Birinci hissə, beşinci fəsil
Page 2 of 2 · 50%
– Ay qız, ürkmə, bir balaca iş görəcəyik.
Rübabə baxmadı:
– Dərs vaxtı heç bir ictimai iş ola bilməz, bunu siz yaxşı bilirsiniz.
Gəldiyev onun dalınca yüyürüb acıqlanmaq istədi. Qız uzaqlaşmışdı. Çağırsa bütün dəhlizə səs düşərdi. Hirsindən papirosunu tulladı, qutusunu bir də çıxartdı. Barmaqları qovuşmurdu ki, tütün götürüb büksün. Dişi bağırsağını kəsirdi. Yeyin gedib, üzüyola saydığı Əmrah adlı bir tələbəni çağırdı. Hirsindən dərdini ona dedi. "Dikbaş adamları" institutdan qovduracağına and içdi.
Gəldiyev başını aşağı salıb stola dirsəklənmiş, əllərini bərk-bərk çataqlamışdı. Əmrah mədəni hücum əsgərlərinin siyahısını oxuyur, o da fikrini deyirdi:
– Oxu!
– Müseyib Qurban oğlu.
– Bura bax görüm, sən bunu tanıyırsan?
– Tanıyıram. Yaxşı bilikli müəllimdir.
– Atası nəçi idi?
Atasının pinəçi dükanı varmış! - Briqadir yaz.
– Əhməd Ağaməmmədov.
Gəldiyev gözünü qıydı:
– Hansı Əhməddir. Yoxsa o faytonçunun oğludur, hə?
– Bəli.
– Qarala, belə qoy. Eşqbazları bəri qırağa yığ.
– İmran Sultanov.
– Necədir!
– Yaxşı tələbədir, fəaldır.
– Oxu!
– Söhbətov Əli.
– Ətkaz!
Əmrah Gəldiyevin üzünə baxdı. Gəldiyev onun suallı baxışını anlasa da cavab vermədi.
– Oxu, oxu, ə!
– Qurban Qurbanlı.
– Hansıdır, o qara oğlandır? Həmişə də yaxası açıq olur ha!
– Mən qışda görmüşəm. yaxası bağlı idi.
– Bir onun anketini tap.
– İsmayıl San oğlu.
– Şuşalı İsmayıl?
– Gərək ki, şıışalıdır.
– Onun qabağına sual qoy.
Əmrah siyahını qurtaranda zarafata salıb Gəldiyevə dedi:
– Sən yarısını suala çıxartdın, yarısını ətkaza!
– Bəs nə? İnanıb iş tapşırıblar, sovet vətəndaşlarını savadlandırmağı hər yetənə daverit etmək olar? Bəlkə savad işinə müzür element soxuldu. Onda mən atveçatam. - Bunu deyib təəccüblə soruşdu: - Qurtardı?
– Hə?
– Qurtarmaz, canım, gərək yenə olsun.
– Xeyr, yoxdur.
– Yox nədir. Mən özüm göstərmişdim: Qurd oğlu Qədir hanı bəs.
Əmrah Qədir haqqında haradansa eşitmişdi:
– Deyəsən onun adını ştabdan çıxardıblar.
Gəldiyev qabağa tərəf əyildi:
– Niyə?
– Deyir mədəni deyil, adam ilə rəftarı bacarmır...
Gəldiyev yenə hirsləndi:
– Adə, boşlayın, mən ölüm! Nə mədəni axı? Bunu nə salmısınız aralığa! Heç bilirsən o kimin sözüdür? Bir zaman proletariatın başından vurub qovurdular ki, get, sənin pulun yoxdur. Kasıb gərək ayaq üstə dursun. İndi də bu çıxıb. Yazıq fağır-füqəra danışmaq istəyəndə sinəsindən geri basırlar ki, mədəni deyilsən. Düşmən hiyləsidir, xalis!
