Yuxu
Hacı Mirzəli ağa vəfat etmişdi. Çün bizim ev adamına bir növ qohumluğu çatırdı, mərhumun dəfninə ta qəbr üstə kimi mən getməyə məcbur oldum və hətta axşam vaxtı sər-səlamətinə də getdim; mən özüm də getdim və ev adamımızı da apardım.
Kişilər qabaq otağa yığışmışdılar və övrət də həyətə girəndən sonra məndən ayrıldı, getdi içəri otağa (qohumluğu cəhətdən oraya bələd idi).
Mən girdim kişilərin yanına və salam verib keçdim yuxarı və əyləşdim. İlk əmmaməli molla yuxarı başda dizüstə əyləşmişdi. Və mən oturan kimi bunların biri ucadan fatihə dedi və camaat da başladı kimi “bismillah” və kimi “əlhəmdullah” deyib, öz-özünə yavaşca vird eləməyə. Otağın ortasında bir əmmaməsiz mollacıq da diz üstə çöküb, qabağında bir dəstə cildli kitabça, əlində bu kitabçaların birini gözünün yavuquna tutub oxuyurdu. Əyləşən kişilərin də bir neçəsi, əllərində bu kitabçalardan, yavaşca mırtdana-mırtdana oxuyurdular. Bu kitabçalar Quranın cüzləri idi ki, ibarət ola Quranın otuz hissəsindən.
Mərhumun böyük oğlu Kəblə Tağı başıaşağı və qəmgin durmuşdu ayaqüstə, qapının ağzında. Hər bir içəri daxil olan salam verib əyləşəndən sonra Kəblə Tağı da yavaşca durduğu yerdə çökürdü dizi üstə və birisi durub gedəndə Kəblə Tağı da dik qalxırdı ayaq üstə. Və gedən adam üzünü evin təzə sahibinə tutub hərə bir cür təsəlli verirdi. Biri müxtəsərcə deyirdi:
– Allah rəhmət eləsin.
Amma biri bir az dayanıb bir-iki söz də artıq deyirdi:
– Kəbləyi, heç ürəyini sıxma, bu dünyada heç kəs qalmayacaq; bu dünya namərd dünyadır. Hər yaranmışın axırı ölməkdir; bu bir Allah məsləhətidir. Bu işlərin bizə dəxli yoxdur; heç ürəyini sıxma.
Mən həmd surəni oxuyub qurtarandan sonra yavaşca dedim:
– Allah rəhmət eləsin.
Mən oturandan sonra bir-iki dəqiqə məclis sakit keçdi, danışan olmadı. Ancaq bir adam da mənim kimi girdi otağa və əyləşdi; buna da fatihə deyib və genə məclis əhli həmd surə oxudular və sonra genə sakitlik əmələ gəldi. Ancaq mənim sol tərəfimdə əyləşən Məşədi Zülfüqar mollalara tərəf üzünü tutub soruşdu:
– Axund Molla Əhməd, bu ay gərək kəmyek ola.
Molla da başını Quranın cüzündən qalxızıb dedi:
– Bəli, gərək kəmyek ola.
Mən də Məşədi Zülfüqara tərəf döndüm və dedim:
– Bəli, gərək kəmyek ola.
Quranın bir cüzünü mən də əmmaməsiz mollacıqdan istədim və açdım, başladım oxumağa.
Dəxi bilmirəm dünyanın harasında idim ki, bir də gördüm ev sahibi Kəblə Tağı gəlib çöküb qabağımda və məni yuxudan oyadır. Məlum oldu ki, məni burada şirin yuxu tutub. Baxdım ki, cüzün əlif-lam-mim surəsinin ancaq iki səhifəsini oxumuşam. Ölüm-zülüm cüzü qurtardım, öz könlümdə fatihə verdim. Həmd surəni oxudum və Quranın hissəsini öpdüm, verdim mollacığa və durdum ayağa.
– Kəblə Tağı, Allah öz birliyi xatirəsi üçün Məşədi əmoğlunu behiştin ən yaxşı yerində əyləşdirsin və sənin vücudun ilə onun ocağını söndürməsin.
Çıxdıq dalana və Kəblə Tağı ucadan çığırdı:
– Ay uşaq, Bilqeyis bacıya deyin, Molla əmi gedir, dursun gəlsin.
Bilqeyis övrət bizim uşaqların anasının adıdır. Fanusumu dalanda yandırdılar, verdilər əlimə, yendim həyətə və gördüm ki, övrət evindən bir çarşovlu övrət mənim dalıma düşdü və dalımca çıxdı küçəyə və mən də arxayın fanar əlimdə gedirəm.
