Gecələri yatmaq mümkün deyil, hava xeyli istiləşib, bu şoğərib taxtabitilər də bir yandan!..

Bircə ümid yerim bəzi müdirlərin intizar otağıdır ki, yumşaq kreslo döşəyinin üstə oturursan ki, növbə gözləyəsən. Bircə burada canın rahat olur: çünki burada şoğərib taxtabiti olmur.

Bilmirəm burada nə sirr var ki, iki saat, üç saat burada əyləşib müntəzir olsan da, yenə darıxmırsan? Bir də gözünü açırsan və saata baxırsan, görürsən ki, hələ müdir gəlməyib, çünki bu gün onun böyük yerdə iclası var.

Yenə də bir neçə gün bundan qabaq bir idarəyə şikayətə getmişdim. Qapıda lövhədə yazılmışdı ki, müdir qəbul edir hər gün saat 12- dən 12 yarımadək, savayı çərşənbə və düşənbədən.

Gecə də pis yatmışdım; çünki havalar istiləşib, bu birələr də insana macal vermir. Əyləşdim, amma o gün müdir gəlmədi; çünki böyük bir idarədə iclası var idi. Saat 2 yarımda qulluqçular portfel qoltuqlarında çıxıb dağıldılar. Mən də getdim.

Hərçənd o gün də işim düzəlmədi, – çünki baş müdiri görə bilmədim, – amma yuxumu aldım; çünki bir tərəfdən gecəni pis yatmışdım, bir tərəfdən də yumşaq meşin divanlarda bilmirəm nə xasiyyət var ki, eləcə oturan kimi şirin yuxuya cumursan: yat ki, yatasan!.

Və hərçənd müdiri görə bilmirsən ki, dərdini ona söyləyib bir çarə alasan, amma bu şirin yuxu yenə insana bir təsəllidir; çünki bu özü də bir nemətdir.

Söz yox ki, bu söhbət cəmi idarələr barəsində deyil; cürbəcürdür; elə də olur, belə də olur.

Xülasə.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 9 iyun 1927, №24

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İdarədən

Axır vaxtlarda məcmuəmizin vaxtından gec çıxmağı barəsində bir çox yerlərdən kağızlar və teleqramlar alırıq. Dünən Batumdan bir çox müştərilərimizin imzası ilə idarəmizə bir məktub gəlib. Məktub sahibləri jurnalın təxirinə darıxmaqlarını bildirirlər və təvəqqə edirlər ki, Mollanın vaxtdan vaxta nəşr olmağına artıq dərəcədə səy edək.Möhtərəm oxucularımıza məlum edirəm ki, doğrudur, jurnalın yubanmağına rəncidə olmağa hər bir abunə sahibinin haqqı var, bununla bərabər ərz olunur ki, bu xüsusda bizim əslən və qətən təqsirimiz yoxdur. Biz jurnalın builki nəşrinin əvvəllərində işarə eləmişdik ki, bu zəmanəmiz çox aralıbdır və həqiqətdə Tiflisdə müstəqil və münəzzəm müsəlman mətbəəsinin olmamağı və bir tərəfdən də əmələlərin azadlıq tətilləri indiki dava əsrində bizi nəhayət, çətinliklərə düçar eləyir.

1 min
İdarədən bir neçə söz

Səfeh şamaxılı vətəndaşa ərz olsun ki, Şamaxının quraqlıq xəbərini yuxarıdakı məqalədə oxuyub diltəng oldum. Həqiqətdə də gör nə bədbəxt əsrə gəlib çatmışıq ki, göydən bir qətrə yağışın üzünə həsrət qalmışıq və nəinki Şamaxı, habelə Qarabağ, İran və Naxçıvan və Tiflis və Kars mahalları quraqlıqdan yanıb közə dönüblər. Amma hanı o keçən günlər, o səadətli zamanlar ki, fazillərimizin mübarək vücudlarının varlığından nə quraqlıq tanırdıq, nə qeyri bir belə bədbəxtliklər üz verərdi.Niyə, nədir bunun səbəbi?

2 min
İdarədən

Məktub sahibinə ərz olsun ki, həmin şəkli bizə çəkdirən şəxs Təbriz əhli idi ki, Tiflisdə bir gecə qalıb, Bakı təriqi ilə yollandı Məşhədi-müqəddəsə. Adını soruşduqda cavab verdi ki, əsil adımın sizə lüzumu yoxdur, amma təxəllüsüm Rza Xorasanidir. Həqiqət biz özümüz şəkkə düşdük və şəkli bu surətdə qəbul eləmək istəmədik, amma müşarileyh belə cavab elədi: getdiyim ağaya and içirəm ki, bu şəkil demokrat firqəsinə toxunmur.Bununla bərabər idarəmiz əhd edir ki, bundan sonra vəkilimiz və dostlarımız tərəfindən təsdiq olunmamış mətləbləri jurnalımızda dərc etməyək.

1 min
Arvad məsələsi

Yevropanın ən şöhrətli alimlərindən Con Stüart min səkkiz yüz altmış yeddinci ildə ingilis parlamanında söylədiyi nitq hələ çoxlarının yadından çıxmayıb. Haman nitqdə məşhur natiq birinci dəfə olaraq arvadların siyasi ixtiyarlarının bərabərlik məsələsinə əl vurubdur. Və bu əllillik müddətdə haman ingilis parlamanında azından iyirmi dəfə bu məsələ müzakirəyə qoyulubdur və hələ bu vaxtadək arvad məsələsi necə ki lazımdır, Yevropada həll olunmayıbdır.Rusiyada arvad məsələsi. O ki qaldı Rusiya hökuməti, şükür Allaha, axırıncı inqilabi-kəbirin birinci xidməti bu oldu ki, Rusiyada yaşayan insanların cəmisinin ixtiyarı bərabərləşibdir, bilafərq cins, din və millət. Bu barədə Rusiyada dəxi əlahiddə bir danışılmalı məsələ qalmayıbdır; arvad məsələsi birdən-birə qurtarıbdır.

7 min

Poems by other poets · Satire