Tabut içində
Özəklərin namizədlərinə ibrət olsun. Səkkiz apreldə getmişdim Padar kəndinə. Gördüm ki, məscidin qabağı adamla doludur. Nə var?
Uzaqdan gördüm ki, ortalıqda bir tabut var. Yavuq gəlib gördüm ki, tabutun içində bir adam var, amma paltarlıdır, kəfənli deyil. Dedim:
Bəs, bu meyiti niyə soyundurmamısınız və kəfənləməmisiniz?
Cavab verdilər ki, bu ölü deyil, diridir.
Dedim: Ay mömin qardaşlar, mənimlə zarafatı kənara qoyun və məni başa salın görüm, bu nə həngamədir və bu nə “Fokkus”-dur?
Başıma bir çoxlu adam cəm oldu və başladılar məni məzəmmət eləməyə ki:
Ay Allahın bəndəsi, sənin müsəlmançılıqdan heç xəbərin yox imiş.
Dedim:
Balam, bilmirəm mən dəli-divanə olmuşam ya sizin dilinizi və adətlərinizi bilmirəm.
Xülasə, bir qədər də bu növ güftü-güdan sonra məlum oldu ki, tabutda yatan doğrudan ölü deyilmiş, diri imiş. Özü də Padar firqə özəyinin namizədi Şəkər Şirin oğlu imiş. Tabuta girib yatmağına da səbəb oruc olduğu imiş.
Oruc ağız tabutda yatmağın da savabı çox imiş.
Hamı camaat bir səs ilə bu cavanı alqışladılar və dedilər ki, Allah belə müsəlmanlara Kərbəla qismət eləsin. Ancaq camaat içindən “M. Narazı” adında bir cavan ortalığa çıxdı. Üzünü kəndlilərə tutub dedi:
– Həya edin, ay müsəlmanlar və ar olsun sənə ay firqə namizədi.
Mən bu saat götürüb “Şəki fəhləsi” qəzetinə yazaram və o da qoy 22 apreldə çıxan 23 nömrəli nüsxəsində çap etsin ki, bu kimi məsciddən çıxmayan, oruc tutub tabutda yatmağı özünə savab hesab edən firqə namizədini vaxtında firqədən kənar edib, məscidə göndərmək lazımdır, zənn edirəm.
Mən də belə zənn edirəm.
Lağlağı
“Molla Nəsrəddin”, may 1926-cı il, №19
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-tabut-icinde
Use ← → keys to move, R for a random poem
More by this author
Məcmuəmizin 15-ci nömrəsində “Təzə həyat”ın məsləki barəsində bir neçə söz danışmışdıq. Bizim bu sözlərimizə “Təzə həyat”ın acığı tutub başlayıb bizim xüsusumuzda küçə söyüşləri söyməyə. Bu söyüşlərə biz cavab yazmayacağıq və buna da iki səbəb var: əvvəla, məcmuəmizdə yer azdır və ixtiyarımız yoxdur bu az yeri qərəzi-şəxsi münasibətilə vuruşma meydanı edək.Saniyən, indiki halımızı nəzərə alıb Qafqazda müsəlman qəzetlərinin çoxalmasını qənimət hesab edirik və “Təzə həyat”ın özünün də camaatımız üçün nafe olmağını danmırıq, bu şərt ilə ki, əvvəlinci nömrənin baş məqaləsini və qalan nömrələrdə bir para məddahanə mənzumələri cırıb tollayaq Kaspi dəryasına.
Gəncə mollalarınaEy Gəncə mollaları!Mən sizdən çox artıq təvəqqe eləyirəm ki, öz təklifinizi biləsiniz və cızığınızdan kənara çıxmayasınız.
Molla CəfərquluƏcnabi millətlərin içində çox lotular var, çox arvadbazlar var…Birisi gedə bir neçə müddət Rusiyanın və Avropanın şəhərlərini gəzə və sonra gələ müsəlman içinə və Təbrizi, Tehranı, Ərdəbili, Astaranı, Bakını, Naxçıvanı və Danabaş kəndini gəzib dolana, elə bilər ki, müsəlman içində lotuluq, arvadbazlıq və fahişəbazlıq heç əslindən yoxdur və elə bilər ki, bu əməllər ancaq əcnəbilərin əməlidir.
Erməni və müsəlman övrətləriBiz Qafqaz müsəlmanları razı olmarıq ki, övrətlərimiz evdən eşiyə çıxsınlar və üzüaçıq gəzsinlər. Bu bir yaxşı adətdir.İndi baxıb görək ki, niyə buna razı olmuruq?
Poems by other poets · Satire
Nə oldu, Şirvan əhli bəs –Mədrəseyi – “Üxüvvət”in?
“Mehtər Nəim”əEyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”!Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.
Mahi-rəməzandır, yenə meydan da bizimdir!Mahi-rəməzandır, yenə meydan da bizimdir!Meydan da bizim, ərsədə cövlan da bizimdir!
Qələm arqadaşım KefsizəGəlesən, dilbir edib xəlqə mətəl yazmıyalım,Tapalım kandimize başqa əməl, yazmıyalım.