Qədiri dabavit elə, yaz ora! Yəni özümü əzib-büzməsəm, qızların başını tumarlamasam mədəni - kulturni deyiləm? Yaz ora Qurd oğlunu.
Salarıq bir rayona!
– Yazmağına mən yazaram, ancaq gərək ştab ilə...
– Sən yaz!
Əmrah qalxıb qapıdan çıxanda Gəldiyevin sözünü təkrar elədi: "Ətkaz! Ətkaz!"
Gəldiyev də çıxdı, nə fikirləşdisə, yenə qayıtdı. Qapını örtdü, bir əli cibində, bir əli başında arxası qapıya tərəf gözlərini yarıyummuş halda bir xeyli dayandı. Ağaca yığılan sərçələri pəncərədən gördü, saat iki olduğunu xatırladı. Dərsin qurtarmağına az qalmışdı. Yubanmaq olmazdı. Sanki ona bir qətiyyət gəldi, qapını çırpıb düz 41-ci otağa yollandı.
Gəldiyev bayaqdan bəri Rübabədən hayıf almağı düşünürdü. Partiya təşkilatı adından onu çağırıb təpinmək fikrində idi. Ürəyinə gəldi ki: "Ağ olar, bütün sinfi üzümə svidetel çəkər".
Məsələni yazıb direktora verməyi məsləhət bildi. Bu niyyət də ona əbəs göründü, çünki direktora az-çox bələd idi.
Müəyyen bir fıkrə gələ bilmədi. Deyəsən bir qüvvə qabağını kəsmişdi. Rübabəyə qarşı bütün tədbirləri pozan bir qüvvə onun kirdarını alır, iradəsini qırır, heç bir şey eləməyə imkan vermirdi. Axırda qızı mehriban danışdırmağı və beləliklə, bəlkə qəlbini ələ almağı kəsdirdi.
Tələbələr tənəffüsə çıxanda o, 41-ci otağa gəldi. Rübabə portfelini bağlayırdı. Gəldiyev yeriyib düz onun qolundan tutdu: "Gedək", - dedi. Rübabə onun söz deyəcəyini güman edib çıxdı. Gəldiyev öz kabinetinə tərəf üz tutmuşdu. Rübabə dedi:
– Yenə məni hara aparırsan? Məndən sənə katib-zad çıxmaz!
Gəldiyev güldü:
– Ay qız, sən nə yaman kəmhövsələ imişsən. Kim səni katib eləmək istəyir? Sənə sözüm var.
Gəldiyev kabinetə girib oturdu:
– Rübabə, səninlə bir söhbət kimim var. Mən hələlik səninlə kak komsomol yox, kak yoldaş danışmaq istəyirəm. Sən razı olma ki, bir müzür elementin üstündə təmiz adına ləkə gəlsin, Vahidi deyirəm!
Bilirsən?
Rübabə başını tovladı:
– Təvəqqə eləyirəm özünüzün yanlış yolunuzu mənə də öyrətməyəsınız. Gəldiyev dikəldi:
– Bizim hansı yolumuz yanlışdır?
Rübabə cavab verməmiş Gəldiyev səsini ucaltdı:
– Bizim bircə yolumuz var ki, o da sosializmaya doğru gedir. Sən bu yolun yanlış... Bilirsən nə çıxır?
Rübabə hirsindən qızardı:
– Bura bax, yoldaş Kərim, o çaxırı mənə səpmə, saxla, içərsən!
Gəldiyev Rübabənin hirsli vəziyyətindən vahimələndi. Əvvəlki mülayim ahənginə qayıtdı:
– Heç kəs sənə çaxır-zad səpmək istəmir. Mən yoldaşlıq nəsihəti eləyirəm. Borcumdur. Kak kommunist olmasa da, kak böyük yoldaş qulaq as. Böyüklərin nəsihəti dərmandır. Özü acı olar, nəticəsi şirin.
Bunu atalar deyib.
– Atalar onu da deyib ki, ağıl yaşda deyil, başdadır.
