Page 2 of 4 · 25%

Onu hövsələyə gətirmək üçün Sadıq kişi təsəlli verdi:

– Böyük olmaq belədir də, siz atasınız, gərək hamısının nazını çəkəsiniz. Bunu deyib daha da yaxın oturdu.

– Bu mənim, biədəb də olsa, oğlumdur, yoldaş direktor! Necəsə dolaşdırıb məktəbdən qovublar. İndi neçə müddəti külfətdə ovqattalxlıqdır. Çox xahiş edirəm ədalətlə bu işə baxasınız, uşağı oxutmağa düzəldəsiniz.

Direktor Vahidin üzünə baxırdı, sanki demək istəyirdi ki: "Bəli, yadıma düşdü".

Vahiddən soruşdu:

– Neçənci sinifdə idin?

– İkincidə.

– Qarabağlı deyilsən?

– Bəli.

Direktor düyməçəni basdı, içəri girən göy geyimli qadına dedi:

– Partkomda gör kim var, Kərimi çağır!

Vahidin ürəyi döyündü, Gəldiyevlə üz-üzə gəlmək çətin idi. İstədi çıxıb dəhlizdə dayansın, qapıçı qayıtdı:

– Bayram komisyonundadır, harasa gedib.

Direktor Sadıq kişiyə dedi:

– İşə tanış adam burda yoxdur, Gəldiyev yaxşı bilir, sabah gəlin baxaq. Sadıq kişi əlini xurcuna atdı:

– Səhərçağı gəlsək necədir?

– Gəlin, doqquzdan burada oluram.

– Gəldiyev neçədə olur, onu da bilək da!

– O da doqquzda.

Vahid utana-utana soruşdu:

– Ərizə lazımdırmı, yoldaş direktor?

– Əlbət ki! Partiya təşkilatının üstünə yazın.

Sadıq "baş üstə" deyib çıxdı.

Pilləkənlərdən enəndə oğlundan soruşdu:

– Direktor elə budur?

– Elə budur, Geldiyev kimisinə uyandan nə ağıl umursan.

– Adamdı da! Deyəsən canavar əli görsədiblər, qorxur.

– Gərək qorxmasın axı!

– O qədər haramzadə var ki, gözünü qorxudublar da!

– Qorxur qırağa çəkilsin, niyə vəzifəni boynuna alır? Onun bir qol çəkməsi ilə adamlar o yan-bu yan olur axı. Düz apara bilmirsə, iş başına niyə oturub?

Sadıq kişi başını tovladı:

– Ay pir olmuş, hələ uşaqsan. Sən deyən kimi olsa, Şura hökuməti daha qoşunu neyləyir, - küçədə duran, əli ilə maşınlara yol göstərən milisə işarə etdi, - milisi neyləyir, məhkəməni neyləyir, hələ o qədər anasının əmcəyini kəsən var ki!

Onlar söhbət eləyə-eleyə Sabir bağının qabağına çatdılar. Sadıq kişi heykələ baxdı:

– Bu Nikolaya sataşan şair deyilmi, Vahid?

– Bəli, Sabirdir.

– Ciyərli adam imiş rəhmətlik.

– Ciyər xəstəliyindən də öldü.

Sadıq kişi bir az susandan sonra dedi:

– Elədir, düşmən adamın tutarlı yerindən vurur.

Vahid "Şərq" mehmanxanasına tərəf döndü. Orada yer olmadığını bilib ötdülər. Bu mehmanxana sənin, o mehmanxana mənim, ha gəzdilər, boş yer tapılmadı ki, tapılmadı. Kəndli evində eyvanda da yatmağa razı oldular, ancaq direktor icazə vermədi; qaşqabaqlı, qara, ortaboy dalandar gözünü yumub, başı ilə rədd edirdi:

– Yerimiz yoxdur, yoldaş!

Onun təşəxxüsü Sadıq kişiyə ağır gəldi; bir cavabla da acığını ifadə etməyə çalışdı:

– Nə qansız adamsan, a kişi, Allah sənə qapıçılıqdan artıq qulluq qismət eləməsin, qırarsan xalqı! - Sonra Vahidə döndü: - Görürsən?

Yazıq hökumət neyləsin, Nikolayla aşkara tutuşurdu, amma bunlar tülkü ölümcüllüyü ilə iş görürlər. Sən də deyirsən belə. Görmürsən köpək uşağını!

