Övrət məsələsi
Bu axır vaxtlarda müsəlman qəzetləri və müsəlman jurnalları övrətlərimizə dair bir para məqalələr yazıblar. Biz də lazım görürük bu məqalələrin məzmunundan oxucularımızı xəbərdar edib, öz fikrimizi və rəyimizi müxtəsərcə söyləyək.
Bakıda çıxan gündəlik “İbadət” qəzetinin 215-ci nömrəsində belə yazılıb: “Bəli, Balkan müharibəsini gördük, orda icra olunan müharibə vəsilələrini müşahidə qıldıq və axırda yadımızda qalan və gələcək tarixə yazılmalı olan mənzərə həmindir ki, tərəfeynin birinin əskərləri miyanında bolqar xanımları topçuluq vəzifəsi icra edəndə, yaralıları bağlayanda, teleqraf, mühəndis və qeyri bir xidmətlərdə bulunanda, osmanlı tərəfində tək bircə qadın gözə sataşmırdı və sataşa da bilməzdi və bununla belə biz mürurla avropalılara basılmağımıza və yavaşyavaş yox olmağınıza təəccüb edirik. Xeyr, xeyr təəccüb etməməli! Zira ki, xanımı ilə meydana çıxan bir igid, əlbəttə, tək meydana çıxan igidi basacaq”.
Cavabımız: belə əqidəyə Molla Nəsrəddin şərik ola bilməz və bir də bu sözlər indinin sözü deyil. Avam camaata birdən-birə demək olmaz ki, gərək bizim də övrətlər davaya çıxıb, yaralı kişilərin yarasını bağlasınlar, yainki qeyri bir xidmətdə bulunsunlar.
Xülasə, bunlar bizim işimiz deyil və heç xoşuma da gəlmədi.
Yenə Bakıda çıxan gündəlik “Məlumat” ruznaməsi 212-ci nömrəsində yazır: “Qəribə işdir, Amerika və biz müsəlmanlar, söz yox, təfavüt ola bilər; amma təfavütün də intəhası gərək ola, yoxsa Amerikanı nəzərdən keçirib biz müsəlmanları yada salanda inana bilmirsən ki, onlar da bizim kimi və biz də onlar kimi bəninoi-bəşərik.
Məsələn, övrət məsələsi: Amerikayi-şimalın müttəfiq cumhuriyyətlərinin höküməti bu axır günlərdə belə qərardad nəşr edib: bundan sonra əlahiddə qız məktəbi və oğlan məktəbi götürülsün, xah ibtidai və xah vəsəti və xah ali. Hər məktəbdə qızlar və oğanlar bir yerdə oxusunlar və ibtidaidən başlamış darülfünunlaradək qız və oğlan bir skamyada oturub yoldaşlıq və qardaşlıqla təhsili başa vursunlar.
Bu xəbəri yazandan sonra möhtərəm “Məlumat” qəzeti öz tərəfindən bunu da artırıb: “Bəli, bəli, görürük insanları; bunlara da baxırıq, özümüzü də görürük və yəqin ki, foti-fürsət iki şəxsin birindədir; ya bizdədir, ya onlarda; ya bizik qəflətdə qalan, ya amerikalılar. Çünki bizim qızlar nəinki darülfünunda, bəlkə mübtədi məktəblərdə də oxumurlar, nəinki oğlanlarla bir məktəbdə, bəlkə evlərində ana və atalarının yanında oxumurlar”.
Molla Nəsrəddin öz tərəfindən ərz edə bilər ki, doğrudur, “Məlumat” qəzeti avam müsəlman qardaşların xatirəsi xoş olmaq üçün sözü örtülü qoyur; amma haqq və həqiqəti dost tutmağı adət eləyən Molla Nəsrəddin heç vaxt rəva görməz ki, qızlarımız çox dərin elmə özlərini versinlər. Doğrudur, buyurublar ki, qızlar da oğlanlarla Çinə kimi də olsa, elm dalınca getsinlər; amma hansı elmi buyurublar? Qızların elmi məhz ibarətdir quranı höccələyə-höccələyə oxumaqdan.
O ki, qaldı oğlanların və qızların bir yerdə oxumağı, – bu barədə də biz təcrübədən bunu bildik və eşitdik ki, bir skamyada oturan oğlanın huşunun yarısı müəllimdə olanda, yarısı da yanındakı qızda olacaq və sağ əlilə müəllimin sözlərini dəftərə yazanda, sol əlilə yanındakı qızı ha bir ucdan çimdikləyəcək. Pəh, pəh! Bu da mənə oldu məktəb, bu da mənə oldu təhsil?..
