Çürümüş parçanın dəxi faydası yoxdur: bir yandan yamadın, o biri yandan cırılacaq.

Bu gün görürəm ki, yetim iranlılar sevincək qaçırlar konsulxanaya ki, Məhəmmədəlişah tərəfindən məşrutənin təzə elan olunmağı barəsində konsula mübarəkbadlıq versinlər.

Dünən gördüm ki, qərib osmanlılar qaçırlar konsulxanaya ki, təzə sultanın taxta çıxmağından yana konsula “mübarək olsun!” desinlər.

Mən bunu görəndə Cəfərin şalvarının gündə bir dəfə cırılmağı yadıma düşdü: biçarə uşağın anası oğlunun şalvarını bu gün yamardı, sabah şalvarın bir özgə yeri cırılardı, çünki parça dəxi çürümüş idi.

Hələ buradan bir haşiyə çıxaq.

Möhtərəm “Tərcüman” qəzetinin 15-ci nömrəsində oxudum: “Buxarayi-şərifdə şəfaxana var – təbibləri rusdur, poçtaxana var – məmurları rusdur, dəmir yolu var – mübaşirlər rusdur, polisə var – naçalniklər rus olacaqdır və halonki, Buxara hökuməti rus gimnaziyalarına yüz minlərcə pul ianə edə-edə üç-beş cavanı rus məktəblərinə təhsil üçün göndərməyi lazım bilmədi”.

Oxucularımızdan təvəqqə edirəm ki, bu sözü səhl saymasınlar; ondan ötrü ki, Buxara da şalvarın bir hissəsidir.


Mən bircə bunu istəyirəm biləm ki, aya müsəlman məmləkətlərində məşrutə asan vəchlə baş tuta bilərmi, ya yox?

Mən elə qanıram ki, oxucularımızın heç biri mənim bu sualıma cavab verə bilməz; o səbəbə ki, rus kitablarını oxuya bilməyən müsəlmanlarımız indiyədək hələ bilməyiblər və eşitməyiblər ki, aya məşrutə nə deməkdir?! Nə fars dilində və nə türk dilində bu barədə bir kitab yazılmayıb. Müsəlman qəzetlərinin bəzisində bir para qırıq-quruq mətləblər yazılıbsa da, çoxdan yaddan çıxıblar və bir də o mətləblər ərəb dilində yazılıb.

Söhbətdən uzaq düşdük.

Mən bircə bunu istəyirəm biləm ki, aya müsəlman məmləkətlərində məşrutə asan vəchlə baş tuta bilərmi, ya yox? Əgər hamı birdən mənə cavab versə ki, “xeyr, baş tuta bilməz”, mən qələmi qoyaram yerə və sözümü qurtararam, amma əgər “hə” deyən olsa, o vədə bir papiros yandırıb, söhbətdə bir az davam edərəm.


“Məşrutə” deyilən bir elə şeydir ki, neçə yüz il bundan irəli İngilisdə baş verib, Avropa məmləkətlərini dolana-dolana indi gəlib düşüb biz müsəlmanların içinə. Biz də hər bir Avropa əməlinə yaxşı deyə-deyə məşrutəyə yaxşı deyib, istəyirik ki, biz də buna sahib olaq. Amma bunu yadımızdan çıxardırıq ki, məşrutə yamaq götürən zəhrimar deyil: bunu qəbul eləyən gərək çürük şalvarı ayağından çıxarıb, bilmərrə, ata kənara.


Dünyada məşrutənin bircə mənası var; bunun mənası budur ki, bir məmləkətin millət vəkilləri bir yerə cəm olub təzə qanunlar icad eləyirlər və millət də borclu olur o qanunlardan qədəm kənara qoymasın.

Oxuculardan təvəqqə edirəm, iki kəlməyə diqqət eləsinlər: təzə qanun.

Əlbəttə, millət vəkilləri vəz etdiyi qanunlar gərək təzə olsunlar. Aşkar şeydir ki, təzə olan yerdə köhnə qanunlar gərək pozulsunlar.

Bu zarafat deyil; burada çox düşünmək lazımdır…


Hər bir insaf əhli bu mətləbi zaiqəyə tapşırsa, – gərək razı ola və yəqin eləyə ki, məşrutə deyilən – mərdümazar işlərin biridir; o səbəbə ki, bir gün əgər millət nümayəndələri istəsələr, yığışıb bir belə qanun çıxarda bilərlər ki, məsələn, bundan sonra bacı ilə qardaş gərək ata malından bərabər irs aparsınlar; nəinki bacı bir hissə və qardaş iki hissə.

