Saqqallı uşaqlar
Biz görürük ki, ümumi məcburi savad yolunda bu saat Şura hökuməti heç vaxt və heç bir əsrdə görünməyən tədbirlər görür. Məktəb artırmaq üçün böyük məsariflər görür, minlərcə müəllimlər və müəllimələr hazırlaşdırır, ta ki beşillik planda təyin olunmuş müddətdə savadsız vətəndaşın miqdarı yoxa çıxsın.
Ancaq məni bir qism uşaqların fikri alıbdır: o da saqqallı uşaqlardır.
Mən saqqallı uşaqlar o kəslərə deyirəm ki, otuz və qırx yaşa çatıb, amma adlarını yazmağa acizdirlər.
Bəs bunların axırı necə olacaqdır? Savadsızmı qalacaqlar, ya məktəb yaşlı uşaqlarla birlikdə bunlar da savad əxz eləməyə gedəcəklər?
Mən, düzü, həqiqət bunların təklifini çox ağır hesab edirəm.
Niyə, nə səbəbə?
Səbəbi budur ki, iş başında olan bəzi işçilər, xidmətçilər bu hala qədər onlar üçün açılan savad məktəblərində tənbəllikləri üzündən savadsızlıqlarını təsviyə etməmişlər. Həyat irəli getmiş, kütlənin aktivliyi artmış, bu kimi saqqallı uşaqlar isə həyatdan geri qalmışlar. Bəziləri də belə güman edirdilər ki, cüzi savadla işi yola verərlər. Fəqət belə adamlar çox səhvdə olmuş və özlərini savadlandırmaq, savadlarını artırmaq yolunda bir iş görməmişlər.
Bu belə.
Belə tutaq bu saqqallı uşaqlar hökumətin məcburi savad əxz eləmək binagüzarlığından bir fəndlə boyun qaçırdılar. Xub, bəs dalı necə olsun?
Onu gərək biz unutmayaq ki, beşillik planın qarşısında şura işçilərinin öhdəsində olan təklifi get-gedə ağırlaşır. Hazır planın indi üçüncü ilinə ayaq qoyduğumuz bir halda mərkəzi hökumət şura işçilərindən böyük və zərbəli surətdə çalışmaq tələb edir. Götürək Mərkəzi Komitənin 3 sentyabr müraciətnaməsini ki, oxucular qəzetlər vasitəsilə onun məzmunundan xəbərdar olmuş olalar gərək.
Aya savadsız kənd şura işçilərimi bu müraciətnaməni cabəca etməyə qadir ola biləcəklər? Bu yolda təyin olunacaq fövqəladə briqadalarda iştirak edə biləcəklərmi? Sənaye, maliyyə planını dərk edə biləcəklərmi? İstiqraz məsələsində çalışmağa onun bacarığı və nüfuzu çatacaqmı? Və xülaseyi-kəlam, zəmanəmizin tələbatının müqabilində bu saqqallı müdirlərimiz dayanıb dura biləcəklərmi?
Xülasə, bu bisavad yoldaşlar özlərini gülünc bir halətdə buraxırlar. Mən, qoca Molla əminin nəsihətini eşitsələr, indi bu saat, bu dəqiqə və bu saniyənin içində əllərinə kitab və qələm alıb balaca uşaqlar kimi savad əxz eləməyə başlayarlar.
Beləliklə, onlar həmi məmləkətə xidmət eləməyə qabil olarlar, həmi özlərini gülünc bir halətdən çıxardarlar. Çünki, elə ki görürəm, Şura hökuməti savadsız bir işçini özünə yaraşdıra bilməyəcəkdir.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, sentyabr 1930, № 27
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-saqqalli-usaqlar
Use ← → keys to move, R for a random poem
More by this author
Oxuculara mövcibincə məlumdur ki, bu yavıq vaxtlarda hökumət qərardadı möcibincə İlxıc kənd mollası İranlı molla... ni Şuralar torpağından çıxarıb İrana göndərdilər.Mən də burada bu keyfiyyətin təfsilini möhtərəm oxucularımıza bəyan etmək istəyirəm.
İnsan və heyvanOrucluğun yavuqlaşmağı münasibətilə*Bir var insan, bir də var heyvan.
Beynəlxalq qadınlar günüOn yeddinci ildə, mart ayının səkkizində Piter, (Peterburq) şəhərində işçi qadınların küçəyə çıxıb çörək tələb etmələrindən və ərlərinin cəbhədən qayıtmalarını tələb etmələrindən on il keçir. On il bundan əvvəl qaniçici Nikolay milyonca əməkçilərin başına kefi istədiyi oyunu gətirirdi. O vədə Nikolayın rejimi sayəsində guruldayan qazi və şeyxülislamların qorxusundan Şərq qadınları pərdə altında yox kimi idilər və o vaxtlar qadın azadlığı sözünü danışmaq mümkün deyil idi və danışanda firqəyə bir fənd ilə soxulan Mir Bağırağalar, bazar və dükanı bağladıb bir məsuliyyət altına çəkirdilər. Çünki o vaxtlar fazillərimiz və şəriətmədarlarımız deyirdilər ki, qadın hara, azadlıq hara və məişət meydanında çalışmaq hara. Və dedikləri sözlərə də tarixdən dəlil-sübut gətirirdilər ki, dünya yaranandan cəmi peyğəmbərlər qadınlara məhz “məşğuliyyət” tərəfindən yanaşıblar; məsələn, lap bütpərəstlərin peyğəmbəri Buddadan başlamış, sonra İncili və Quranı şahid çəkirdilər. Guya Budda özü bir küçə ilə keçirkən bir evdə gözəl qadın olduğunu duyanda, evə daxil olmamış keçməzdi və guya İsanın həvariyunundan Petro deyirmiş ki, ancaq gözəl qadınlar axirətdə nicat tapacaqlar, nəinki çirkinlər. Məhəmməd peyğəmbər də ki məlumdur, bir gözəl qadına ki rast gəldi, “fətəbarəkəllahü əhsənül-xaliqin” deməyi kifayət idi ki, o övrəti özünə halal buyursun. Girəm övrət özgəninki də olmuş ola.Amma indi nələr görürük! İndi hər işçi qadın ölkəni idarə eləmək işini öyrənir, nə bilim seçkilərə qarışır, mədəniyyət və maarif dairələrində sayları gün-gündən artmaqdadır.
Oruc yeyənlərin və oruc tutanların hesabıRamazanın 3-cü günü şəhər məktəblərinin birində (adını yazmırıq) oruc tutanların və yeyənlərin adları siyahiyə götürülürdü. Bundan ötrü əlahiddə komisyon təşkil olunmuşdu. Həmin komisyon ibarət idi iki müəllimədən və bir nəfər müəllimdən. Ramazanın 3-də komisyon saat onda varid olur həmin məktəbə və birinci sinfin qız və oğlan şagirdlərini imtahana çəkməyə şüru edir. Qabaqda mizin üstə bir bardaq su və bir stəkan qoyurlar və qızları, oğlanları bir-bir çağırırlar qabağa və sudan stəkana töküb təklif edirlər ki, bir qurtum içsin.Birinci. Bir qız ortalığa gəlir – on yaşında. Bunun adını və atasının adını komisyon siyahiyə götürür (amma biz burada şagirdlərin adını yazmırıq). Bu qız sudan bir qurtum içir, gedir oturur yerində. Qızın atası da böyük məktəblərin birində müəllimdir. Demək, qız oruc tutmayıbdır.