Əziz atam, anam! Qohumlar, dostlar, yoldaşlar!

Süvari alayımız səf-səf durub and içəndə, qılınclar havada bərq vuranda deyirdim: "Süngiim qələm olaydı, ürəyimdəkini Bakının üfüqlərinə yazaydım" İndi, budur, ağır qələbə döyüşündən sonra istirahətdəyəm, Karpat dağının ətəyində sizə məktub yazıram. Alayımız düşməni qova-qova sərhədi keçdi. Müzəffər ordumuz indi yaralı vəhşini öz mağarasında əzir.

Bizim üçün, torpağını sevən və onun yolunda canından keçən qızıl əsgərlər üçün bundan sevincli nə ola bilər? İki gün əvvəl bizə dahi Stalinin təşəkkür məktubunu verdilər. Biz bu qiymətli vəsiqənin axırındakı imzaya həyəcanla baxırdıq. Böyük sərkərdəmizin hərarətli sözlərində sizin hər birinizin, bütün xalqımızın, vətənimizin səsini eşidirik.

Stalin! Dünyada bizim üçün əziz və müqəddəs nə varsa bu adda toplanmışdır. Stalin adı ilə döyüşə girən əsgərlərimizin rəşadət və qəhrəmanlığına təəccüb etməyin! Çünki? böyük sərkərdənin adı qələbə ilhamımızın mənbəyidir.

Biz bu ada arxalanaraq hücum edirik. Vətən həmişə zehnimizdədir. Mavi Xəzərin sahillərində tarixi mətanəti və təmkini ilə dayanan Bakının buruq səslərinin, zavod fitlərinin gurultusu qulağımızdadır! Vətənimizin qəlb döyüntülərini eşidirik. Bu səs bizim uzaqvuran toplarımızın, ulduznişan tanklarımızın, təyyarələrimizin səsi ilə bir ahəngdədir! Qarşımızda bizi hücuma aparan komandiri görürüksə, arxamızda da qolu çirməkli Bakı fəhləsini duyuruq. Biz duyuruq ki, cəbhəçilərə ərzaq və sursat verən yoldaşlarımız bizimlə çiyin-çiyinə vuruşur, faşizmin nəfəsini kəsməyə çalışırlar.

Əzizlərim! Faşist canavarlarının ölümünə az qalmışdır! Növbəti məktubumuzu Avropanın göbəyindən gözləyin! Vay Berlinin halına!

Azad olmuş Ukrayna torpaqlarında analar, atalar bizi qucaqlayıb övlad kimi öpür, yumruqlarını göyə qaldırıb Almaniyanı göstərir: "intiqam!" - deyə bizim üzümüzə baxırdılar. Onların gözlərində qəzəb və şikayət vardı. Biz and içib və onlara söz verdik ki, düşmənə daha amansız olacağıq! Biz yanan şəhərlərimizin, dağılan xanimanlarımızın, öldürülən vətəndaşlarımızın, təhqir olunan analarımızın intiqamım almamış evə dönməyəcəyik! Qoy bütün dünya tarixində bir ibrət dərsi qalsın! Qoy Hitleri və hitlerçiləri doğan analar, onları böyüdən mürəbbilər, müəllimlər bəşəriyyət qarşısında utansınlar və layiqli cəzalarına çatsınlar!

Əziz atam və anam!

Böyük sərkərdəmiz bizi yüksək bir məqama çatdırmış, öhdəmizə şərəfli bir vəzifə qoymuşdur: biz indi yalnız öz torpağımızı deyil, bütün əzilən millətləri faşist əsarətindən qurtarmağa gedirik. Biz Avropa xalqlarına azadlıq aparırıq. Bu xilaskar ordunun sıralarında Azərbaycanın qəhrəman oğulları çoxdur. Biz arxamızla, igid respublikamızla fəxr edirik. Siz də, cəbhəyə oğul göndərən ata-analar da, öz övladlarınızın hünəri ilə fəxr etməyə haqlısınız.

Bu iftixar hissi ilə biz silaha sarılmışıq, bu iftixar hissi ilə torpağımızı təmizləmişik. Bu hiss ilə də Berlinə daxil olacağıq!

Vətənimizin düşməndən təmizlənməsi günündə hamı bir-biri ilə görüşür, bayramlaşır. Biz də bütün sevinc və şənliklərinizdə uzaqdan, qəlbən iştirak edirik.

Əlinizi öpürəm. Oğlunuz ƏDHƏM.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets