Təzə il
Bir il keçir, o biri il gəlir; 1329-cu il keçdi, 1330-cu il daxil oldu. Xaçpərəstlərin 1911-ci ili getdi 1912-ci ili başlandı.
Aylar dolanır, həftələr, günlər, saatlar, dəqiqələr hərəkət eləyir. Əbrü badü məhü xurşidü fələk dər karənd.
Ta to nani bekəf ari və beğəflət nəxuri.
Yəni bazardan yarım girvənkə çörək alıb yarısını dürmək tut və “bismillah” de, qoy ağzına, yarısını bas qoltuğuna, hər tanışa rast gələm, de: “bismillah!”. Tanışın çörəkdən bir tikə kəsib aparacaq ağzına tərəf və qabaqca “bismillah” – deyib ədəblə çörəyi yavaşca qoyacaq ağzına.
Bu müqqəddimədə mən onu istəyirəm deyəm ki, yuxarıdakı Allah həmişə biz müsəlmanların yanındadır: yuxarıdakı Allah həmişə bizim ağzımızdadır, cibimizdədir, dükanımızdadır; o qədər məscidimizdə deyil ki, evimizdədir.
– Sən Allah, Kəblə Həsən, gedirsən tez Cəfərə de ki, Allah xatirinə o əmanəti göndərsin.
– Baş üstə, deyərəm, Allah qoysa yarım saata göndərərəm gələr.
– Sən Allah yadından çıxmasın!
– Vallah doğru deyirəm!
– Hacı, buyur gedək bizə, yaxşıca abi-güştümüz var. Sən Allah sözümü yerə salma!
– Vallah ac deyiləm!
– Sən Allah tez gəl!
– Baş üstə, Allah qoysa gələrəm. Xudanəkərdə gəlməsəm, sənə xəbər göndərərəm.
– Allah tərəfi oldu ki, Həsənəli rastıma çıxdı, xudavəndi-aləm öz nəzərini bəndələrinin üstündən əskik eləməsin! Pərvərdigara, sən özün bizim dadımıza yet!
– Məşədi, sən öləsən, and olsun o Allaha ki, səni bazar içində biabır eləyəcəyəm! Allah haqqı zarafat eləmirəm! A yekə kişi, utanmırsan Allahın səkkiz yaşında tiflinə elə biabır-biabır sözlər deyirsən?!
– Allahdan qorx, Allahdan qorx!..
– Kəblə İbrahim əmoğlu, and olsun bizi yaradan bir Allaha ki, ona tay yoxdur. Mən sizin uşağa güldən ağır söz deməmişəm. Ancaq vallah, billah dünən gördüm hamamdan çıxır, dedim “bala, bir də hamama gedəndə mənə də de, bir yerdə gedək!”. Vallah bundan savayı bir söz deməmişəm! And olsun Allaha deməmişəm!
Ta to nani bekəf ari və beğəflət nəxori!
Yəni əlinə çörəyi götürəndə əvvəl Allahı yada sal, sonra qoy ağzına.
Sədinin sözünə, necə ki, lazımdır əməl eləyirik:
– Bismillah.
– Xeyr, çörək yemişəm.
– Ya Allah, keç yuxarı başa!
– Ya Allah, ya Allah, buyur, buyur!
– Çörək doğra! Ədə, duz gətir, ya Allah!
– Ya Allah, çörək doğra!
– Ya Allah, Hacı!
– Bismillah, yaxşı otur!
– Ya Allah!..
– Bismillah!
– Maşallah, çox yaxşı bişib! Pəh… pəh… pəh! Çox ləzzətlidir!
– Bismillah, bismillah! “Bismillah” de bərəkətli olsun!
– Qonağın payını Allah özü qeybdən göndərər. Yarım girvənkə bir çetver qoyun ətidir, hər kəsin qismətini Allah qeybdən göndərməsə, səkkiz qonaq və dörd nəfər ev sahibi necə tox ola bilər?!
– Ya Allah, Hacı Ələsgər! Sən də buyur! Mən ölüm gir içəri!
– Ya Allah! Ya Allah!
Keçək mətləbə.
Təzə il gəldi. Köhnə il getdi və neçə-neçə belə təzə illər gəlib gedəcək, aylar dolanacaq, amma sən də çalış ki, çörəyi qəflətdə yemə; çünki indi Sədi əsri deyil. Boş-boş Allahı çağırmaqla Allah, işlərini ötürüb, göydən yerə pilləkan qoyub, yenib gəlib sənə kömək eləməz. Lazımdır çalışmaq, çalışmaq, çalışmaq!
Uşağını qoy dərsə, dilləri oxusun, elmlərdən, fənlərdən xəbərdar olsun, sənət, ticarət öyrənsin, – hər kəs nəyə şövq eləsə.
Allahın da öz yeri var; ibadət zamanı Allahı yada salmaq öz qaydası ilə; yoxsa arxayın yatma ki, Allahı çağıran kimi gəlib sənin ciblərini qızıl ilə doldurub gedəcək.
Bozbaşdan doymaq istəyirsənsə, qonaqlarını tox yola salmaq istəyirsənsə, çölməyə çox ət sal. Yoxsa “bismillah” – deməklə insanlar tox olsalar, dəxi dünyada aclıq olmaz.
Təzə il gəldi, amma biz deyəsən elə həmin durduğumuz yerdə qaçırıq qabağa.
Saldatların bir məşqi var: divarın dalından qulaq asanda elə bilirsən ki, qoşun gəlir. Tap!.. Tap!.. Tap!.. Tap!.. Amma gözləyirsən görürsən ki, qoşun bir yana çıxmır. Tappıltı yenə gəlir. Axırda məlum olur ki, bu da bir cür məşqdir ki, saldatlar durduqları yerdə qaçırlar. Deyəsən, biz də durduğumuz yerdə qaçmaqdayıq.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 6 yanvar 1912, №1
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-teze-il-2
Use ← → keys to move, R for a random poem
More by this author
Lay-lay deyim, yat, ciyərim parəsi,Ağlama çox, ey gözümün qarəsi,
DedilərGördülər yuxlamışam, şad olub oxqay dedilərBir deyirdim ki, duram, yox hələ lay-lay dedilər.
O kimdir?O kimdir: Dəndəli dəndəlani – Küçələri dolaniAxırda alim olar, amma bilməz Qurani?
GörəndəSöylə mənə, ey şapka, nədir səndə əlamət,Baş yendiririk doğrudu bir xanı görəndə,
Poems by other poets · Satire
Mirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –
Pəh-pəhPəh-pəh, Bakı dönmüş necə gör, xuldi-bərinə,çıx eylə səyahət.
Təşəkkür ("Mollalar, taleimiz oldu əcəb yar bu gün!")Mollalar, taleimiz oldu əcəb yar bu gün!Misyonerlər də bizə çıxdı həvadar bu gün!
“Mehtər Nəim”əEyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”!Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.