Hava çox da qaranlıq deyildi və bununla belə əlimdəki fanar bir az da işıq salırdı. Hacı Mürsəl küçəsini keçdik, çatdıq Əlimurad körpüsünə. Buradan mən keçdim və gördüm ki, Bilqeyis çarşava bərk-bərk bürünüb, durub mənə tərəf baxır. Təəccüb elədim və bir az da acıqlandım və dedim:
– Dəxi, nə istixarə eliyirsən? Gecə keçibdir. Belə gəl gedək.
Arvad durduğu yerdə durub, dəxi bir yana hərəkət eləmirdi. Mən genə təkid elədim və bu dəfə bir az da ucadan bunu çağırdım və bilmirəm ağzıma gələn bir neçə acıqlı söz də dedim.
Arvad tərpənmək istəmirdi. Həmi xeyli təəccüb elədim və həmi də nəhayətsiz qeyzləndim və arvada tərəf belə söyüş göndərdim:
– Ay məlunun qızı, əgər mənlə zarafatın var, bura zarafat yeri deyil, gəl gedək.
Ba!.. Bu heyndə məni heyrətə gətirən bu oldu ki, gördüm arvad dinməz-söyləməz qayıdıb geri gedir.
İstədim yerdən bir daş götürəm və arvadın dalıyca qaçam, vuram baş-gözü əzilsin; amma burada dayandım və öz-özümə dedim: Sübhanallah! Bəlkə bu bir yuxudur ki, mən görürəm.
Ancaq burada bir səs eşitdim və yuxudan ayıldım. Uzaqdan bir kişi səsi “Bilqeyis” deyib haraylayırdı. Səs yavıqlaşırdı və baxam ki, Məşədi Cəfər əmoğlu bizim ev adamımız Bilqeyisi dalına salıb gətirir.
Burada iş açıldı. Deməginən dalıma düşüb gələn Məşədi Cəfər əmoğlunun övrəti Bilqeyis imiş və Məşədi Cəfər əmoğlu da arvadların içində öz Bilqeyisini tapmayıb, bizim Bilqeyisi gətirib ki, onu mənə tapşırsın və özününkünü aparsın.
Helə də elədi: övrətini qulağım eşidə-eşidə məzəmmətlə saldı dalına və apardı. Bizim Bilqeyis də düşdü mənim dalıma və mən də bunu məzəmmət eləyə-eləyə və bəlkə də söyə-söyə apardım evimizə.
Uşaqlar hələ yatmamışdı. Balaca Həcər bizi görən kimi sevincək soruşdu:
– Dədə, hara getmişdiniz? – Mən acıqla cavab verdim:
– Cəhənnəmə getmişdik, gora getmişdik!
Uşaq səsini kəsdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-yuxu
Use ← → keys to move, R for a random poem
More by this author
“Millət” ləfzi İranda yoxdur. Nə qədər ki, qamusları vərəqlədim, nə qədər ki, camaat içində dolandım, – “millət” sözünü nə eşitdim, nə də bir kitabda gördüm.O yerdə ki, lüğət kitabında gərək yazılaydı “millət”, orada “millət” əvəzinə yazılıb: “şəxs”. O yerdə ki, söz düşəndə gərək sözü danışıla – orada “əşxas” ləfzi istemal olunur.
Təzvir ustadları– Ağa, mərhəmətiniz artıq.– Ağa, lütfünüz artıq.
FahişəxanaMən Təbrizə gəlməmişdən elə bilirdim ki, fahişəxana pis şeydir; məsələn, Tiflisdə görürdüm ki, fahişəxananı ermənilər də öz məhəllələrinə qoymurdular, gürcülər də və ruslar da öz məhəllələrinə qoymurdular. Müsəlmanlar da qabaqca qoyurdular, amma gördülər ki, xaçpərəst tayfaları qoymurlar, bunlar da fikirləşdilər-fikirləşdilər, axırda istixarədən sonra qərar qoydular ki, fahişəxananı öz məhəllələrindən kənar etsinlər.Amma elə ki, mən gəldim Təbrizə, gördüm ki, bu şəhərdə müsəlman məhəllələrində dörd yerdə fahişəxana var və bihayə qızlar balkona çıxıb, mədrəsəyə gedən islam balalarını qonaq dəvət edirlər. İndi mən də, doğrusu, çaşmışam, bilmirəm fahişəxana yaxşı şeydir, ya pis şeydir? Əgər deyim ki, yaxşı şeydir, axır öz aramızdır, insafən danışsaq, görərik ki, yaxşı deyil; o səbəbə ki, əvvələn, fahişəxana millətin əxlaqını xarab edir. Saniyən, orada cavanlar nagəhan bəlalara düçar olurlar və əlacı olmayan dərdlərə düşürlər. Salisən, bizim şəriətimiz də belə-belə qəbih işləri günahi-kəbirə cərkəsinə yazıb.
Bikarlar məhəlləsiTəbrizdə bir gün bazarla gedirdim, gördüm küçənin sağ tərəfində və sol tərəfində divar dibində elə hey adamdır oturub baxır. Soruşdum:– Bunlar niyə burada oturublar?