– Demək özünü məndən ağıllı bilirsən də! Atalar özü deyib ki, qadın ağıldan naqis olar. Saçı...
– Onu atalar deməyib!
– Bəs kim deyib?
– Məşədi İbad deyib.
– Mən bu sözə inanıram.
– Həqiqi varis atasından qalana sahib durar.
Gəldiyev Rübabənin təslim olmayacağını yəqin edəndə: ayağa durdu, yumruğunu stola döyüb qışqırdı...
– De görüm, sən nə üçün partiya təşkilatının qoyduğu məsələyə protiv gedirsən? Sabotaj eləyirsən? Atım səni komsomoldan bayıra?!
– Partiya təşkilatı qoymayıb, o məsələni sən qoymusan.
Gəldiyev çiyinlərini çəkdi:
– Bəs mən kiməm? Partiya işi mənə daverit elənib. Mən partiyaya bir ziyalı kimi keçməmişəm, kənddə zəhmətkeş arasında keçmişəm.
Bu mənim qınışqam.
Rübabə onu susdurdu:
– Vələmir görmüsən? Vələmir zərərli bitkidir. Hər kəs onu görsə məhv edər. Ancaq zəmidə sarı buğda ilə yanaşı bitəndə onu da taxıl ilə birlikdə biçərlər, səliqə ilə dərzlər vurub xırmana gətirərlər.
Tayaya basarlar. Lap axırda, taxıl döyülüb sovrulan zaman onu külək aparar.
– Vələmir priçom? Nə demək istəyirsən?
– Demək istəyirəm ki, inşallah, xırman vaxtı gələr.
Rübabə qapını çırpıb getdi. Gəldiyev bir müddət örtülmüş qapıya baxdı. Bu saat oradan kiminsə görünəcəyini, yaxud Rübabənin qayıdıb üzr istəyəcəyini gözləyirdi. Qapının bir daha tərpənmədiyini, ortalıqda sükut və məyusluqdan başqa heç nə qalmadığını duyanda başını tərpətdi, ixtiyarsız təkrar elədi:
– Ətkaz! Ətkaz!
Qədir içəri girdi:
– Salam! Deyəsən öz-özünə danışırsan? Yoxsa qaz əti könlünə düşüb?
– Eh, işdən-gücdən baş ayılır ki... Budur, bax xirtdəyəcən...
Gəldiyev əvvəl iş qovluğunu göstərdi, sonra şəhadət barmağını xirtdəyindən elə çəkdi ki, ülgüc olsaydı, çoxdan boğazı üzülmüşdü.
– Kərim, sənə bir işim düşüb axı: "Gənc işçiyə" bir şeir vermişəm, haçandandır buraxmırlar. Sən allah, gedək katibin yanına, sən desən soyuq baxmaz. Səni tanımamış olmaz. Deynən bizim adamdı!
Gəldiyev papağını başına atıb qalxdı:
– Bizə yazdığın şeirlərdən çox fayda çıxdı elə...
– Balam, şair köpəkoğlu neyləsin?! Ovsun oxumayacaq ki, sən öz babını tapmamışdın.
– Babımı tapsam daha sənin şerin nəyimə lazım idi...
– Baxma, şeir həmişə qızın ürəyini yumşaldan şeydir!..
Qəzet katibi onları hörmətlə qarşıladı. Qədirdən əvvəl Gəldiyev başladı:
– Bizim bu gənc şairin şerini niyə ləngidirsiniz? Gənc kadrlara qayğıkeşlik...
Katib dərhal stolun gözünü açıb, mal duası kimi uzun bir kağız çıxartdı. Qədirə verdi:
– Bu yoldaşa oxumusan?
Gəldiyev dedi:
– Oxuyub. Məndə bədii həyəcan oyandı. - Qədirə döndü: - Nə təhər başlanır, yadımdan çıxıb.
Qədir əzbərdən dedi:
Ey günəş ölkəsi, həbəş ölkəsi Sərin su ölkəsi, pəpəş ölkəsi...