Uşaqdan aldığı qəzetə baxanda Vahidin yadına düşdü ki, sabah istirahət günüdür, birisi gün də bayram.

– Bəs necə eləyəcəyik, bir gecəliyə yer tapmırıq, üç gün qala bilərikmi?

– Yox canım, kişi bizə söz verdi, səhər orada olacaq.

Vahid ürəyində dedi: "İdarəyə gəlməsə, evinə gedib qapısını kəsərik".

Şəhər bağında bir az oturdular. Gecəni buralarda keçirmək lazım idi. Ancaq mümkün deyildi. Sadıq kişi hiss edirdi ki, gəzməkdən ayaqları qızışmış, keyimişdir, baldırları gizildəyir. Soyuqda oturduqca, özünə gəldikcə vücudu ağırlaşır, kürəkləri sancır.

Vahid də əlləri cibində oturmuş, dayanacağa söykənmişdi. Birdən düzəldi, üzünü yana çevirdi, papağının günlüyünü gözünə basdı.

Rübabə bir oğlan ilə söhbət eləyə-eləyə gəlib düz onların qabağından keçdi, onun sözlərini eşidən Vahid əsən kimi oldu: "Şərqdə" yoxdurlar. "Avropada" olacaqlar.

Rübabənin səsi ilə Vahidin məyusluğu sönüb getdi: o, yenə özünü dərs otaqlarında, Rübabənin yanında hiss etdi. Bu səs nə qədər xoş idi. Bir anda Vahidin yadında işıq kimi yanıb-sönən xatirələr bir-birini təqib etdi. Uzaqlaşıb gedən Rübabəni, gözdən itənə qədər, arxadan, həsrət nəzərləri ilə yola saldı. Vahid elə həsrətlə baxırdı ki, deyərdin gedən qız əbədi olaraq gedir və onun bütün sevinclərini özü ilə aparır.

Sadıq kişi də Rübabəni gördü. Oğluna, onun vəziyyətinə də diqqət elədi. Ürəyində dedi: "Cütdülər".

Rübabə ötəndə Vahid özünü itirmişdi, çaşmışdısa da, indi yavaş-yavaş özünü danlayırdı: "Niyə qalxıb görüşmədin, niyə çağırmadın!". Bu fıkir ona çox gülünc və bir qədər də təhqirli gəldi: "Məni belə görməməlidir, yanındakı bəlkə heç məni tanımır. "Parapet" küncündə qalan bir oğlanla tanışlığını qızın başına qaxa bilər. Yox! Mən Rübabə ilə ya əvvəlki vəziyyətdə görüşəcəyəm, ya da heç görüşməyəcəyəm!".

Rübabənin sözləri Vahidin qulağında yenə də səslənirdi: "Şərqdə" yoxdurlar, "Avropada" olacaqlar!". Qız coğrafiyadanmı danışırdı, yoxsa adam həsrətində idi? Birdən bir şey xatırlamış kimi Vahid barmağını dişlədi:

"Rübabə bizi axtarır, "Şərq" mehmanxanasına gedib, buradan da "Avropa" mehmanxanasına dönür..."

Rübabə axşamüstü məktəbə gedəndə direktorun qapıçısı həmin göyköynək qadın xəbər vermişdi:

– O oğlan gəlmişdi axı!

– Hansı oğlan?

– O ki qovdular ha... şuşalı. Yanında bir kişi də var idi, görmədin?

– Yox, görmədim.

Rübabə zahirdə bu xəbəri soyuq qarşılamışdı. Bu işsiz, çənədən saz qadınların ağzına saqqız vermək istəməmişdi. Vahid qovulan zamanlar Rübabənin Verdiyev ilə deyişməsini uzun bir macəraya çevirib şirin söhbət elədilər. Həmin qadın dizinə çırpıb deyərdi:

"Qızışıblar, bacım, qızışıblar! Az qalıb kişinin üstünə daşlana!".

Həyətdə dalandarı tutub razılıq eləmişdi: "O şuşalı gədənin mitilini atdınmı bayıra?". Dalandar bilmədi kimi deyir.

– Hansı şuşalı?

– Biri var ey, direktor qovan.

– Qovulanların şeyini təhvil almışıq, necə bəyəm?

