Birinci hissə, birinci fəsil
Page 1 of 5
Bəzi ulduzlar kiçik olduqları üçün yox,
olduqları üçün görünmürlər.
İlin o vaxtı idi ki, yay istisi adamların canından yenicə çıxmış, soyuq isə hələ kar eləməmişdi. Pəncərələr yenicə örtülür, qış tədarükü yada düşürdü. İsti paltarların boğçadan çıxarılıb həyətlərdə, eyvanlarda çırpıldığını, şəritə atıldığını görmək, köhnəlmiş naftalin iyini duymaq olurdu. Dünənəcən sərinlik axtaranlar indi daha kölgədən qaçır, küçənin günəşli tərəfınə keçirdilər. Üzlərə dəyən yüngül küləyin soyuqluğundan, saralmış yarpaqlarəın kəpənək kimi tək-tək yerə enməsindən, gündüzlərin qısalmasından, havaların tutulmasından, arana köçən durna qatarlarının göydən gələn boğuq səsindən, məhsul yığımından, meyvə bolluğundan... məlum idi ki, payızdır.
Payızdır, lakin əsil payız havası müəyyənləşınəmişdir. Bir gündə həm gün çıxır, həm yağış yağır, həm bürkü olur, həm külək!
Xüsusən bu gün axşama yaxın qalxan soyuq külək, sanki yaydan küncdə-bucaqda ilişib qalan hərarəti tamam süpürmək, ağacları kökündən qoparmaq, qapıları yıxmaq, küləşi sovurmaq, gözlənən şiddətli soyuqların yolunu təmizləmək istəyir. Adamlar yaxalarını bərk-bərk bağlayır, boyunluqlanı qaldırır. Çox üşüyənlər boğazlarını paltarın içinə çəkir, papağı xirtdəklərinə keçirir, gözlərini yumur, bellərini əyir, küləkdə üzən kimi, çətinliklə yeriyirlər. Küləyin istiqamətinə tərəf gedənlər isə arxalarını sanki küləyə çevirir, yeyin yeriyir, yarpaq kimi boğanağa düşəcəklərindən qorxurlar. Küləyin ağzına aldığı kağız, ağac parçaları daşa, divara ilişınəyincə dayanmır. Yarpaqlar küçələr boyunca sürünüb gedən boz boğanaq içində xış-xış xışıldayır. Suların üzü örtülür, yuvasından azan quşlar güllə kimi daş-qaya dibinə, divar uçuqlarına düşürlər. Damlardan daranqıltı ilə tənəkə parçası düşür, qum tökülür, pəncərə şüşələri titrəyir, açıq qapılar şaqqıldayır, dəyirman pərləri elə fırlanır ki, görmək olmur. Çəpərlərdən çıxan tikan kolları oynaya-oynaya gəlib yol çuxurlarında bənd alır. Üfüq kəsif bir toz kütləsinə dönür, yer-göy birləşir, heç nə görünmür.
Eşikdə olanlar özlərini evə salmağa səy edirlər. Evdəkilər möhkəm geyinməmiş çıxmaq istəmirlər.
Fatma arvad hələ də təndir başında əlləşir. Obaşdandan qalxıb çirmənmiş, tabağı qabağına qoyub, pud yarım buğda unundan xəmir yoğurmuş, xəmir gələnəcən qaçıb təndiri qalamış, mətbəx boyu süfrə açıb şamama kimi sarımtıl kündələri bir-birinin yanına düzmüş, bişirməyə hazırlaşmışdı.
Səhər gün qalxanda bacısı Məsmə köməyə gəldi. Fatmanı əlixəmirli, qoluçirməkli, başında çalma, əynində önlük, pörtmüş halda qızmar təndir başında oturub kündə yayan, naxışlayan və yapan gördü.
O, Fatmaya həm acıqlanır, həm küsənirdi. Acıqlanırdı ki, o əjdaha kimi işləyir, "yeddi kürdün işini görür" xəstələnə bilər. Küsənməyi də onun üçün idi ki, özündə bu bacarığı, "əl-qol gücünü" görmürdü.
Doğrudur, Məsmənin işi Fatmaya nisbətən yüngül idi, amma Məsmənin canı sağlam deyildi. Özünü bərkə verən kimi kürəklərindən ağrı qopur, damarları gizildəyir, "sümükləri sancırdı". İki gün yorğan-döşəkdə arxası üstə yatmamış, tərləyənəcən çay içməmiş özünə gəlmirdi. Ürəyində deyirdi: "Bu can, bu bazburud, bu davam niyə məndə yoxdur! Bir ananın, bir atanın övladı deyilikmi?
Fatma Məsmənin salamını aldı. İşarə elədi ki, kündələri yaxma yığ.
Məsmənin verdiyi kündələri vərdənə altında yayır, burmacı ilə naxışlayır, yumurta sarısı sürtür, bir çimdik zəyrək səpir, sonra təndirin qızarmış yerini nişan alır, üzünü yana tutub istiyə cumulur, çörəyi yapıb tez qalxırdı.
Təndirin bir tərəfi dolmamış, o biri tərəfdə çörək qızarır, köpürdü. Fatma qırğı kimi özünü təndiri toxuyur, kəhrəba kimi sarı çörəkləri əlində çıxarıb, buğlana-buğlana süfrənin üstünə atırdı. Mesmə də isti çörəyi sahmanlayır, bir-birindən aralı qoyur, soyudurdu; ötüb keçən uşağa, qonum-qonşuya "iyi gələr" deyə kəsib verirdi. Fatma öz qızı üçün, Bakıda oxuyan oğlu və Məsmənin uşaqları üçün ayrıca yağlı fətir kündəsi hazırlamışdı. Xəmirin axır-uxurunda bunları da yapacaq idi. Qəfildən külək qopdu, həyəti tozanaq bürüdü.
– Qanadı qurumuş, bir möhlət vermədi çörəyi yığışdıraq.
Qadınlar tələm-tələsik tabağı, süfrəni, təndiri örtdülər. Hazır çörəyi yığışdırıb içəri apardılar. Məsmə damda kəklikotu sərmişdi, dizini döyüb qaçdı. Fatma tələsdiyindən qalan kündələri sıx-sıx yayıb, təndirin ağzını örtdü. Külfəni qapadı.
Sadıq kişi poçt ilə Bakıya, tələbə oğluna göndərəcəyi bağlamanı sahmanlayırdı. Üzüm yeşiyinə bir balaca bərni bal ilə bişirilmiş halva, bir neçə gülöyşə nar, alma-armud qoymuşdu. Fətirlərə yer düşünürdü. "İsti şeydir, - deyirdi, - bura qoysam yağı çıxar".
Qapıya çıxıb səsləndi:
– Havağa bişəcək, havağa soyuyacaq?
Fatmanın da acığı tuturdu:
– Ondan tez ola bilmərəm ki!
– Poçt bağlanır axı!
– Sabahı yoxdurmu?
Sadıq cavab vermədi. O, nə olursa olsun, bu gün bağlamanı göndərəcək idi, çünki saat xoş idi, evdə xeyir-bərəkət vaxtı, çörək bişən gün idi. Bu, bəlkə Fatmanın yadına düşmürdü; ona görə də Sadığın cidd-cəhdi, təlsməsi onun halına təfavüt eləmirdi. Sadıq bağlamanı yerbəyer eləyib səliqə ilə tikdi. Əlinə alıb ağır-yüngül elədi, o yan-bu yanına diqqətlə baxdı, ürəyində dedi: "Devə belinə atsan, lap dünyanın o başına gedib çıxar".
Kişi öz əlinin qabiliyyətinə fərəhlənən kimi, cəld ayağa qalxıb bağlamanı qoltuğuna vuranda dayandı. Bağlamanı təkrar əlləri arasına aldı. Poçtdakıların rəngbərəng saplara bu tikişə irad tutacağı ürəyindən keçdisə də, elə möhkəm bir bağlamanın rədd olunmayacağını yəqin edib qapıdan çıxdı. Həyəti başına alan tozanağı görəndə Sadıq kişinin ürəyinə yenə şübhələr gəldi. O, həmişə tufan, külək, ya göy gurultusunu öz gündəlik işləri, həyatı ilə bağlar və yozardı. Xüsusən payızın bu zamanında açıq havada həyətdə çörək bişirildiyi halda birdən qopan bu bərk küləyi Sadıq bir xəbər, özü də uğurlu, xoş xəbər əlaməti saydı. "Lənət uğursuza" deyib yollandı. Darvazaya sarı ged-gedə arvadını səslədi:
– Ay uşaq, qıyığı yiyəsinə ver; aralıqda əl-ayağa batar! Mən getdim!
"Bisınillah" deyib, addımını darvazadan, balaca qapıdan eşiyə atanda, əlində çamadanı olan və içəri girmək istəyən adam ilə elə üz-üzə gəldi ki, qara çamadan ilə ağ bağlama bir-birinə toxundu. Sadıq ürəyinə zərbə dəymiş kimi tez:
"Yavaş, yavaş ol!" deyib geri çəkildi.
