Birinci hissə, ikinci fəsil
Gəldiyev Vartaşendə taxıl tədarükü müvəkkilliyində çalışanda ya xamlıq ucundan, ya ehtiyatsızlıqdan, ya da ayrı səbəbdən bir balaca dolaşan kimi olmuşdu. Özündən soruşsan deyər: "Yoldaşa daverit eləmişəm, başıma bu işlər gəlib".
Rayon icraiyyə komitəsinin sədri yazdı ki: "Ay Kərim, filan qədər taxıl burax!". Kərim buraxdı. Torpaq şöbəsi dedi: "Qəşəng oğlan, arpa ver, atlar acdır". Qəşəng oğlan verdi. Bir başqası zəng elədi ki: "Yoldaş Gəldiyev, bir-iki tay buğdaya gümanın gəlməzmi, bacı oğlunun toyudur, darda qalmışıq". Gəldiyev də rədd eləmədi. "Yoldaş tədarükçü, vacib yer üçün on beş torba taxıl ayırıb mənim sərəncamıma göndərməlisən". Tədarükçü əməl elədi...
Gəldiyevin işləri öz qaydasınca gedirdi. Anbardan ağ, dolu torbalar azalır, yer genişlənirdi. Bunun əvəzində məxaric qovluğundakı qəbzlərin, xahiş kağızlarının sayı artır, hesabı çoxalırdı. Axırı bir gün atası rəhmətlik hesabdar Gəldiyevi ayıltdı.
Güman eləməyin ki, indiyə qədər Gəldiyevə məsləhət demir, öyrətmirdilər. Yox! Hər dəfə, əl boyda qəbzlərə, ya dilucu tapşırığa, anbar açdırıb taxıl buraxanacan Gəldiyevin canı boğazına yığılırdı. Nə hesabdar yazır, nə anbardar buraxır, nə də fəhlə taya yaxın gəlirdi. Hamısı nəm-nüm ilə tərpəşirdilər: "Canım, sabah kim cavab verəcək? Ordersiz- mordersiz, hesabsız-kitabsız bu taxıl hara gedir?.."
Gəldiyev hirslənirdi, partiya kitabçasını çıxarıb sol ovcunda tutur, sağ əli ile meşin cildə elə şappıldadırdı ki, eşiden dik atılırdı:
– Bu cavab verəcəkdir ey, bu! Qaragöz bileti cibində gəzdirən oğlan atveçatdır! Sizin qarnınıza niyə sancı dolur? Sizə deyilir: ver, ver! Daha uzun müşərrəf lazım deyil. Daverit eləyib bizi bura qoyublar!
Gəldiyevin hərbə-zorbasından qorxan da olurdu. Əl-qolu gəlməyən, çəkilib mat-məəttəl qıraqda dayanan da olurdu. Xoruz kimi kişi ilə döş-döşə gələn, ora-bura yazan da herdən tapılırdı. Ancaq Gəldiyevin arxası möhkəm idi. Atalar yaxşı deyib: "Arxalı köpek qurd basar!". Artıq-əskik danışanlar haqqında, görürdün, Geldiyev zəng elədi, danışdı, sonra əmr verib başmaqlarını bayırda qoydu.
Gəldiyev işini elə qurmaq istəyirdi ki, əlinin altındakılar "yumurta yükü aparsınlar". Bu zabitə bəzilərinin lap xoşuna gəlirdi.
Gəldiyev aşağı işçilərin sözünə fikir vermirdi. Çünki onlardan heç bir təhlükə gözləmirdi. Fikri həmişə yuxarıda böyüklərdə idi. İnanmışdı ki: "Qulluq işində, adamı yıxan-tikən sədrin, naçalnikin bir qırmızı qoludur".
Ona elə gəlirdi ki, bu qəzet, tənqid, yoxlama-filan hamısı əvvəlcədən "böyüklər yanmda aşı bişirilmiş adamlar üçündür. Allah dəymeyənə, bəndə nə eləyəcək". Gəldiyevin qənaəti bu idi. İndiyə qədər də bu etiqadla işləmişdi. Hələlik ziyan görməmişdi.
Rayonda bir hadisə oldu. Ondan sonra Gəldiyevin gözlərindən pərdə çəkildi. Etiqadları da altına su düşən divar kimi uçulub töküldü.
Hadise deyəndə, böyük düşməsin, rayon icraiyyə komitəsi sədrinin İskəndər adlı bir katibi var idi. Avadanlıq üstündə müəllim ilə sözləri çəp gəlmişdi. Katib müəllimə demişdi: "Xuliqan!"
Müəllim başını aşağı salıb getmişdi. Qıraqdan baxanlar müəllimin qorxaqlığına gülmüşdülər, bəziləri də demişdi: "Hökumətdir, qorxmasın, nə eləsin!".
Müəllim qoçaq nə din, nə danış, götür ərizə yaz, İskəndəri məhkəməyə ver! Rayon məhkəməsi, düzdür, müəllimin ərizəsini dəftərə salıb nömrələmişdi, amma sonra bu ərizə saqqız olub məsul işçilərin ağzında çeynəndi. Qapalı aşxananın qabağında rayon icraiyyə komitəsi sədri əllərini cibinə qoyub gülür, dili ilə dişlərini təmizləyir, müəllimə deyirdi:
– Söz deyəndə təşəxxüsünə dəyir, ay müəllim! Ərizəbazlıq eləyirsən, sovet məhkəməsinin də vaxtını alırsan... bu necə işdir?
Müəllim dedi:
– Yoldaş İsmiyev, sən rəsmi kommunist sayılırsan.
– Rəsmi niyə?
– Cibində kitabçan-zadın var da, kommunist sayılırsan, gərək yadında ola ki, insan şəxsiyyətini bizim ölkədə uca tuturlar. Vətənimiz belə olmasaydı, mən baş götürüb diyarbadiyar gedərdim. Mənim üçün izzeti-nəfs hər şeydən əzizdir. Öz şərəfini qorumayan nə vətənin, nə də xalqın şərəfini qoruyar. Bizim ölkedə heç kəsə ixtiyar verilməyib başqasını təhqir eləsin. Məhkəmə mənim ərizəmə ədalətlə baxmalıdır. Arxaynıam ki, baxacaqdır. Siz katibinizin sözünü qulaqardına verirsinizsə, bu da sizin öz işinizdir.
İsmiyev müəllimi lağa qoydu. Gəldiyev də qəh-qəh çəkdi:
– Padumiş!.. Müəllim, bu od-atəşlə sizi bura kim göndərib?
– Mən özüm gəlmişəm.
– Gəlmisən, başını sal aşağı, işində ol! İdarədə adamla söz olar, artıq- əskik də olar. Bundan ötrü daha qiyamət qopmaz ki!
– Qiyamət-zad qopardan yoxdur. Bəzi işçilərə danışmaq lazımdır.
– Sən elə o körpə uşaqlara öyrət, qalanlar ilə işin yoxdur.
Gəldiyev sədri çağırdı:
– Əşi, gəl bəri!..
Onlar aşxanaya girib təzədən qabaq-qabağa oturdular.
Müəllim ovqatı qarışmış halda ağzını çevirib küçə aşağı getdi.
Üç gün çəkmədi, bir də gördülər, budur, maarif komissarının müavini icraiyyə komitəsinin qapısından içəri girdi. Salam-kalam elədi. Bir az məktəblərdən, məktəblilərdən xəbər aldı. Sonra başladı müəllimin təhqir olunması barəsində dəftər-kitab açmağa. İsmiyev and içdi ki: "Canım, təhqir-filan olmayıb, siz allah şişirtməyin, ona bircə kəlmə "xuliqan" deyilib, lap xuliqan olanda nə olar? Burjuaziya deyilməyib, qolçomaq deyilməyib, opportunist deyilməyib. Burada nə var axı?".
Komissarın müavini hamıdan çox Gəldiyevi heyrətə salmışdı. Gəldiyev onun, o böyük qulluq sahibinin elə bir iş dalınca gəlməsinə ınana bilmirdi. Öz-özünə deyirdi: "Taxıl hazırlığı deyil, plan deyil, tədarük deyil, iclas deyil, bir dılğır müəllim üçün də komissar müavini gedərmi?.."
O yandan da rayon məhkəməsindən maddə gətirdilər. İskəndəri müttəhim kimi dindirdilər. İsmiyev ha zəng elədi: "Ay yoldaş məhkəmə, pustyak işdir, sürtün getsin". Prokurora papaq açdı, mümkün olmadı. Məhkəmə sədri deyirdi:
– Qanunnamədə nə yazılıb, o cür də rəftar olunacaq...
Dostlar özlərini yığışdırıb, İskəndərə qahmar çıxınca, kişini camaat qabağında mühakimə elədilər.
Qəribə işlər var. Həmin İsmiyev qardaşdan artıq istədiyi, idarəsmin dirəyi saydığı İskəndəri qulluqdan qovmalı oldu. Əmrə qol çəkəndə başını bulayıb, öz-özünə deyirdi: "Gör nə boş işdən ötrü..."
Dedim ki, komissar müavininin gəlməyi Gəldiyevi heyrətə salmışdı. Bu heyrət get-gedə ehtiyata çevrildi. İskəndərin işin görəndən sonra Gəldiyev özünə gələn kimi oldu. Hesabdar ona məsləhət gördü ki: "Çıx bu rayondan. Bu işlərin axırını fəna görürəm. Firqəçi adamsan, sənə yermi əskikdir?! Hara getsən vəzifə var. Dost-aşnaya o qədər də bel bağlama..."
Ömründə birinci dəfə idi ki, Gəldiyev, dili ilə olmasa da başını tərpədərək, aşağı vəzifəli bir adamın sözünü təsdiq edirdi. Gəldiyevin böhran keçirdiyi həmin bu günlərdə Bakıdan təşviqat şöbəsinə kağız gəldi ki, "Fəal rayon işçilərindən bir nəfərini mərkəzə ali məktəbə göndərin. Həmkarlar beşminliyi hesabına təqaüd alacaqdır".
Təşviqat şöbəsi müdiri rayon icraiyyə komitəsi sədrilə məsləhətləşdi. İsmiyev həmin kağızı oxuyanda Gəldiyev irəli yeriyib yalvardı:
– Yoldaş İsmiyev, - dedi, - bu mənə yapışır. Ali məktəb əsil mənim yerimdir, göndər gedim!
İsmiyev etiraz eləmirdi. O yan-bu yandan deyirdilər ki: "Kərim dünən savad kursundan çıxıb; ali məktəbə getmək üçün bilik lazımdır".
İsmiyev rədd elədi:
– Firqəçi adamdır, öyrənər. Mən Gəldiyevi göndərınək tərəfdarıyam! Özü təcrübəli, özü inanılmış, özü...
Gəldiyev Vartaşendən lap arxayın çıxdı.
Ona görəmi ki, tutduğu işlər düz idi, ya özü bu işləri düz sayırdı? Ona görəmi ki, cəsarətli idi, məsuliyyətdən qorxmurdu? Ona görəmi ki, yoldaşlarının sədaqətinə inanırdı, yamana dil bulamayacaqlarına əmin idi?
Yox!
Ona görə arxayın çıxdı ki, özünün partiya kitabçasını, şəxsi işini, vəsiqələrini, yoxlamalarını tamam yığışdırıb aparırdı. O, bu əqidədə idi ki, insan çıxdığı idarədən şəxsi işini təmiz apara bilsə, sonralar yüz adam yığılsın, jüz cinayət açılsın, faydasızdır, sübuta yetməz, boynuna qoyula bilməz.
Kərim Gəldiyev Vartaşendən qaçmaqla bir göz dağından da uzaqlaşırdı: çayxana xidmətçisi Zoyaya, xata elədi, bir "salaməleyk" dedi.
Bir neçə dəfə pitinin duzsuz olmasından şikayətləndi. Zoyanı kənara çağırıb "məxsusi" hazırlanmış yarpaq dolması xahiş elədi. Zoya bu xahişin aşpaza aid olduğunu deyəndə, Gəldiyev onun qulağına pıçıldadı: "Aşpazı da görürəm, Zoyanı da!". Zoya dedi: "Mən xörək bişirməyi bacarmıram". Gəldiyev əl çəkmədi: "Bəs ürək bişirməyi niyə bacarırsan?".
Zoya onun atmacalarını başa düşmədi. O birisi gün Gəldiyev altı manat xörək pulu əvəzinə, bir otuzluq qoyub çıxdı: Zoya otuzluğun artığını verəndə dedi:
– Qoy dursun, patom-patom!
Bir az sonra Gəldiyev Zoyanın iş saatı, boş vaxtı ilə maraqlandı:
– Sən heç çisti vozduxa, seyrə çıxmırsan?..
– Nabələdəm bu yerlərə.
– Mən bələdçilik eləməyə hazıram, bir gəz, ürəyin açılsın, kuxni iyi burnundan getsin.
Gəldiyev Zoyanı çəkə-çəkə meşənin otluq yerinə, alçaq, lakin qol- qanadlı bir qarağacın altına apardı.
– Oturaq, - dedi, - yorğunluğumuz çıxsın.
– Buradan heç yer görünmür.
– Əyləş, görünməyi neynirsən. Lesdi da! Qarağac kölgəsi özü hər zaman ələ düşməz, əyləş!
Qarağacın kölgəsində Zoya necə məğlub oldusa, o gündən sonra, kölgə kimi Gəldiyevin dalmca sürünməyə başladı.
Zoyanın cismən vəziyyəti dəyişdi. Gəldiyevi yaxaladı ki: "Gedək zaqsa!".
Gəldiyev onu qorxutdu, aldatmaq istədi: "Uşağın ola-ola mən sənlə birləşə bilməyəcəyəm. Gör onu birtəhər elə, sonra kak sleduyet toyumuz olsun!".
Zoya aldanmadı. Gəldiyevi o yana-bu yana dartışdıranda öz abırından partiyadan qovulmağından qorxub övlad haqqı verməyi boynuna aldı, amma heç uşağın üzünə də baxmadı. Onun qız və ya oğlan olduğunu soruşanda Gəldiyevin başından ağrı tuturdu: "Nə bilim nə zəhrimardır".
Zoyanı görmək, o barədə bir söz eşitmək, ya ata olduğunu xatırlamaq Gəldiyevə cəhənnəm əzabmdan ağır idi: "Gözüm görməz, qulağım eşitməz. Bərkə qalanda ayda iyirmi-otuz manat ağzına ataram. Tələbə adamam, özüm nə alıram, ona nə verim... Bir-iki ildən sonra rədd olub gedər, başımdan açılar. Yoxsa mən, otvetstvenni qulluqda girli pul aldıqca o fahişə (Gəldiyev Zoyanı həmişə bu ad ilə xatırlardı.) buradan tərpəşınəyəcək, qohum-əqrəbasını da çağırıb yanına yığacaq ki, gəlin bir axmaq adam tora salmışam. Gəlin yeyək, dalısınca da söyək!.. Bu əxlaqsızlar mənim pulum ilə kef edəcəklər... Bu da zaqundu, a kişi?..".
Bunlara görə idi ki, Gəldiyev təhsilə getdiyini səsə salmadı. Bir gün hesabdarı çağırıb açarlan verdi, ezam kağızım göstərib, öz haqq-hesabını yazdırdı. Axşam yatacağını, çamadanını icraiyyə komitəsinin maşınına qoyub, birbaş Yevlaxa sürdürdü...
İnstituta girəndə Gəldiyev dərsdən qabaq bir ictimai işin qulpundan yapışınağı, hiss ediləcək "canyanğısı" büruzə verınəyi düşünmüşdü.
Hələ qəbul komissionu işini qurtarmamış, dərslər başlanmamış Gəldiyev məktəb dəftərxanasından qırağa çəkilmədi. Bir tələbə öz adını siyahıda tapa bilməyəndə Gəldiyev onun qolundan tutub, katibin yanına aparırdı. Tələbələr eyvanda söhbət eyləyəndə, dərs kitablarının nə vaxt alınacağı ilə maraqlananda Kərim Gəldiyev əlüstü tədris müdirinin otağına girib, iki dəqiqə sonra çıxır, ucadan hamıya bildirirdi. İmtahanların hansı otaqda, nə vaxt aparılacağını elandan qabaq xəbər verirdi. "Kişi yaxşı kömək eləyir".
Bir gün gördülər Gəldiyev eyvanın küncündə stol qoyub oturub, gələnə deyir:
– Yoldaşlar, kollektiv kinoya getmək istəyən yazıla bilər. Ucuz bilet gəlib.
Direktorun otağına girib, xahiş elədi: "Yoldaş Verdiyev, sabah-biri gün Beynəlxalq Gənclər günü gəlir. Pervi kurslarda yoldaşlar maraqlanır, istəyirik məruzə təşkil eləyək".
Direktor onu başa saldı:
– Kərimdirmi adınız, yoldaş Kərim, təşkilat ilə əlaqəyə girin. Planları var, danışın. Siz də iştirak edəcəksiniz?..
Gəldiyev o saat partiya komitəsinə getdi: "Məni direktor göndərdi ki, sizinlə danışım. Yeni gələn bəzi yoldaşlara ictimai naqruzka vermək barəsində..."
Gəldiyevin partiyalı olduğunu, ictimai iş ilə çox maraqlandığını biləndən sonra tapşırıqlar verməyə başladılar. Çox çəkmədi ki, Kərim Gəldiyev institutda "mədəni hücum" ştabının rəhbəri təyin olundu.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-aciq-kitab-birinci-hisse-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Sevda nadir, bilməzdim.*O da gəldi başıma.*
MaralBazar-bazar ki deyirlər, cavahirat deyil.*Cavahirat bu gün ziynəti-həyat deyil.*
İsti aşa soyuq su– Əə, Məcid, o nədir, ananı o kökdə saxlayırsan? Dünən sanatoriyada görmüşəm. Əynində bir andır kofta var, kimin üstünə atsan, hürküb qaçar. Nə olub, bəyəm, arvada üç metr abırlı parçadan paltar tikdirə bilmirsən? Ayıbdı, əə! Neçə lazımdır verim, o arvada yaxşı paltar al! Görən nə deyər? Anandır axı!Məcidi heyrət götürdü, bilmədi, nə cavab versin:
Nigaran olmaXeyirxahlıq yaxşı xasiyyətdir, heyif ki, hər adamda olmur. Təbiətcə mülayim, insanpərvər, işgüzar olanlar hər zaman, hər yerdə, hər çətin işdə hər kəsə təsəlli, məsləhət verməkdən çəkinmirlər:– Nigaran olma, arxayın get, ürəyini sıxma, düzələcək. – Əlbət ki, belə şəraitdə sən də inanıb, ümid bəsləyirsən, sakit olursan.