Geldiyev macal vermədi:
– Gözəl deyib, özü də tam bir realist kimi, olduğu kimi deyilmişdir.
Katib başını aşağı saldı, sonra Qədirin üzünə baxdı.
– Özün bilirsən ki, Həbəşistanı İtaliya imperialistləri alıblar.
Gəldiyev dedi:
– Alanda nə olar? Lap gərək indi çap eləyək! Görsünlər ki, bizim kömək əlimiz dünya revolyusiyası...
Katib güldü:
– Kömək lazımdır, Qədirin şeri ilə yox!
Gəldiyev mübahisəyə girişdi:
– Səhv edirsiniz. Bizim hər bir vətəndaşımızın, hər bir gəncin səsi gərək...
Katib ayağa qalxdı, hərifın öz dili ilə danışmağa məcbur oldu.
– Qədir yoldaş, sağlıq olsa, dünya revolyusiyasına qədər bu şeri yaxşı- yaxşı düzəldər, onda baxarıq.
Qədir etiraz elədi:
– Gec olar, canım!
Katib onun üzünə mənalı baxdı:
– Necə, dünyada revolyusiya gec olacaq?
Gəldiyev özünü itirdi, Qədirə döndü:
– Nə danışırsan, - dedi, - ədə! Siyasi səhvə yol verirsən. Şairlərin bir vinti boş olar deyərlər, sənin heç deyəsən vintin yoxdur. Gəl! Gəl!.. Qədir şeri qoltuq cibinə qoyub çıxanda, Gəldiyevə gileyləndi:
– Əcəb köməyin dəydi!
– Balam, firqəçi nə eləsin?! Ovsun oxumayacaq ki... Sən də sənətini tapmamısan.
Qədir yolun ortasında dayanıb, Gəldiyevə baxdı:
– Deməli, hayıf alırsan?.. Əvəz çıxırsan məndən, a yalançı dost?!
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-aciq-kitab-birinci-hisse-besinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
I– Ayın başında, maaş cədvəlinə qol çəkib neçə yüz manat alırsınız, elə bilirsiniz ki, bir igidlik elədiniz?
Mirzəİki Mirzə Şəfi var. Birisi - bildiyiniz məşhur Mirzə Şəfi, ikincisi - mənim məşhur etmək istədiyim Mirzə Şəfidir.– Ədə, sənə demirəm, başını dik tut? Qoduq kimi nə qaş-qabağını sallamısan, dərsi söylə!
Hacının xəyalı"Dünyanın işi belədir. Zahirdə dəhşətli görünən qanunlar insanların özləri tərəfindən verilir və rədd olunur. Vay o adamın gününə ki, bunu başa düşməsin, qəzetlərə, deyilənlərə inansın. Elə götürək mənim özümü. Bir zamanlar dəli pristavın qaradavoyu oldum; onda gəncdim, qoçaqdım, gözümü ağardanda qorxudan boğaz inəklər bala salardı.Fələk vurdu, müsavat taxta çıxdı, qulluqlar dəyişdi, tanış olmadığım adamlar iş başına keçdi. Xosrov bəyə bir qırqovul, bir də damazlıq inək bağışlamaqla kəndin yüzbaşılığını aldım. Əsl ömür-günüm buradan başladı...
İlk günlər1Köhnə və alçaq möhrə arasına qoca bir daxma sığınmışdır. Toyuq hininə oxşayan bu daxma üzərində bitən otlar, yuxarıdan baxanda, əl ilə sancılmış quru çöpə bənzəyir. Daxmanın qırıq novdam da çoxdan su görmür, daş, torpaqla dolmuşdur. Evin balaca, kirli qapısı böyük alma, armud bağına baxır. Bir tərəfi çalı tikanı ilə hasarlanmış həyət ağır ayaqlarla tapdalandığından xırman kimi, çılpaq və qurudur. Burada qoca bir tut ağacı vardır.