Həftəlik “Qüsli-vətən” ruznaməsi 139-cu nömrəsində yazır ki, dekabr və yanvar ayında Peterburqda əmələ gələn “övrət cəmiyyəti” xeyli cəlallı imiş. Buraya dövlətin çox alim və məşhur şəxslərindən dəvət olunmuş imiş. Rəylərin cəmisi ilə qərar qoyulub ki, bundan sonra Rusiyada kişilərin və övrətlərin hüququ bilmərrə bərabərləşsin.
Qəribə burasıdır ki, möhtərəm qəzet bunu yazandan sonra öz tərəfindən cəmiyyəti alqışlayıb “mərhəbalar” söyləyir.
Biz də belə-belə namərd qəzetlərə mərhəbalar göndəririk; vaqeən, bizə bu işlər o dərəcədə təəccüblü görsənir ki, inana bilmirik. “Qüslivətən” kimi bir müqəddəs ruznamə kişi və övrətlərin müsavatını qəbul edəndə dəxi biz niyə durmuşuq? Biz də gərək deyək: yaşasın azad övrətlərimiz! Lakin bundan nə çıxar?
Çox qudurma, köpəyin qızı! Vallah ağacı götürüb qabırğalarını sındıraram, müsavat-zad bilmənəm!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 27 yanvar 1913, №3
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-ovret-meselesi
Use ← → keys to move, R for a random poem
More by this author
Keçən gün idarəmizə bir nəfər təbrizli gəldi və rəvayət etdi ki, bu il məhərrəmlik təziyəsində imam yolunda iyirmi üç nəfər adam aşura günü ağköynək olub elə şiddətlə başlarını yardılar ki, oradaca onları qan apardı və ölüb şəhid oldular.Bu xəbəri bizə gətirən təbrizli, sözlərini deyib qurtardıqdan sonra dərin bir fikrə getdi və sonra dedi:
Gözəl millətHəmin bu gözəl millət – bizim müsəlmandır.O səbəbə ki, ölülərin qəbirdən çıxardıb Kərbəlaya göndərirlər; ondan ötrü göndərirlər ki, haman mərhumun ruhu cəhənnəmdən çıxıb behiştə getsin.
LüğətAxır vaxtlarda rus dilinə bir söz daxil olub ki, əsla heç rus sözü deyil. Bu söz “Provakatsiya” sözüdür.Bu sözün əvəzinə nə ruslar öz dilində bir ibarə yaradıb ortalığa qoya bildilər və nə də bizim türk dilində bu mənaya bir söz tapmaq olur. Hərçənd Adəmin cənnətdən qovulmağına şeytanat bais olub, amma bununla bərabər şeytanat, yaxud türkcə şeytanlıq “Provakatsiya” ibarəsinə əvəz ola bilməz.
Təfavütü yoxdurDeyirlər – kooperativ xadimləri kooperativi yeyə-yeyə az qalıb ki, mayanı yeyib qurtarsınlar. Amma mən də deyirəm ki, təfavütü yoxdur və necə ki, bir söz danışan o danışdığı sözə sübut gətirməlidir, mən də sübut gətirməkdən boyun qaçırmıram və qaçırmaram da inşallah.Məsələn, Salyan qəzasında altı-yeddi kooperativi ikiayaqlı siçanlar elə bir iştaha ilə yeyiblər ki, yazıq kooperativlərin ancaq qabığı qalıbdır (məğzi yeyilib); qeyri kooperativlər də habelə.
Poems by other poets · Satire
Çoxdandır köhnələrlə oturmuram, durmuram,Mənə özümə bənzər dost gərək, qardaş gərək.
Tərpənmə, amandır, bala, qəflətdən ayılmaTərpənmə, amandır, bala, qəflətdən ayılma!Açma gözünü, xabi-cəhalətdən ayılma!
Bir nəfər adam öldürənin ziyarəti münasibəti iləMəşdi keçən il əzmi-Xorasan eləmişdi,Xalqı bu gözəl karına heyran eləmişdi.
Şahnamə və yaxud QaracanaməƏrrəhman... əlləməl-Quran,Xələqəl-insan... əlləməhül-bəyan.