İndi mən də məşrutə tərəfdarlarından soruşuram: aya, millət vəkillərinin bir belə qanun çıxartmağa ixtiyarı var, ya yox? Əgər yoxdur, – dəxi bu məşrutə olmadı; əgər var, – elədə Tehranda Şeyx Fəzlullahdan və İstambulda “İttihadi-Məhəmmədi” firqəsindən dəxi niyə narazıyıq?


Məşrutə üsulu ilə idarə olunan məmləkətdə hər bir şey gözləmək olar. Bir gün ola bilər ki, millət vəkilləri bir belə qanun yazalar: “Əgər on iki yaşında bir qız qoltubuna kitab vurub üzü açıq məktəbə gedən yerdə bir məşədi o qıza deyə: “üzünü ört, bihəya” – o vədə haman kişiyə gərək tənbeh oluna; çünki azad məmləkətdə yolnan keçənə bir söz demək olmaz”.

İndi mən də məşrutəşünaslardan soruşuram: aya millət vəkillərinin bir belə qanunu icad etməyə ixtiyarları var, ya yox? Əgər yoxdur, – dəxi bu məşrutə olmadı, əgər varsa, – elədə Hacı Mirzə Həsəndən və məşrutənin sarıqlı düşmənlərindən inciməyə nə haqqımız var?..


Hələ bunlar keçəndən sonra, ortalığa “hürriyyətidin” söhbəti gələcək. Onda canımızı hara qoyacağıq?

Hələ çox əngəllər var, hələ harasıdır?..


Xülasə, sözümüzdən uzaq düşdük. Bu gün eşidirəm ki, Məhəmmədəlişah on doqquzuncu dəfə məşrutəni təsdiq elədi; dünən eşitdim ki, Şeyx Əbdülhəmidi taxtdan yendirdilər. Ola bilər ki, sabah da Əmiri-Buxara məşrutə məşqinə düşə. Amma bunlar hamısı mənim nəzərimə yamaq kimi bir şey gəlir.

Qorxuram elə hey bir ucdan yamayasan, o biri tərəfdən cırıla.

Allaha pənah.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 26 aprel 1909, №17

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ammalar

Bu saat bir çox yerlərdən xəbər gəlir və bunların da görürsən biri “Amma”ilə qoyur, biri “Lakin” ilə qurtarır. Biri “fəqət” ilə qurtarır, biri “ancaq” ilə qurtarır və habelə. Bunlar bizim yazımızda olmasaydı, işlərimiz çox əla surətdə keçərdi.Hər gün qəzalarımızdan bir xoş xəbər eşidirsən. Amma axırda görürsən ki, bu xoş xəbərin quyruğunda ya bir “Amma” var, ya “Fəqət” və ya yuxarıda yazdıqlarımızdan biri.

2 min
Təlimi-doxtəran

Pəhləvidə çıxan “Nisvani-Şərq” ruznaməsi iyirmi səkkiz rəməzanda yeddinci nömrəli nüsxəsində yuxarıdakı mövzua dair bir məqalə başlayıbdır.Bunu mən başdan axıradək artıq maraqla oxudum; çunki Pəhləvi kimi bir müqəddəs şəhərdə qızların tərbiyəsi barəsində, aya, görəsən, nə kimi təzə bir söz danışmaq olar?

2 min
Tabut içində

Özəklərin namizədlərinə ibrət olsun. Səkkiz apreldə getmişdim Padar kəndinə. Gördüm ki, məscidin qabağı adamla doludur. Nə var?Uzaqdan gördüm ki, ortalıqda bir tabut var. Yavuq gəlib gördüm ki, tabutun içində bir adam var, amma paltarlıdır, kəfənli deyil. Dedim:

1 min
Xəlifələr

Hərçənd ki, bu saat ingilis əmələlərinin tətil söhbəti nəinki tək bircə küreyi-ərzin bütün “məhafilin”də danışılır, hələ bəlkə Marsa da gedib çıxıbdır. Bununla bərabər, biz Molla Nəsrəddin əmi, – möhtərəm oxucularımız da bunu görür və Allah da buna şahiddir, – bu məsələyə nə keçmişdə qarışmışıq, nə indi qarışmaq istəyirik və nə də gələcəkdə qarışmaq xəyali-fasidində olacağıq.Buna da səbəblər var.

2 min

Poems by other poets · Satire