Göyköynək əlini onun kürəyinə vurmuşdu:

– Elə bax, qoy getsin mal otarmağına. Tərəkəmə köpəkoğlu çobanlıqdan gəlib burada rahat durmur. Kimə bənd olsa yaxşıdır. Səttarın qızı nədir, xanəndə Səttarın qızına tamah salırdı. İştaha bir bax!

Əcəb olub!..

Göyköynək qadın Rübabəni tanımırmış: ancaq qızlar ilə oğlanlar, qadınlar ilə kişilər, böyüklər ilə kiçiklər, tələbələr ilə müəllimlər arasında olan-olmazı izləməyi, seçməyi, qurdalamağı özü üçün peşə, adət eləmişdi. Bu hiss onda çox ayıq idi. Bir şey duydumu, deməsə, danışmasa, axırına çatmasa, tanıdıqlarına çatdırmasa bağrı çatlardı. Kimin kiminlə öpüşdüyünü, zarafatlaşdığını, kimin kimdən xoşu gəldiyini, ya gəlmədiyini, kimin kimə tamah saldığını, ya salmadığını, hansı qızın necə bəzəndiyini və niyə bəzəndiyini, niyə bəzənmədiyini həmdisurə kimi qiraət ilə danışardı. Səhər otaqları süpürüb qurtarar, direktorun gəlməyinə bir saat qalmış boşalardı, özünü dalandarın yanına verərdi:

"Ötən axşam urus müəlliməsi ilə müavini bulvarda görüblər...

Fəridə yenə geyinib-kecinib, gedəndən kağız alıb axı, yanına çağırır...

Elə hey cütləşirlər ha. Küncdə öskürürsən, görürsən serçə kimi bir cüt çıxdı, elə əyirirlər, qıldan incə..."

Başqa xidmətçilər otaqları təmizləyib işini qurtaranda rahat olurdusa, göyköynək qadın durub-gördüyü, eşitdiyini qapı-qapı gəzib, bütün tanışlara çatdırmamış rahat olmurdu. Şirin iş vaxtında birisindən bir xəbər eşitdimi, dərhal süpürgəni yerə qoyub qaçırdı. "Xəbərləri" yerinə yetirməsə, rahat olmurdu.


Bağda dayanmaq mümkün olmayacaq idi. Gecə keçdikcə, adam seyrəldikcə dəniz tərəfdən sahil küçəsi ilə axıb gələn sazaq üzlərə dəyir, payız soyuğu kəsməyə başlayırdı, qalın paltar azlıq edirdi. Ata-bala tramvaya oturub vağzala gedəsi oldular. Bilet zalında daldalanmaq mümkün idi. Bura həm isti, həm səliqəli idi...

Vahidin ayrı bir ümidi var idi. Faytonçulara, ya hambalların birinə yanaşıb, yer xahiş edəcəkdi, güman ki, iyirıni-otuz manat versə, bir-iki günlüyə yer tapmaq çətin olmazdı. Ancaq kimə yaxınlaşdısa, bir şey çıxmadı. Axırda hirsləndi, papağı qırmızı haşiyəli dəmiryolçuya yanaşdı:

– Qardaş, - dedi, - bəlkə biri azıb Bakıya düşdü, gecəni harada qalmalıdır?

Dəmiryolçu dedi:

– Necə harada, şəhərdə mehmanxanalara nə gəlib, kəndli evi var...

Sadıq kişi baldırlarını göstərdi:

– Tökülür ey! Səhər açılandan ələk-vələk eləmişik. Yer verən kimdi?

– Şəhəri gəzmisiniz?

– Bəs nədi, əşi! Yer qalıb baş vurmamış olaq?

Dəmiryolçu bir xeyli sükutdan sonra cavab verdi:

– Vaxt elədi, baxtınızdan bayram qabağına düşüb, şəhərə gələn çoxdur. Sadıq kişi oğlunun əhvalatını danışdı:

Bu gecəliyə daldalana bilsəydik. Mən heç, uşaq lap üzülüb, vaqonda da yatmayıb. Deyirəm get yoldaşların ilə görüş. Ona da utanır. Dəmiryolçu dedi:

– Kəndə, rayona baxmayın, Bakı çox basırıq, qarışıqlıq olan yerdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets