallarını bir-birinə bildirsinlər”. Ey mənim tacisərim “aşna”! “Qırmızısaqqal” hara, “siyasi hal” hara? Heç bilirsənmi nə danışırsan? Qırmızısaqqal hacı hara, kitab və qəzet oxumaq hara?
Ey mənim gözümün nuru “aşnam”, bir də bunu deyirsən ki, “qırmızısaqqal hacılarımız həccdən qayıdandan sonra məhz bunu bilirlər ki, bez parçasını papaqlarına sarıyıb, hind toyuqları kimi oradaburada dolanırlar”. Bu sözləri oxuyanda mənim xəyalıma bir şey gəlir, mənim qəlbim bir şey arzu edir, bunu arzu edir ki, günlərin bir günü “aşnama” rast gəlib, o vücudi-əzizi ziyarət edəydim və əl-ələ verib deyəydim: “Min yaşasın sözü açıq və mərdanə danışan qələm sahiblərimiz!”…
Keçək mətləbin özgə tərəfinə.
Ey mənim əzizim “aşna”! Səndən bircə söz də xəbər almaq istəyirəm: belə fərz edək ki, həccə gedənlərimiz elmli, şüurlu və gözüaçıq müsəlmanlardır. İndi mənə izn ver, səndən bir söz soruşum: bir mənə cavab ver görüm, bu elmli, şüurlu və gözüaçıq hacılarımız nə cürətlə Osmanlı torpağına ayaq basa bilərlər?! Məgər bilmirsənmi ki, Osmanlı torpağına bir təzə adam daxil olan kimi xəfiyyələr milçək təki gəlib ətrafını alırlar və ciblərini və yüklərini axtarırlar ki, görsünlər bu adam nə işin sahibidir?
Şükr Allaha, qırmızısaqqal hacılarımıza osmanlı məmurları indiyə kimi etdikləri hörmətin altından, nə qədər ki, bizim canımız sağdır, qurtara bilməyəcəyik. Çünki hər bir kəs bunu yəqin edibdir ki, bizim indiki hacılarımızın ciblərində çoxluca puldan savayı və səlamətlik duasından savayı bir şey tapılmaz. Amma sən deyən kimi şüurlu, elmli hacıların birinin cibində olacaq “Türk” qəzeti, birinin cibində olacaq “Həblül-mətin”, birinin cibində “İctihad”, “Şurayi-Osmani” və qeyri bu cür bic-bic qəzetlər. Məgər sultan Əbdülhəmidin vəkilləri və “şərifi-Məkkə” vali paşaları və bunların kompaniyaları o cür şüurlu adamları Məkkəyə qoyarlarmı ki, oradakı camaatın da gözlərini açsınlar? Məkkəyə oxumuş və elmli hacılarımız getsələr, o vaxt “şərif”lərin ya “vali”lərin sandıqları nə ilə dolacaq və bu zalımlara və dinsizlərə kim boyun əyəcək?
Ey mənim nuri-çeşmim “aşna”! Niyə məni dəli-divanə edirsən? Niyə qoymursan öz yerimdə oturum, bozbaşımı yeyim və Allaha şükr eləyim? Niyə bizi zora salırsan ki, sultanın və onun dostlarının yanında bu qədər biədəblik göstərək?
Sən elə bilirsən ki, əgər Məkkəyə şüurlu adamlar getsələr, oradakı müsəlmanlarla siyasi məsələlər barəsində söhbətlər edərlər. Amma burasını nəzərdən çıxardırsan ki, osmanlıların ən şüurlu və ən həmiyyətliləri Məkkədə və Məkkənin ətrafındadırlar. Məgər bunlar burada ağız açıb danışa bilərlər? Məgər eşitmirik ki, ayda və bəlkə həftədə bir millət fədaisi Osmanlı hökumətinin vəhşi məmurlarının əli ilə tələf olunur? Məgər bu biçarələrin dadü fəryadı həzrətin pak ruhunu narahat etmir? Məgər hər an o müqəddəs məqamlar bir bigünah hürriyyətpərvərin al qanı ilə boyanmır? Məgər Midhət paşa və yoldaşları Taifdə kəndirlə boğulmadılar? Kimə məlum deyil ki, bu zamanda Məkkə və ətrafı ən dəhşətli bir qətlgah olubdu?
Ey mənim “aşnam”! Yoxsa sizin qəsdiniz budur ki, osmanlı qurbanlarının üstünə beş-on da Qafqaz qurbanları qoyulsun?!
Vallah, billah, bu sözlər heç kəsə lazım deyil.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 8 oktyabr 1907, №38
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-asina-sedasi
Use ← → keys to move, R for a random poem
More by this author
Üç kəlmə hikmət kəlmələrindənHər kəs danışsa, əlbəttə, öz-özünü xar, zəlil və naçiz edər. O səbəbə ki, insanın heç bir üzvündən o qədər zərər insana yetişməz, nə qədər ki, dilindən yetişir. İsa əleyhüssəlam həzrətlərinə ərz elədilər:
Atalar sözüDunyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur, zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır. Belə ki, keçmiş hükəmanın, şüəranın sözləri hala baqidir. Buna görə türk hükəmalarının təcrübəli və işə yarar zərb-məsəllərindən “Atalar sözü” namilə bir neçəsini məcmuəmizdə yazdıq ki, qarelərimiz oxuyub lazımi yerində onları dəsturüləməl etsinlər.Atı atın yanında bağlasan – xan görüb deyər: Birini bağışla mənə. Ata malı olan yerdə özün qazandığın haramdır.
Molla Nəsrəddinin teleqramlarıDövlət dumasına baykot (kənar olmaq)Varşava – aprel 13. Polyaklar dövlət dumasını “baykot” edib intixaba qarışmırlar.
Tiflis xəbərləriAprel ayının onunda yaranal Sumbatov şəhərin duma idarəsinə bir belə ərizə verib: Sənə 1860 miladiyyədə Rusiya hökumətinin Tiflisdə əyləşən məmurları müsəlmanlara məhəbbət və iltifat nəzərilə baxıb qərar qoydular ki, Tiflisin cəmi fahişəxanaları müsəlman məhəlləsinə köçsünlər və bu qırx beş ilin müddətində nə qədər ki, Tiflis müsəlmanları elm, maarif, ticarət və mədəniyyət babından tərəqqi tapıblar – bunların hamısına səbəb əvvəl mənəm ki, evlərimi belə iş üçün icarəyə vermişəm və ikinci haman qızlardı ki, mənim evimdə mənim əziz qonaqlarım idilər.Hərçənd bu qırx beş ilin fasiləsində Tiflis müsəlmanları min doqquz yüz doxsan ərizə veriblər ki, hökumət bu qızları müsəlman məhəlləsindən köçürtsün, amma hökumət məhz müsəlmanları səmimi
Poems by other poets · Satire
Nədir, aya, yenə üsyanları iranlıların?Başladı cünbüşə tüğyanları iranlıların,
Özün bilBu dövr, əmi can, tərsinə dövrandır, özün bil;Təqdiri-qəza sanma ki, asandır, özün bil.
Sərçə balladasıŞarj-nəzirə*Günlərin bir günündə
Nə imişMollalar milləti gümrahə, demə, rəhbər imiş,Əhsən, əhsən, kişilər naibi-peyğəmbər imiş!