Gələnin üzünə baxanda yerində dondu, bir an hərəkətsiz qaldı. Sonra üzündə ani bir təbəssüm doğdu və yox oldu. Əlini oğluna tərəf uzatdı. Sual və təəccüblə onun üzünə baxa-baxa dedi:
– Nə əcəb, Vahid? Nə əcəb? Bu vaxt?
Görüş sevinci bir an içində müntəzirliyə çevrildi. Bu gəlişin səbəbini fikrinə gətirə bilməyən ata tez-tez soruşurdu:
– Xeyirdimi, əyə? Tətil-zadmı var? Nə əcəb?
Vahid çamadanı qapı ağzında qoyub, əllərini ovuşdurdu. Atasına dönüb nə isə demək istədi. Bağlamaya baxdı:
– O nədir?
– Sənə göndərirdim, ayın-oyundur, elə bu saat poçta gedirdim!
– Bəs niyə gəldin?
Vahid dinmir, cavab verməkdə çətinlik çəkirdi. Sadıq kişinin ürəyinə gəldi ki, "uşağın qəlbinə dəyərsən, evə gələndən səbəb soruşmazlar!.."
– Bəri gəl! - deyə içəri apardı. - Otursana! Otur, dincini al, yol gəlmisən, otur!
Fatma qolu çirməkli, üst-başı unlu içəri girdi. Oğlunu qucaqlayıb öpəndə, balaca qızı Nəzirə də altdan-yuxarı pişik balası kimi qardaşını marıtlayırdı. Bilmirdi anası kimi qucaqlasın, yoxsa, Vahid kimi dik dayansın. Fatma stola örtük salır, pəncərələri basır, pərdələri qaldırırdı; indi o, elə cəld tərpənirdi ki, deyəsən oğlunun görüşündən qoluna xüsusi qüvvət gəlmişdi.
Fatma eyvanda samovar qoyub çay tədarük edir, Vahid Nəzirəni qolları arasına alıb oynadır, top kimi atıb-tuturdu. Sadıq kişi isə əlini əlinin üstünə qoyub dayanmış oğlunun söhbətini gözləyirdi. Vahidin ona bir cavab verməməsi acığına gəlmişdi. Əvvəlki zamanlar olsa, qulağının dibini qızışdırardı ki: "Sənnən deyiləmmi, niyə cavab vermirsən? Kar-zad deyilsən ki?!". Ancaq indi bu hiss Sadıq kişinin özünə də gülünc gəlirdi. Çünki Vahid daha kirli-pasaxlı kənd uşağı "Çobanbala" deyil, karlı-başlı bir tələbədir; ustidəndir, Bakı kimi yerdə oxuyur, mərifət öyrənir, onunla belə rəftar yaramaz. Bəlkə də Vahid gəlişinin səbəbini qəsdən gizlədir, atasının suallarını qəsdən qulaqardına vururdu. İki yerdə cavab gec gələr: bir əhəmiyyətsiz olanda, bir də lap vacib olanda. Görəsən Vahiddə bunun hansıdır?
Min əzab, min bir ümidlə oğul böyüdüb, uzaq şəhərlərə, ali məktəbə oxumağa göndərən atanın ürəyinə neçə-neçə gümanlar gəlirdi:
"Görəsən, adamdı-işdi, dərsdənmi kəm-kəsiri olub? Əlindən, Allah eləməmiş xatamı çıxıb? Bəlkə işə gəlib, komsomol adamdı, bəlkə göndəriblər elə?"
Sadıq kişi dözə bilmədi. Vahidin qolundan tutub silkələdi:
– De görüm, nəyə gəlmisən? Dərs vaxtı ki, adamı buraxmazlar? Vahid başını aşağı saldı, zəif, məyus bir səslə cavab verdi.
– Nəyə gələcəyəm... Məktəbdən çıxartdılar...
– Necə? Səni məktəbdən çıxartdılar?
– Çıxartdılar, kənar elədilər.
– Neyləmisən, məktəbdən çıxardalar?
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-aciq-kitab-birinci-hisse-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Görməyə gəldik səni biz uzaq ölkələrdən,Aman, ey Qara dəniz! Bu tatlı görkəmlə sən
Şimaldan səsAprelimiz münasibətilə*Məhbəsim əbədiyyətin məzarı kibi qaranlıqdı,
Anamın vəsiyyətiSaralırkən 60 yıllık niyaran gözləri,Həyatdan tok qözlərini yukarı.
MüxbirƏlində qızıldan bir qələmi var,Masaya söykənib hey yazar-pozar.